“17 ildir ki, bizi futbol topu kimi oynadırlar” - “Göyçay Avtonəqliyyat” ASC-dən şikayət (VİDEO)
“Şəxsi vəsaitimiz hesabına və Göyçay Rayon İcra Hakimiyyətinin icazəsi ilə tikdiyimiz qanuni çörəkbişirmə sexini “Göyçay Avtonəqliyyat” ASC-nin sədri Arif Əliyev mənimsəmək istəyir. Hətta sexi reyestr xidməti sxemində gizlədib və ərazi boş yer kimi göstərilir. İş o yerə gəlib çatıb ki, “Göyçay Avtonəqliyyat” ASC-nin sədrinin qanunsuz əməlləri ilə bağlı ölkə Prezidentinə teleqram vuraraq qəbuluna düşmək üçün müraciət etmişəm. Tək istəyim odur ki, dövlət orqanları bu problemi ciddiyə alsınlar və ədalət bərpa olunsun”.
Xeberinfo.com: Bunu virtualaz.org saytının redaksiyasına şikayətə gəlmiş Göyçay sakini Rüstəm İsmayılov deyir.
Onun sözlərinə görə, iyun ayının 8-də bir neçə nəfər yaxın qohumu ilə birlikdə ailəsinə məxsus sexdə təmizlik işləri aparmaq istəsə də, A. Əliyev ona mane olub və sexin arxa divarını söküb. Bununla bağlı DİN-in “102” xidmətinə zəng etsə də, həmin şəxslə bağlı tədbir görən olmayıb: “Ailəm 22 il əvvəl Göyçay Rayon İcra Hakimiyyətinin imzaladığı müddətsiz müqavilə əsasında aldığı və şəxsi vəsaiti hesabına tikdiyi çörəkbişirmə sexindən istifadə edə bilmir. 1999-cu ildə Arif Əliyev vəzifəyə gələndən sonra sexi əlimizdən alıb. Bütün məhkəmələr, o cümlədən Şəki və Göyçay Rayon Apellyasiya məhkəmələri bizim xeyrimizə qərar çıxarıb. Müəyyən olunub ki, A. Əliyevin təqdim etdiyi “kupça” qeyri-qanunidir. Ailəm bu problemlə o qədər yükləndi ki, atamın və qardaşım oğlunun bağrı çartlayaraq öldü. Hazırda anam buna görə xəstəliyə düşüb. Prezidentə, Heydər Əliyef Fondunun sədri Mehriban Əliyevaya, ombudsman Elmira Süleymanovaya, BMT-nin baş katibi Pan Gi Muna, dünya insan haqları təşkilatlarına müraciət etmişik”.
R. İsmayılovun sözlərinə görə, A. Əliyev məhkəmə qərarlarını, prezidentin fərman və sərəncamlarını tanımır, qanunları pozur və heç kimi saymır: “Arif Əliyevin qudası rayon mərkəzində 3 bazarın ortasında benzindoldurma məntəqəsi açıb. Məndə olan məlumata görə, Arif Əliyev qanunsuz əməllərini icra edərkən çox hörmətli nazirlərdən birinin adından istifadə edir”.
R. İsmayılov bildirir ki, prokurorluq və məhkəmə onun şikayətini araşdırmaq əvəzinə bir-birinin üzərinə atır: “Aprel ayının 12-də Göyçay Rayon Prokurorluğuna şikayət etdim. Cinayət Məcəlləsinin 308, 313, 314-cü maddələri ilə cinayət işinin açılmasını istədim. Amma prokuror əvvəlcə şifahi, sonra yazılı şəkildə bildirdi ki, məhkəməyə müraciət etməliyəm. Bir gün sonra, aprelin 13-də eyni iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etdim. Oradan da bildirdilər ki, prokurorliğa şikayət etməliyəm. Belə çıxır ki, ya prokurorluq, ya da məhkəmə yalan deyir. Bu da ortada korrupsiya halından xəbər verir. 17 ildir ki, bizi futbol topu kimi oynadırlar”.
Şikayətçinin sözlərinə görə, A. Əliyev təkcə onun deyil, daha neçə nəfərin də qanuni əmlakını mənimsəyib. Onlardan biri də yəhudi əsilli azərbaycanlı Valeriy İsakovdur. Onun da sexi əlindən alınıb, sökülüb və səhmləri mənimsənilib. Dövlətdən bu məsələdə kömək istədiyini deyən şikayətçinin sözlərinə görə, əgər problem həllini tapmasa, yeganə çıxış yolu ailəsi ilə birlikdə vətəndaşlıqdan imtinadır: “Arif Əliyevin qanunsuz əməllərinə qarşı tədbir görülməlidir. Biz artıq son nöqtəyə gəlib çıxmışıq. Vətəndaşlıqdan imtina son addımımız olacaq”.