Şəkər sənayesinin “şirin yalanları”
Xeberinfo.com: “The İndependent” yazır ki, qüdrətli şəkər sənayesi şəkərin sağlamlığa ziyanını ört-basdır etdirmək üçün alimlərə böyük məbləğlərdə pul ödəyiblər.
Məqalədə deyilir ki, şəkər sənayesi şəkərin ürək xəstəliklərinin yaranmasındakı rolunu yumşaldan və əksinə əsas təqsirkarın piy olmasını isbat edən bir sıra elmi araşdırmaların sponsorluğunu edib.
Bu sirrin üstü San Francisco Universitetinin şəkər lobbisinə dair araşdırmaları zamanı açılıb.
JAMA Internal Medicine jurnalında dərc olunmuş məqalədə söhbət şəkər lobbisinin tarixindən gedir.
“The İndependent” yazır ki, şəkərin ürək xəstəliklərinin yaranmasındakı roluna dair ilk elmi işlər 1950-ci illrədən peyda olmağa başlamışdı. Hazırda bu yanaşma öz təsdiqini ən möhkəm şəkildə tapıb.
Buna baxmayaraq, indi məlum olur ki, şəkər sənayesi, 1950-60-cı illərdə Harvard Universiteti alimlərinin ürək xəstəliyinin əsas səbəbinin piy olduğunu isbat edən elmi araşdırmalarına sponsorluq edib.
Məqalədə deyilir ki, məhz buna görə də Qərbdə uzun illər xəstəliklərə şəkər yox, məhz piy və xolesterolun əsas səbəb olduğuna inanılıb.
Məsələn 1965-ci ildə Şəkər Assosiasiyasının maliyyələşdirdiyi araşdırmanın nəticələrində deyilirdi ki, ürək xəstəliklərinin qarşısını almaq üçün qəbul olunan şəkəri yox, xolesterolu azaltmaq lazımdır.
Arxiv sənədlərində bu araşdırma üçün şəkər sənayesi tərəfindən 50 min dollar ödəndiyi görünür.
San Francisco Universitetinin araşdırmaçıları bildiriblər ki, belə “elmi işlərin” dərc olunduğu jurnal və məcmuələrdə sponsorların adları bir qayda olaraq göstərilmirdi.
Aparıcı araşdırmaçı Cristin Kearns deyib ki, belə elmi işlər nəinki ictimaiyyəti çaşdırır, hətta alimlər icmasını da təsirləndirirdi.
Tədqiqatı aparanlar şəkər lobbisi ilə Roger Adams və Mark Hegsted adlı iki alim arasında 340 məktubun məzmunu ilə tanış olublar.
Təəccüblü deyil
“The İndependent” yazır ki, təkcə ötən il Şəkər Araşdırmaları Fondu şəkərin dişlərin xarab olmasındakı rolunu azaltmağa cəhd göstərib.
Məqalədə deyilir ki, nəhəng ərzaq şirkətlərinin elmi araşdrımaların nəticələrinə təsiri bu yaxınlarda şirniyyat şirkətlərinin və Coca-Cola şirkətinin təftişi zamanı da aşkar olub.
Bu araşdırma layihəsində iştirak etməyən New York alimi Marion Nestle JAMA Internal Medicine jurnalındakı məqalədə aşkar edilmiş faktları “çox ciddi” adlandırıb.
Alim deyib ki, sözü gedən təhqiqat şəkər ticarəti ilə məşğul olan sənayeçilərin nəinki elmi araşdırmaları maliyyələşdirməsini, hətta onların nəticələrini sifariş etdiyini göstərib.
Bu nəticələrə görə bir qayda olaraq şəkər istehlakının ürək-damar xəstəliklərinin yaranmasındakı rolu az qala inkar edilirdi.
Action on Sugar antişəkər kampaniyasının rəhbəri professor Graham MacGregor “The İndependent” qəzetinə deyib ki, nəticələr onu təəccübləndirməyib.
“İstənilən ərzaq sənayesi alimləri ələ almaq üçün pul ödəməyə hazırdır” – deyib alim.
Lakin o bunu da əlavə edib ki, şəkərin aşırı qəbulu ürək xəstəliklərindən daha çox diabet xəstəliyinin yaranmasına təsir edir.
“The İndependent” yazır ki, Amerika şəkər sənayesi tərəfindən 1943-cü ildə yaradılmış lobbi qrupu öz fəaliyyətində daha şəffaf davranmalı olduğunu etiraf edib.
Bununla belə lobbiçilər “60 il əvvəl baş vermis hadisələrə görə” məsuliyyəti qəbul etməyin çətin olduğunu söyləyiblər.