Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Millət vəkilinin sensasion biznes gizlinləri

 

Millət vəkillərinin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olması birmənalı şəkildə qadağandır.

Xeberinfo.com:  Ölkə Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.

 

Buna baxmayaraq, Milli Məclisdə mandat sahibi olan deputatların bir qismi bizneslə məşğul olur. Onların biznesi haqda Milli Məclis rəhbərliyi məlumatlı olsa da, qanun səviyyəsində heç bir tədbir görülmür və hansısa səbəblərə görə biznesmen deputatlara güzəşt olunur. Yəni ölkə təcrübəsində bu vaxtadək bizneslə məşğul olan deputatın mandatının əlindən alındığını görməmişik. Məhz bundan arxayın düşən bəzi millət vəkilləri sahibi olduqları biznes şəbəkəsini daha da genişləndirirlər. Parlamentin biznesmen deputatlarından biri də son parlament seçkilərində 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən mandat sahibi olmuş Vəliyev Ağalar İsrəfil oğludur. Bu yazımızda cumhuriyyet.az olaraq Ağalar Vəliyevin özü və biznesi ilə bağlı media üzərindən geniş araşdırma apardıq.
 

Məşhur bir kadrın pərdəarxası və “Alabala”
 

Mayın 19-da Bakıda çoxmərtəbəli binada baş verən yanğın insan tələfatı ilə bitdi. Cavabdeh qurumlar yanğına səbəbin binanın üzlənməsi üçün istifadə edilən penoplast üzlüklərin olması ilə əsaslandırdılar. Bundan sonra Bakıda təhlükə yaranmaması üçün penoplastla üzlənmiş binaların üzlüklərini sökməyə başladılar. Eyni zamanda yanmış olan Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında da bərpa işləri başladı. Bərpa işləri ilə bağlı tender keçirilmədi və ilkin dövrdə bərpanın kimə tapşırılması gizli saxlanıldı. Baş nazirin müavini Abid Şərifov jurnalistin yanan binadakı təmir işlərinin sifariş edildiyi şirkətin adı ilə bağlı sualına “Səə nə var, Alabala” deyərək, həm dövlət qulluqçusu statusunu, həm də jurnalisti təhqir elədi. Sonradan yanan binanın hansı şirkətə verilməsi məsələsi mətbuata aydın oldu, amma həmin “Alabala” deyilən günü təmirin tapşırıldığı şirkətin rəhbərinin elə Abid Şərifovun arxasında durması nüansını jurnalsitlər  nəzərdən qaçırdı.

Bəli, Binəqədi rayonunda yanan binanın təmiri “Azəraqrartikinti” ASC-yə həvalə olundu. ASC-nin rəhbəri, Milli Məclisin deputatı Ağalar Vəliyevdir. O, 1996-cı il, iyunun 19-da eks-prezident Heydər Əliyev tərəfindən “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsinə təyin olunub. 1998-ci ildən isə Ağalar Vəliyev həmin şirkətin bazasında yaradılmış “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsində çalışır. Bir dövlət müəssisəsinin özəlləşdirilməsi və yumşaq desək, “əldən çıxarılması”onun vasitəsilə həyata keçirilir.
 

Deputat və biznesi haqda qısa arayış
 

Vəliyev Ağalar İsrəfil oğlu 1957-ci il iyulun 23-də Yevlax şəhərində anadan olmuşdur. 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir. Əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax dəmir beton məmulatları zavodunda fəhləlikdən başlamışdır. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor, 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Dəmir Beton zavodunun direktoru, 1991-ci ildən Körpü tikinti kombinatının baş direktoru, 1993-cü ildən isə 2 saylı “Yoltəmirtikinti” trestinin rəisi, 1996-1998-ci illərdə isə “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışmışdır. 1998-ci ildən “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə”Əməkdar mühəndisi” fəxri adına layiq görülmüş, 2012-ci ildə isə “Şöhrət” ordeni ilə təltil edilmişdir. Ailəlidir, bir oğlu var.”Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti artıq 50 ildən çoxdur ki, fəaliyyət göstərirdi və bu qurum 1961-ci ildə qeyri-dövlət mülkiyyəti əsasında yaradılmış “Başkolxozlararasıtikinti” İdarəsinin hüquqi varisi idi. Sonradan onun tərkibinə müxtəlif dövlət təşkilatları verilməklə adı bir neçə dəfə dəyişdirilərək, “Başkolxozsovxoztikinti” İdarəsi, “Azəraqrarsənayetikinti” Birliyi, “Azəraqrartikinti” İstehsalat Birliyi, “Azəraqrartikinti” Dövlət Şirkəti adlandırılıb.
Azərbaycan Respublikası Prezidentinin “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi haqqında” 1997-ci il 2 dekabr tarixli 646 saylı Fərmanı ilə “Azəraqrartikinti” Dövlət Şirkəti ləğv edilərkən şirkətin qeyri-dövlət mülkiyyətinə məxsus əmlakının bazasında “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti yaradılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 11 mart 1998-ci il tarixdə 1 saylı şəhadətnamə ilə qeydiyyata alınıb. Cəmiyyətin bütün mülkiyyəti Ağalar Vəliyevə “hədiyyə” edilib.
Öyrəndik ki, Azəraqrartikintinin səhmlərinin bölgüsü qapalı aparılıb və kollektiv arasında səhmlər bölünüb. Hər işçinin nominal dəyəri 20 manat olmaqla 130 ədəd səhmi olub, Səhmdarların sayı məlum deyil. Amma indiyədək təxminən 200 dəfə əqd bağlanıb (səhmlərin alqı satqısı ilə bağlı). Son aylar isə müəssənin səhmləri bazarda sürətlə yığılır, 2600 manat qiyməti olan səhmlər üçün deyilənə görə işçilərə 300 manat pul verib alırlar.
Əslində “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Ağalar Vəliyevə səhmlərin neçə faizinin məxsus olması ilə bağlı konkret informasiya əldə edə bilmədik. Çünki Səhmdar Cəmiyyət illik hesabatını nə saytında, nə Kütləvi İnformasiya Vasitələrində açıqlamır, hesabatlarının şəffaflığını təmin etmir.

