61,3 milyon manatın aqibətini üç qurum belə “həll edib”
Təhsil, səhiyyə, sosial müdafiədə korrupsiya rəsmi etiraf olundu
Xeberinfo.com: Hesablama Palatası 3 döbvlət qurumunda xərclənən 61 286 800 manatın necə xərcləndiyini yoxlayıb. Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilən auditin nəticələri ciddi maliyyə pozuntuları ortaya çıxarıb. Auditin əhatə etdiyi illərdə xəstəxanada 14 150 000 manat xərclənib. Səhiyyə Nazirliyinin rəsmi hesabatına əsasən 2015-ci ildə respublika üzrə hər on min nəfər əhalinin həkimlərlə təminatı 27 nəfər, çarpayılarla təminatı isə 39,6 ədəd olduğu halda bu göstəricilər Cəlilabad rayonu üzrə müvafiq olaraq 15 nəfər və 17 ədəd təşkil edib.
Cəlilabad Xəstəxanasında xəstə sayı “şişirdilib”
Xəstəxana tərəfindən büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib, bir çox xərc maddələri üzrə müvafiq hesablamalar aparılmayıb, xərclərin icrası zamanı təyinat dəyişikliyinə yol verilib. Zərurət olmadan inventar alınması və əvvəlki illərdə alınmış inventarların uzun müddət istifadəsiz saxlanılması səbəbindən səmərəsiz xərcə yola verilib. Nazirlər Kabinetinin “Təhsil ocaqlarında, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” müvafiq qərarının tələblərinə uyğun hesablamalar aparılmayaraq bir çarpayı gününə ərzaq xərci 1 manat dəyərində proqnozlaşdırılıb, lakin faktiki icra olunmuş bir çarpayı gününə sərf olunan ərzaq xərci 2013-2015-ci illərdə 2,4 manat, 2016-cı ilin I-ci rübündə 2,7 manat olub, nəticədə çarpayı günləri ərzaqla tam təmin edilməyib. Bir çarpayı gününə sərf olunmuş dərman və ərzaq xərclərinin göstəriciləri illər və tibb müəssisələri üzrə fərqli olub, xəstə sayının çox yazılması nəticəsində artıq ərzaq xərcinə yol verilib. Ehtimal olunan qiymətin satın alınacaq mallara cəm şəkildə təyin edilməsi mal-materialların orta bazar qiymətlərindən baha alınmasına səbəb olub, bəzi hallarda nəzərdə tutulan vəsait ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodu dəyişdirilib. Təmir-tikinti işlərində beş obyekt üzrə işlərin tam yerinə yetirilmədiyi müəyyən edilib.
İmişli Təhsil Şöbəsi mövcud olmayan “işçilər”ə məvacib verib
İmişli rayon Təhsil Şöbəsində həyata keçirilmiş auditdə xeyli maliyyə pozuntuları ortaya çıxıb. Audit ümumilikdə 28 714 800 manatı əhatə edib. Təhsilin keyfiyyət göstəricilərinin təhlili nəticəsində attestat alanların yalnız 40,9%-nin qəbul imtahanlarında iştirak etmək üçün müraciət etdiyi, onlardan da 46,2%-nin tələbə adını qazandığı, rayon abituriyentlərinin müxtəlif fənlər üzrə göstəricilərinin respublikanın orta göstəricilərindən aşağı olduğu müəyyən edilib. Müəyyən olunub ki, lazımı avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə görə, kompüterlərə xidmət üçün laborant ştatlarının fəaliyyət göstərməsinə baxmayaraq informatika fənnini tədris edən müəllimlərə kompüterlərə xidmət üçün, normadan artıq saxlanılmış tədris kabinetinə rəhbərliyə görə, şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi və dərslərin normadan artıq tarifləndirilməsi səbəbindən Şöbə tərəfindən artıq əmək haqqı ödənilib. Əvəz edilməmiş, lakin əvəz edilməsi rəsmiləşdirilmiş dərs saatlarına görə, həmçinin əvəzetmə zamanı əvəz edən müəllimlərə düzgün olmayaraq dərnək, uşaq birliyi təşkilatı, sinif və kabinet rəhbərlikləri üzrə vəzifələrin əvəz olunmasına görə də əlavə haqq müəyyənləşdirilərək ödənildiyi ortaya çıxıb. Az kontingentli ibtidai siniflərin komplektləşdirilməsi zamanı artıq və paralel siniflər yaradılıb, nəticədə artıq büdcə vəsaiti icra edilib. Şöbə tərəfindən artıq hesablanmış iş günləri üçün əmək haqqı ödənilib, gənc mütəxəssislərə artıq əmək haqqı və kompensasiya ödənilib.
Bir sıra hallarda vəsaitin satınalma metodlarından istifadə edilmədən xərcləndiyi, alınan malların faktiki alış qiymətlərinin yekun protokolda təsdiq edilimiş qiymətdən yüksək olması, həmçinin malların, iş və xidmətlərin alış qiymətinin orta bazar qiymətlərindən əhəmiyyətli dərəcədə fərqlənməsi nəticəsində artıq xərcə yol verildiyi müəyyən olunub. Əsaslı təmir işlərinin ehtimal olunan dəyərinin düzgünlüyü müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməyib, əvəzsiz qaydada verilmiş mallar uçota alınmayıb, istismara verilən 2 məktəb binası balansa götürülsə də, təhvil-təslim aktı ilə məktəblərə verilmiş inventar və avadanlıqlar balansa götürülməyib, əsaslı təmir xərci, cari təmir xərcinin müəyyən edilmiş həddən artıq olan məbləği binaların balans dəyərinə əlavə olunmayıb, bir neçə halda məktəb binalarına artıq amortizasiya hesablanaraq binaların balans dəyəri azaldılıb.
Yevlax ƏSMM-də bilərəkdən artıq ödəmələrə yol verilib
Yevlax şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində həyata keçirilmiş audit bütövlükdə 18 422 000 manatı əhatə edib. Ailə üzvünə görə ödənilən sosial müavinətin, əmək pensiyasının məbləğinin, əmək haqqının, digər gəlirlərin, ailənin mülkiyyətində olan torpaq sahəsindən, yardımçı təsərrüfatından əldə olunan gəlirlərin ailənin ümumi gəlirinə daxil edilməməsi, ailə tərkibində dəyişikliyin nəzərə alınmaması və düzgün olmayan məlumatın verilməsi, ilənin istifadəsində avtomobilin olmasının tam araşdırılmaması, ÜSY alan ailələrə birdəfəlik yardımın ödənilməsi şərtlərinə tam əməl olunmaması səbəbindən artıq ödəmə aşkar olunub. Təyin edilmiş yardımı 3 aydan artıq müddətdə almayan ailələrə təyin edilən vəsaitin dövlət büdcəsinə qaytarılması üçün tədbir görülməyib. Sosial müavinətlər və təqaüdlər üzrə işlərin vaxtında dayandırılmaması, müxtəlif səbəblərdən dayandırılmış işlər üzrə qeydiyyat və uçotun düzgün aparılmaması, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, ailə başçısını itirməyə görə sosial müavinətin əmək pensiyası almaq hüququ olan şəxslərə təyin edilməsi, əlilliyə görə sosial müavinətin məbləğinin düzgün müəyyən olunmaması, müavinət məbləğinin təkrar ödənilməsi, sosial müavinətin təyin olunması müddətinin və ödənilən məbləğin düzgün müəyyən edilməməsi səbəbindən artıq ödəmələrə yol verilib. (Bizimyol.info)