Moskva-Bakı yaxınlaşmasının səbəbi nədir?
Beynəlxalq mövzular üzrə ixtisaslaşmış jurnalist, MQİMO-nun (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu) professoru, “Moskva-Baku” portalının şərhçisi Vladimir Suxoy “Exo Moskva” radiostansiyasının canlı efirində Azərbaycanla Rusiya arasındakı indiki münasibətlərə dair geniş müsahibə verib.
"Xeberinfo.com": Məlumata görə, virtualaz.org xəbər verir ki, Vladimir Suxoyla müsahibəni Aleksey Dıxoviçnıy aparıb. Həmin müsahibədən seçmələri təqdim edirik:
A.Dıxoviçnıy: Bu gün Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər hansı səviyyədədir? Əgər mümkünsə dinamika ilə birlikdə, yəni əvvəl necəydi, indi necə olub...
V.Suxoy: Bəli, dinamika doğrudan da çox yaxşıdır, hər şey inkişaf edir. Son iki ildə Rusiyanın f aktiki olaraq bütün rəhbərliyi Bakıda olublar. Təbii ki, prezident iki dəfə olub, baş nazir, Dövlət Dumasının bütün fraksiyalarının rəhbərləri, Federasiya Şurasının rəhbəri, spikerlər. Bütün güc nazirləri, hətta FTX və Təhlükəsizlik Şurasının rəhbərləri. İndi baş nazirin müavinin və sənaye nazirinin səfəri gözlənilir. Buna qədər isə münasibətlər heç də yaxşı deyildi. İndi isə təkrar edirəm, hər şey yaxşıdır, hər şey sürətlə inkişaf edir, hökumətlərarası komissiya fəal işləyir.Rusiyanın 70-ə yaxın regionu Azərbaycanla ikitərəfli ticarətə malikdir, Rusiya şirkətləri Azərbaycanda fəaliyyət göstərir, birgə kapitala malik 200-dən çox müəssisə var. Son 4 ay ərzində xarici işlər nazirləri üç dəfə görüşüblər, Lavrov sentyabrın 1-də Bakıda çox mühüm səfərdə olub. Əliyevlə görüşüb. Ümumən tendensiya bu cürdür, çox müsbətdir.
A.Dıxoviçnıy: Bəs nə baş verdi ki, bu cür yaxınlaşma başladı?
V.Suxoy: Yaxınlaşma...Birincisi, yəqin ki, Azərbaycanla ABŞ və qərb arasında böyük ziddiyətlər, soyuqluq yarandı. Xüsusən Birinci Avropa Oyunları ərəfəsində Bakıya qarşı xeyli qətnamələr çıxarıldı. Və Rusiya hiss etdi ki, yaxınlaşmanın əsl vaxtıdır. Vladimir Putin həddən artıq məşğul olsa da iyunun 12-də Rusiya Günündə Bakıya getdi və oyunların açılışına qatıldı, Əliyevlə görüşdü. Və biz Minsk Qrupunun iştirakçısı kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Bakıya həmişə hansısa variantlar təklif edirik, Bakı üçün isə indi bu ən başlıcasıdır.
A.Dıxoviçnıy: Yəni düşmənimin düşməni mənim dostumdur prinsipi öz işini gördü...
V.Suxoy: Bəli, şübhəsiz. Ancaq üstəlik bunu da açıq demək lazımdır ki, bu münasibətlərin kimyası liderlərin öz aralarında da yaranmalıdır, elə deyil? İlham Əliyevlə Vladimir Putin arasında bu cür kimya mövcuddur. Onlar sadəcə olaraq bir-birlərinə simpatiya bəsləyirlər, ona görə də aralarında işgüzar görüşlər olur, isti atmosfer, yaxşı söhbətlər var. Ümumiyyətlə Əliyevlər ailəsi Azərbaycan üçün hər şeydir. Çünki İlhamın atası Heydər Əliyev suverenliyin əsasını qoyan adamdır, o, yeni Azərbaycan dövlətinin təməlində dayanıb. Azərbaycanda çox hörmət edilən, milli liderdir. Oğlu İlham Əliyev –o da avropalıdır, MQİMO-nu bitirib, tam avropalı liderdir, həm ölkəsində, həm xaricdə böyük avtoritetə malikdir.
A.Dıxoviçnıy: Bəs iqtisadiyyat sahəsində münasibətlərin inkişafı hansı istiqamətlərdə gedə bilər? Enerji daşıyıcıları aydındır, neft aydındır, bəlkə daha nəsə var? O cümlədən geosiyasi sahədə.