 

40 filial və başqa özəl şirkətlər
 

“Azəraqrartikinti” ASC özəlləşərkən tabeliyindi bir çox rayon filialı da var idi. Bəziləri isə özəlləşmə həyata keçirildikdən sonra yaradıldı və anında tam gücüylə fəaliyyətə başladı. Bir sözlə, “Azəraqrartikinti” ASC 40 filial və qız şirkətlə özəlləşdirildiyi ildən dövlət tenderleri almağa başladı.

 

“Azəraqrartikinti” ASC-nin eyni zamanda qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 93  ünvanda daha iki şirkət də qeydiyyatdadı. Bunlardan biri Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin adına qeydiyyatdan keçmiş “PZ Servis” MMC, ikincisi, qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunmuş “Azital İnşaat” MMC.

 

 

Deputatın müəssisəsinin rayon filiallarının rəhbərlərinin də adına olan şirkətlər var. Bunlar:

  • “Azəraqrartikinti”nin Saatlı filialının rəhbəri Bəybala Əkbərov həm də “Muğan LTD” MMC-nin təsisçisidir.
  • “Azəraqrartikinti”nin Neftçala filialının rəhbəri İmanqulu Əliyev eyni zamanda “Bərpaçı Dizayner” MMC nin rəhbəridir.
  • “Azəraqrartikinti”nin Bakı 3 sayı filalının rəhbəri Sabir Qaragözov daha 2 şirkətin təsisçisidir; “Qaragözova” MMC və “Tərəqqi-2008″MMC.
  • “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Şəki yerli tikinti materiallari istehsali filialinın rəhbəri Nəsib Növbərov həm də “Şəki şirkəti” adlı başqa bir müəssisənin də təsisçisidir.

Belə hörümçək toru kimi…

 

“Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti həmçinin bir sıra layihələrin icrasını aşağıdakı şirkətlərlə müştərək şirkətlər quraraq həyata keçirib: İtaliyanın “Eleca”, “İmpronta”, Fransanın OTV şirkəti, Türkiyənin “Metabronz”, “Turan Xəzinədarlığı”, PİM PROJE, “ŞUKO”, “QRANİTAS” şirkətləri, Rusiyanın “Foton” firması ilə, Almaniyanın “Rayzinq”, PERİ, “VİRTGEN” şirkətləri…

Yəqin ki, bunlar hamısı deyil. Amma Azərbaycan hökuməti şəffaflıq və demokratiya prinsiplərinə zidd gedərək, məmurların və AR Konstitusiyasına əsasən bizneslə məşğul olması qadağan olunmuş şəxslərin əməllərini ört-basdır etmək məqsədilə Vergilər Nazirliyinin bazasını bağladığı üçün daha geniş məlumatlar əldə edə bilmirik.  Halbuki  birbaşa və ya ona məxsus törəmə, eləcə də asılı təsərrüfat cəmiyyətləri ilə birlikdə ümumi bazarda payı 35 faizdən çox olan təsərrüfat subyektləri bazarda hökmran mövqe tutan sayılırlar. Dövlətdən aldığı lisenziyalar, sifarişlər, idxal kvotaları vasitəsi ilə bazara əhəmiyyətli təsir göstərə bilən təsərrüfat subyektləri də inhisarçı hesab edilirlər. Belə şirkətlərin mallarının və xidmətlərinin təklif edilməsi şərtlərinə, onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid bilgilər şəffaf olmalıdır. Azərbaycan Dövlət Neft Fondu, Əhalinin Sosial Müdafiəsi Fondu və s. kimi tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, eyni zamanda “Azərsutikinti”, “Azəraqrartikinti”, “Kapitalbank”, Azərbaycan Beynəlxalq Bankı, “Azərsığorta” və s. kimi dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair bilgiləri hər kəsin əli çatacağı veb-resurslara yerləşdirməlidirlər.

