“Prezidentimizin təyyarə qəzası ilə bağlı sərgilədiyi mövqe dövlətimizin qətiyyətindən xəbər verir”
“Prezident İlham Əliyevin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında yaşanan təyyarə qəzası ilə bağlı sərgilədiyi mövqe dövlətimizin qətiyyətindən, ölkəmizin prinsipiallığından xəbər verir”.
Yenixeber.org: Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Təşkilat sədri qeyd edib ki, dövlət başçısı dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində baş verən qəzaya görə Rusiyanın məsuliyyət daşıdığını bildirib, rəsmi Bakının Moskva qarşısında üç tələb qoyduğunu vurğulayıb:
“Dövlət başçısı müsahibəsində qəza ilə bağlı istintaq prosesinin davam etdiyini, hər şeyin istintaqın nəticəsindən sonra məlum olacağını söyləsə də, bugünə qədər məlum olan bir çox faktların da qəzanın səbəbi ilə bağlı çox şey dediyini qeyd etdi. Ölkə başçısı bildirdi ki, bütün faktlar təyyarənin kənar müdaxiləyə məruz qaldığını, ona atəş açıldığını göstərir. Bununla bağlı çoxsaylı sübutların mövcudluğunu bildirən Prezident İlham Əliyev vurğuladı ki, ortada bu qədər ciddi faktlar ola-ola qəzanı hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək vicdansızlıqdır.
Dövlət başçısı Azərbaycanın Rusiya qarşı irəli sürdüyü tələblərə də aydınlıq gətidi. Cənab Prezident bildirdi ki, bu tələblərdən biri Rusiyanın üzr istəməsi, ikincisi, günahkarların cəzalandırması, üçüncüsü, Azərbaycana kompensasiyanın ödnilməsidir. Hansı ki, bütün bu tələblər tamamilə qanunidir və beynəlxalq hüquqa əsaslanır”.
Polkovnik qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin zərər görməməsi, habelə haqqın, ədalətin bərpası baxımından rəsmi Bakının irəli sürdüyü tələblərin tam şəkildə yerinə yetirilməsi vacibdir:
“Azərbaycan təyyarə qəzası ilə bağlı Rusiyaya qarşı üç şərt irəli sürüb ki, bunlardan da biri yerinə yetirilib. Rusiya üzr istəyib. Lakin qalan iki tələbin yerinə yetirilməsi – günahkarların müəyyən edilərək cəzalandırılması və Azərbaycana kompensasiyanın ödənilməsi də olduqca vacibdir. Bu, həm haqqın, ədalətin öz yerini alması, həm də Azərbaycan-Rusiya münasibətlərinin qorunub saxlanılması və gələcəyi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Azərbaycanın mövqeyi tamamilə haqlıdır və bu mövqe beynəlxalq hüquqa əsaslanır. Ümid edirəm ki, Rusiya bu məsələdə üzərinə düşən məsuliyyəti lazımınca dərk edəcək və bu məsuliyyətdən irəli gələn bütün addımları atacaq”.(Fact-ınfo.az)
Seymur ƏLİYEV