V.Suxoy: Bəli, şübhəsiz ki, bu siyasi münasibətdir, neft-qaz sahəsində münasibətləri qurmaq lazımdır. Azərbaycandan Rusiya istiqamətində neft kəməri var, başqa digər layihələr də mövcuddur. Azərbaycanın özəlliyi ondadır ki, çox möhkəm iqtisadiyyata malikdir, ola bilsin Cənubi Qafqazda ən güclü iqtisadiyyata. Ona görə də o, tamamilə öz ayaqları üstündə dura bilən müstəqil dövlətdir, elə deyil? Bəzi digər keçmiş sovet respublikalarından fərqli olaraq bu ölkə ilə bərabər əsaslarda münasibət qurmaq və qarşılıqlı fayda götürmək olar. İşlər də elə bu istiqamətdə gedir. Ona görə də biz siyasi münasibətləri inkişaf etdirəcəyik, siyasi dialoq dərinləşəcək, ilişib qalmış Qarabağ münaqişəsini hansısa yolla həll etməyə çalışacağıq. Başqa sahələrdə də çox müsbət perspektivlər var.
A.Dıxoviçnıy: Bəs bu münasibətlərin əsası nədir? Çünki bu gün bir tərəfdə Rusiya və Azərbaycanın, digər tərəfdə Avropa və ABŞ-ın dayandığı qarşıdurma müvəqqəti ola bilər. Ola bilsin bu gün qarşıdurma var, sabah tərəflərdən biri olmasa bu qarşıdurma da olmayacaq. Münasibətlərin nəsə əsası olmalıdır axı.
V.Suxoy: Əsas deyəndə Azərbaycan yeganə keçmiş sovet respublikasıdır ki, orada rusofobiya yoxdur. Orada rusları sevirlər, ruslar azərbaycanlılarla tamamilə eyni hüquqlara malikdir. Ümumiyyətlə, Rusiyaya qarşı münasibət çox yaxşıdır, çox yaxşı perspektivlər var. Yəni söhbətimiz həmişə tutur, elə deyil? Çünki işin ucunda hər iki tərəf üçün qarşılıqlı mənfəət var. Bakı orada hansısa reveranslara getmir, biz də burada əgər Rusiyaya sərfəlidirsə hansısa güzəştə gedirik və s. Bax bu bərabərəsaslı münasibətdir, xüsusən də biz hazırda eyni qayıqda yer alırıqsa, elə deyil? Biz sanksiyalar altındayıq, Bakının isə Qərblə münasibətləri korlanıb. Avropa Parlamentində, AŞ PA-da bir sıra anti-azərbaycan qətnamələri qəbul edilib, ABŞ Konqresinin də qətnaməsi var. Və bütün bunlar bizi yaxınlaşdırır, perspektiv kifayət qədər müsbətdir.
A.Dıxoviçnıy: Bu qarşılıqlı münasibətlər nə dərəcədə sıx ola bilər, ilk növbədə siyasi planda? Mümkündürmü ki, Azərbaycan Rusiyanın mövqeyini tam dəstəkləsin?
V.Suxoy: Azərbaycanın, şəxsən İlham Əliyevin xidməti budur ki, ölkə müstəqil və çoxvektorlu siyasət aparır. Yəni o, Avropa ilə də normal münasibətlər saxlamaq istəyir, öz milli maraqlarını dəqiq müəyyən edir. Rusiya ilə ona görə yaxın münasbətər qurur ki, bunu həm Bakının milli maraqları tələb edir, həm Rusiyanın milli maraqları nəzərə alınır. Hansı sahələrdə əməkdaşlığı inkişaf etdirmək olar, hansı sahədə Rusiyanın qazancı nə olacaq, Azərbaycan nə qazanacaq, bunlar dəqiq müəyyən edilir. Yəni Azərbaycan balanslaşdırma siyasətindən imtina etmir. Hələ Heydər Əliyev müəyyən edib ki, Azərbaycanın özünün müstəqil siyasəti olacaq, eyni zamanda Rusiyaya qarşı həmişə müdrik, incə siyasə aparacaq. Bu siyasət nüfuzlu, öz ölkəsində sevilən lider İlham Əliyev tərəfindən davam etdirilir. Və budur, noyabrın 1-də orada parlament seçkiləri keçiriləcək, qərbdə deyirlər ki, bu seçkilər azad və ədalətli olmayacaq, ölkədə diktaturadır, totalitar rejimdir və s. Bütün bunlar boş şeydir. Təbii ki, ölkədə hansısa problemlər var, ancaq siyasi baxımdan avropayönümlü inkişaf edir, hansısa azadlıq normaları ilə, demokratiyası ilə və s.