Milyonlarla manat dəyərində tenderlər

“Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin tenderlərinin hamısını müəyyənləşdirmək təəssüf ki, bizə müəssər olmadı. Biz sizin üçün 1998-ci ildən 2014 cü ilə qədər “Azəraqrartikinti”nin aldığı tenderlərin bir hissəsini müəyyən etdik və bir neçə dövlət qurumunun saytından müəyyənləşdirə bildiyimiz fərqli vaxtlarda aldığı tenderlərin siyahısını təqdim edirik. Dövlət qurumlarının saytlarında tenderlərin hamsının məbləği göstərilməsə də, göstərilən rəqəmlər artıq milyonlardan xəbər verir.  1998-ci ildən bu günə kimi müəssisə tərəfindən Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası ədliyyə, müdafiə, mədəniyyət və turizm, səhiyyə, təhsil nazirliklərinin, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının, Baş Prokurorluğun  və digər sifarişçilərin xətti ilə xeyli sayda müqavilə icra olunaraq başa çatdırılıb, yaxud icra olunmaqdadır.

Bu sahədə araşdırmalar göstərdi ki, tender.gov.az saytı verilən tenderlərin heç 50%-ni də əhatə eləmir. Sifarişini müəyyən elədiyimiz tenderlərin bəziləri üçün ayrılan məbəği müəyyənləşdirmək imkansız idi. Aşağıdakı 2 cədvəldə 1998-ci ildən 2014-cü ilə qədər adı çəkilən şirkətə verilən tenderlərdən müəyyənləşdirdiklərimizi əks etdirmişik. Bunların birində məbləği müəyyən olunan tenderlər, digərində məbləği müəyyən olunmayan tenderlər əks olunub. Sadəcə məbləğini müəyyən etdiyimiz tenderlərin ümumi həcmi 85 milyon 634 min 637 manat edir. Bunlara AZƏRAQRARTIKINTIyə verilməsi fakti müəyyən olunan amma ayrılan maliyyəsi müəyyən olunmayan tenderləri və ümumiyyətlə bizim üçün də əlçatmaz olan sifarişləri nəzərə alsaq, həmçinin bu sifarişlərin əksəriyyətinin rəsmi qurumlar tərəfindən verilməsinə diqqət etsək bu şirkətə göstərilən “əlahiddə” münasibət maraq doğurmaya bilmir.

 

Cədvəldə əgər eyni iş müxtəlif illərdə bir necə dəfə sifariş olunubsa qarşısında tarix qoymuşuq. Çünki belə hallar dəfələrlə təkrar olunur. Məsələn, Hökümət Evinin inzibati bərpası zamanı 7 ci mərtəbə iki il ard-arda təmirə verilib. Ya da mümkündür ki, təmir bitməyib, iki il davamlı pul ayrılıb.

 

Leyla Əliyeva və Pərvin Zeynalovun 2011-ci ildə “Neft tenderləri: Aysberqin görünməyən tərəfləri” başlığı ilə dərc olunmuş araşdırmasında isə “Azəraqrartikinti”nin bu tenderlərdə iştirakı ilə bağlı aşağıdakı məlumat var:

“Rəsmi mətbuatda tender elanı belə verilməyib. Layihələr isə 20-30 pоdratçıya yüklənib. Konkret, qəsəbələrdə “Azəraqrartikinti” SC-yə məхsus 4 müəssisə – “Füzuli” ATF, “Bərdə” ATF, “Ağcabədi” ATF, “Gəncə” Yоl Tikinti Firması, “Azəri Servis” LTD, “Şəms-95”, “Alıbəyli”, “İnşaatçı”, “MIH” LTD, “Imişli” Yоl Tikinti, “Azərisutəchizattikinti” SC, “Şəki-62”, “Bakıelektrikşəbəkətikinti” ASC, “Azərikəndtikinti” ASC, “Elnur-2” MMC, «Meliоratоr Tikinti və Quraşdırma» Məhdud Məsuliyyətli Cəmiyyəti, ARTIM Məhdud Məsuliyyətli Cəmiyyət, türk və azərbaycanlı iş adamlarının birgə müəssisəsi оlan “IMAY” şirkətləri işləyib. Sənədlərə əsaslansaq, qəsəbələrin salınmasında ən çox iş “Azəraqrartikinti” SC-dədir – evlərin tikintisində 29%, sosial obyektlərdə isə 42% işi Səhmdar Cəmiyyətin nəzdində olan müəssisələr görüb. SC işləri həmin müəssisələrə məhz subpоdratçı təşkilatlar kimi həvalə edib. Əslində müəssisələr birbaşa şirkətin özünə məхsusdursa, оnlar işi subpоdratçı kimi görməməlidilər”.

