Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Burada əvvəllər park olub…”

baximsiz-parkBakının saralıb solmuş parkları

Xeberinfo.com:  «Yaxşı ki, üzü payıza gedir, arada yağış yağır. Yoxsa günün altında susuzluqdan yanmış bu ağaclara baxdıqca ürəyim ağrıyardı. Hələ parkları demirəm…»

Telli Məsimova Mərkəzi Univermağın ətrafındakı yarpaqları saralıb bozarmış çinar ağaclarını göstərib «ah» çəkir: «Danışanda deyirlər, «rəhmətliyin qızı, ağac nədir ki, adamlar baxımsızlıqdan məhv olur». Ancaq adam kimi ağac da canlıdır axı…»

Bakıda Telli Məsimovanın ürəyini ağrıdan ağaclar, bütöv parklar az deyil. Baxımsız olsa da, ayaq üstə durmağa çalışırlar. Bu ağaclar, bağlar son vaxtlar Bakıda açılan səliqəli, gözoxşayan yeni parkların, bahalı ağacların fonunda unudulmuş, miskin görünürlər.

Əhmədlidə, Zığ yolu tərəfdə sovet dövründən qalmış, əligöyərçinli qadın heykəlinin yerləşdiyi park var. Heydər Əliyevin adını daşıyan təmtəraqlı parkdan o qədər də uzaqda deyil. Dibi illərdir su görməyən ağaclar buraları kölgələndirsələr də, ətrafda zibil topaları «məskən salıb».

Buranın sakinləri deyir ki, arada ağacları həyətlərdən vedrəylə su daşıyıb suvarıblar:

«Ancaq bu bir-iki vedrə suyla həll olunan problem deyil. Göz görə-görə bu cür park bu vəziyyətə düşüb».

Nərimanov rayonundakı Şəhriyar adına park isə çoxdan restoranların, çayxanaların, başqa tikililərin məkanına çevrilib.

«Vaxtilə bura yaxşı park idi. İndi əsər-əlamət qalmayıb», ərazidə yaşayan təqaüdçü Mirzə kişi deyir. Süni gölü ilə göz oxşayan «Dədə Qorqud Parkı»nın yaxınlığındakı köhnə ağacların dibi isə arabir çəkilən əhəngdən başqa bir şey görmür.

«Luna Park»ı ot basıb

Vaxtilə şəhərdə barmaqla göstərilən Nizami adına park, bir müddət sonra isə «Luna Park»a çevrilmiş bağ suyu sovrulmuş dəyirmana oxşayır. Karusellər, bilet satılan yerlər o qədər kimsəsizdir ki, adamın bir neçə il öncəyədək burda uşaqların əyləncə səsindən qulaq tutulmasına inanmağı gəlmir. Ətrafı kol-kos basıb, ağaclar susuzluqdan saralıb solub. Qapısı açıqdır, ikibir, üçbir qocalar köhnə skamyalarda oturub dərdləşir:

– 77 yaşım var. Hər gün bura gəlirəm. Susuzluqdan cadar-cadar olmuş torpağa, ağaclara baxdıqca ürəyim ağrıyır, elə bilirəm, yaşımın üstünə yaş gəlir. Belə baxımsızlıq olmaz axı. Bura necə gözəl park idi, nə günə qaldı.

– Baxımsızlıqdır, nə deyəsən ki…

Burada park olub…

Elə bu ərazinin yaxınlığında, qarşısında Ağşəhər Bulvarının yerləşdiyi ərazi də nə vaxtsa park idi. Burda da ağaclar boyunlarını büküb yaxınlığındakı zibil qalıqlarına küskün-küskün baxır.

Yeni Günəşlidəki «Ana və uşaq» heykəlinə görə «Ana-bala» parkı adlanan bağ, 2000-ci ildə Yasamalda salınan, eləcə də şəhər ətrafındakı baxımsız durumda olan neçə-neçə park da nə vaxtsa diqqət görəcəklərinə ümid edirlər bəlkə də…

Ağacları öldürürlər…

Ekoloq Telman Zeynalov deyir ki, son vaxtlar yeni parklar, yaşıllıqlar artsa da köhnə parkların durumu ürəkaçan deyil. Ekoloq yay aylarında budanmanın ağacları məhvə apardığını deyir:

«Səlahiyyətli qurumlar parkları dirçəltməli, genişləndirməlidir. Yerli icra hakimiyyətinin nümayəndələri iyun-iyulda ağacları kəsirlər. Əslində məhv eləyirlər. Yayda ağac budamaq o deməkdir ki, sən onları qurudursan, ölümünə şərait yaradırsan. Yaşıllıqlar İdarəsi Bakı şəhər icra hakmiyyətinə tabedir, onlar buna baxmalıdırlar».

Bakı şəhər icra hakimiyyətinin təsərrüfat şöbəsi isə iradları qəbul etmir.Şöbənin müdiri Xalid Ələkbərov deyir ki, onlarda məhv olmuş yaşıllıqlarla bağlı faktlar yoxdur:

«Bizdə belə faktlar yoxdur. Necə olur ki, bütün xaricilər bizim şəhərdən «bəh-bəh»lə gedir, özümüzünkülər irad tapırlar. «Luna Park» «Ağşəhər»in ərazisindədir. Orda yeni şəhər, o cür evlər tikilir. Park da onunla paralel gedir. Hamısı bərpa olunacaq».

Köhnə bakılı Telli Məsimova isə saralıb bozarmış xan çinarlara görə narahatdır:«Görəsən, bu gedişlə gələn yaya çıxa biləcəklər?» (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam