Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovun iş adamına qarşı addımlar səngimir - Şahin Bağırovun gedişinə Ramazanov zəmin yaradır?

17 mart 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Beyləqanda vətəndaş qəbulu keçirib. Görüşdə iştirak edənlər arasında Bakı Baş Gömrük İdarəsinin (BBGİ) fəaliyyəti ilə bağlı şikayət edən iş adamı Ramil Aslanov da olub. O, BBGİ-nin rəisi Elmir Ramazanovun qanunsuz tələblər irəli sürdüyünü, süründürməçilik və nizamsızlığa yol verdiyini bildirib.
Yenixeber.org: Ramil Aslanov qeyd edib ki, bu problemlər onun işinə ciddi maneələr yaradır və bu səbəbdən o, Şahin Bağırovun qəbuluna qatılmaq üçün 300 km məsafə qət edib. Görüş zamanı o, Bakı Baş Gömrük İdarəsində qarşılaşdığı çətinlikləri, qanunsuz tələbləri və haqsız qərarları detallı şəkildə izah edib.
Şikayətlər fonunda DGK Bakı Baş Gömrük İdarəsinə 11 nəfərdən ibarət yoxlama qrupu göndərib. Lakin iş adamının sözlərinə görə, Elmir Ramazanov buna baxmayaraq onun mallarının buraxılmasına icazə verməyib. Ramil Aslanov iddia edir ki, Şahin Bağırovun verdiyi göstərişlərə BBGİ-də əhəmiyyət verilmir və orada əsas söz sahibi Elmir Ramazanovdur.
Aparılan təhlillər göstərir ki, Elmir Ramazanovun yaratdığı narazılıq təkcə sahibkarlarla məhdudlaşmır, eyni zamanda DGK sədri Şahin Bağırovun tutduğu mövqeyini də sarsıdır. Belə ki, Ramazanovun bu qədər problemləri idarə etməsi onun daha yüksək vəzifəyə iddialı olması ehtimalını artırır. Bakunews.az-ın əldə etdiyi məlumatlara görə, bəzi dairələrdə Şahin Bağırovun Elmir Ramazanov üzərində tam nəzarət qura bilmədiyi və onun təsir dairəsindən çıxa bilmədiyi vurğulanır.
Bundan əlavə, Bakı Baş Gömrük İdarəsində gedən gizli oyunlar və dövlət qeydiyyatından kənar yüklərin idarəyə daxil olması, Elmir Ramazanov və ona himayədarlıq edənlərin toxunulmazlığını təmin edən əsas amillərdən biri kimi göstərilir. Bu vəziyyət isə gömrük sistemindəki problemlərin daha da dərinləşdiyini və təcili islahatlara ehtiyac olduğunu göstərir.(Bakunews.az)
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb. Mövzunu diqqətimizdə saxlayacağıq.