Qeyd edək ki, əldə edə bildiyimiz tender məlumatlarında göstərilən məbləğlər 90 milyon manatdan yuxarıdır. Sadəcə göstərilən rəqəmlər…

Təltifli şirkət

“Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri və Milli Məclisin deputatı Ağalar Vəliyev Prezidentin Fərmanı ilə 2010-cu ildə “Əməkdar mühəndis” fəxri adına, 2012-ci ildə isə “Şöhrət” ordeninə layiq görülüb.

Eyni zamanda,  “Azəraqrartikinti” ASC yol-körpütikinti firmasinın rəhbəri  Maqsud Əvəz oğlu Gülməmmədov 2012-ci ildə,  “Aqrartikinti”nin Sabirabad filialinın rəhbəri Vaqif Əlövsət oğlu Məmmədov 2012-ci ildə,  “Aqrartikinti”nin Baki 1 sayli filialının rəhbəri Xudayar Hənifə oğlu Rəhimov 2010-cu ildə, müəssisənin Füzuli ixtisasquraşdirma filialının rəhbəri Nazim Qaçay oğlu Şükürov 2014-cü ildə, “Azəraqrartikinti”nin Baki tikinti mexanikləşdirmə filialının rəhbəri İbrahim Qənbər oğlu Muxtarzadə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanilə “Tərəqqi” medalı ilə təltif olunublar.

 

Dəniz kənarında çoxqübbəli villa

 

A.Bayramov ilə bağlı cummuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı daha bir maraqlı fakta rast gəldik. Belə ki, Ağalar müəllimin bir villasının görüntüləri da yayılıb. Həqiqətən də, Bakının Novxanı kəndi ərazisində ucaldılmış, gozəllikdə tayı-bərabəri olmayan bu çoxqübbəli villanin dəyəri milyonlarla ölçülür. Ümid və inamla ehtimal etmək olar ki, Ağalar Vəliyevin bu sənət əsəri büdcə vəsaitləri hesabına başa gəlməyib. Qeyd edək ki, bu bənzərsiz layihənin özəlliklərindən biri kimi villadan dənizə yeraltı tunel cəkilməsi ehtimalını söyləmişdik. Deyilənə gorə, millət vəkilinin dəniz sahilində yeraltı akvarium yaratmaq istəyi onun uşaqlıq arzusu olub. Bəzi məlumatlara görə, akvariumda yerləşdirmək üçün dünya okeanında balina və delfin axtarışları gedir. Əldə etdiyimiz bu ilginc informasiya öz-özlüyündə ona görə maraq doğurur ki, “Azəraqrartikinti” ASC son bir neçə ildə büdcə vəsaitləri hesabına daha çox təmir-tikinti işləri aparan təşkilatlardan biri kimi ölkənin ən iri vergi ödəyiciləri sırasında yer alır. Ağalar Vəliyevin ortaqlıq etdiyi tikinti şirkətlərindən bəziləri ilə hesablaşmaqdan imtina etdiyi barədə gəzən söz-söhbətləri də nəzərə alsaq, hörmətli millət vəkilinin çoxqübbəli villasının tikintisinə hansı mənbələrdən vəsait əldə etməsi barədə müəyyən qənaətə gəlmək olar. Milli Məclisə ara-sıra şok hesabatları ilə gundəmdən düşməyən Hasablama Palatası deputat Ağalar Vəliyevin prezident sarayı ilə müqayisə edilə biləcək çoxmilyonluq mülkününün nəyin hesabına başa gəldiyini aşkarlaya biləcəkmi? 

 

“Mənim bütün biznesim qanunidir”

 

Jurnalistlərin “millət vəkilləri özəl sahibkarlıqla məşğul ola bilməz” replikasına cavab verən Ağalar Vəliyev deyib: “Fəaliyyətim tam qanunidir, qanunsuz heç bir şey yoxdur. Mən Səhmdar Cəmiyyətin təsisçisiyəm. Ora özəl qurumdur. Mən rəhbər yox, təsisçiyəm, oranın icraçı direktoru var, biznes sahəsi ilə məşğul olan adam var, mən sadəcə millət vəkilliyimlə məşğulam”. Ağalar Vəliyevə və onu bu statusa gətirənlərə həmin qanunu bur daha xatırladırıq. Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin II hissəsi:

II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

“…elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər… Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.”

Ardı var(tia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam