Dünya ölkələri ilə müqayisədə Azərbaycanda təhsil haqları -ARAŞDIRMA + FOTO
Azərbaycanda ali təhsil ocaqlarında təhsil almaq istəyən və hazırda təhsilini davam etdirən gənclər, o cümlədən valideynlər təhsil haqqının yüksək olmasından narazıdırlar. Bəzilərinə görə, ölkədaxili təhsilə bu qədər vəsait sərf etməkdənsə, xarici ölkədə təhsil almaq daha məntiqə uyğundur.
Yenixeber.org: Müqayisə aparmaq üçün həm Azərbaycanda, həm Avropada, həm də Amerika Birləşmiş Ştatlarında təhsil haqlarının nə qədər olduğunu araşdırdıq.
İlk növbədə Bakı Dövlət Universitetindəki qiymətlərə nəzər saldıq. Universitetdə bakalavr səviyyəsi üzrə bir illik əyani təhsil 1400 manatdan, qiyabi təhsil isə 1700 manatdan başlayır. Təhsil haqqı ixtisasdan asılı olaraq 3000 manata qədər artır. Digər əhəmiyyətli təhsil ocaqlarından sayılan Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə bakalavr səviyyəsi üzrə bir illik təhsil 2000 manatdan başlayır. Magistr pilləsi üzrə bir illik təhsil haqqı 2500, MBA təhsili üzrə isə 2800 manatdır. Əcnəbi tələbələr üçün bakalavr təhsili 2000-2500 dollar, magistr təhsili isə 3000 dollardır. Universitetdə qiyabi təhsil 1800 manatdan başlayır.
Həmçinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetində bir illik təhsil haqqı 1800 manatdan başlayır. Dövlət İqtisad Universitetində əyani təhsil 1700 manat, qiyabi təhsil isə 1500 manatdan başlayır və təhsil haqları 2600 manata qədər artır. Azərbaycan Tibb Universitetində təhsil haqqı 4000-4500 manat, Xəzər Universitetində 4000-5000 manat, ADA Universitetində 6000-6500 manatdır. Azərbaycan Dillər Universitetində təhsil haqqı 1000 manatdan başlayır, 2500 manata qədər artır.
Azərbaycan Texniki Universitetində bir illik qiyabi təhsil 1700, əyani təhsil 1900 manatdan, Sumqayıt Dövlət Universitetində qiyabi təhsil 1200, əyani təhsil 1500 manatdan başlayır.
Eləcə də Bakı Slavyan Universitetində bir illik təhsil haqları 1700 manatdan başlayır, 2000 manata qədər, Azərbaycan Memarlıq və İnşaat Universitetində qiyabi təhsil 1700, əyani təhsil 2000 manatdan başlayır və 2500 manata qədər artır. Azərbaycan Turizm və Menecment Universitetində təhsil haqları 2200-2400 manat, Bakı Mühəndislik Universitetində 2200-2500 manat civarındadır. Azərbaycan Universitetində isə bakalavr üzrə əyani təhsil 2000 manatdan başlayır, 3000 manata qədər artır. Qiyabi təhsil üzrə qiymət 1800 manatı təşkil edir.
Bölgələr üzrə təhsil haqları nisbətən aşağıdır - 1000 manatdan başlayır 1800 manata qədər dəyişir.
Avropada təhsil haqları nə qədərdir?
Avropa İttifaqı və Avropa İqtisadi Bölgəsinə daxil olmayan ölkələrin tələbələri üçün təhsil haqları bir qədər yüksəkdir. Avropada təhsil haqları Şimali Amerika ölkələrinə nisbətən aşağıdır, lakin təhsilin keyfiyyəti heç də aşağı deyil. Bu region üzrə bakalavr təhsilinin qiyməti 42 000 avroya qədər, magistr təhsili üzrə isə 56 000 avroya qədər artır.
Özəl universitetlərdə xarici tələbələr üçün təhsil haqları bakalavr pilləsi üzrə adətən 6000-15000 avro, magistr dərəcəsi üzrə 3000-23000 avro arasındadır. Xüsusilə qeyri Aİ və AİB ölkələrindən olan vətəndaşlar üçün bakalavr dərəcəsi üzrə təhsil haqqı 5000-13000 avro, magistr dərəcəsi üzrə 8000-18000 avro arasındadır.
Bir neçə ölkədə bakalavr və magistr pilləsi üzrə bir illik təhsil haqlarına nəzər salaq:
Fransa: bakalavr pilləsi üzrə təhsil haqqı 5000-30000 avro, magistr pilləsi üzrə 1500-35000 avrodur.
Almaniya: bakalavr pilləsi üzrə təhsil haqqı 6500-26000 avro, magistr pilləsi üzrə 1000-40000 avrodur.
İtaliya: bakalavr pilləsi üzrə təhsil haqqı 3000-20000 avro, magistr pilləsi üzrə 3000-35000 avrodur.
Niderland: bakalavr pilləsi üzrə təhsil haqqı 7500-19000, magistr pilləsi üzrə 5000-30000 avrodur.
İsveçrə: bakalavr pilləsi üzrə təhsil haqqı 8000-42000 avro, magistr pilləsi üzrə 7500-43000 avrodur.
Böyük Britaniya: həm dövlət, həm də özəl universitetlərində bakalavr dərəcəsi üzrə təhsil haqqı 7000-40000 avro, milliyyətindən asılı olmayaraq bütün tələbələr üçün ümumi təhsil haqqı 8000-45000 avro arasında dəyişir.
Bəs, ABŞ-da?
Amerika Birləşmiş Ştatlarında son bir il ərzində təhsil haqları 1-2 faiz civarında artıb. Hazırda ABŞ-da iki illik təhsil üzrə bir il üçün təhsil haqqı 13 130 dollardan, dörd illik təhsil üzrə bir il üçün 22 690 dollardan başlayır.
“Azərbaycanda təhsil haqları ölkə əhalisinin böyük hissəsinin gəliri ilə müqayisədə çox yüksəkdir, nəinki ölkə əhalisinin gəliri, qonşu dövlətlərin ali təhsil müəssisələrində qüvvədə olan təhsil haqqı ilə müqayisədə də Azərbaycan universitetləri daha bahalıdır”.
Bu barədə Oxu.Az-a təhsil üzrə ekspert Kamran Əsədov bildirib. Ekspertin fikrincə, buna görə də ali məktəblərdə oxumaq şansı əldə edən, ancaq ödənişsiz təhsil üçün cəmi bir neçə balı çatmayan xeyli gənc maddi çətinlik ucbatından bu imkandan yararlana bilmir:
“Ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirildiyi ixtisaslar üzrə təhsil haqları ona sərf olunan xərclər smetası əsasında müəyyən olunur. Bir il ərzində tədris olunan fənlərə görə müəllimlərə ödəniləcək əməkhaqqı, sərf olunacaq bütün resurslar hesablanaraq təhsil haqqı müəyyən olunur. Tələbənin təhsil müəssisələrinə ödənilməsi nəzərdə tutulan təhsil haqqına hətta universitetin saxlanması üçün nəzərdə tutulan, layihələrin həyata keçirilməsi üçün zəruri olan xərclər də daxildir. Yeni ixtisaslar üzrə müəyyən edilmiş təhsil haqlarında müxtəlif təhsil haqları ixtisaslar üzrə plan yerlərinin sayı da təsir göstərir. Xarici ölkələrdə fəaliyyət göstərən universitetlərdə isə bu, adambaşına düşən xərclər smetası əsasında müəyyən edilir. Məhz buna görə də Azərbaycan universitetlərində təhsil haqqı dünyanın 1000 universitetindən bahadır, keyfiyyət isə onlardan dəfələrlə aşağıdır. Müəyyən ixtisaslar var ki, plan yeri çoxdur və müəyyən edilmiş xərclər smetası üzrə ortaya çıxan məbləğ daha çox tələbə arasında bölüşdürülür ki, bu zaman ortaya az məbləğ çıxır. Amma xalq çalğı alətləri, solo oxuma, dirijorluq və s. kimi ixtisaslar var ki, onların plan yeri az olduğu üçün bütün xərclər az plan yeri arasında bölüşdürülür və nəticədə bu kimi ixtisaslar üzrə yüksək təhsil haqları formalaşır. Bu, əlbəttə ki, təklif olunan qiymətlərdir. Ali məktəblərin plan yerləri tam şəkildə dolmur. Müəyyən sayda plan yeri boş qalır ki, bu zaman öncədən planlaşdırılmış maliyyə hesabatlarında kəsr yaranır. Ona görə də ali təhsil müəssisələri də təhlükəsizlik marjasını müəyyən etmək üçün təhsil haqlarını daha da qaldırırlar”.
Kamran Əsədovun sözlərinə görə, son 7 ildə 5 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub:
“Bu təhsil haqları kifayət qədər böyük rəqəmdir. Nəzərə alsaq ki, Azərbaycan gəncləri daha az təhsil haqqı ödəməklə qonşu ölkələrdə daha yüksək təhsil ala bilərlər, bu zaman biz böyük sayda insanın xaricə üz tutmasına şərait yaratmış oluruq. Təhsil haqları müəyyən olunarkən istər Nazirlər Kabineti, istərsə də universitetlər təkcə sərf olunan xərcləri düşünməməlidirlər. Onlar yüksək məbləğdə vəsait ödəyib təhsil alan tələbələrin sonradan əmək bazarında iş tapması, əldə edəcəyi əməkhaqqını da nəzərə almalıdırlar. Təəssüf ki, tələbələrin təhsil aldıqları müddətdə ödədikləri təhsil haqlarını geri qazanmaq üçün indiki əməkhaqqı məbləği ilə 10 ilə qədər vaxt lazımdır”.
Ekspert qeyd edib ki, “Round University Ranking” reytinqinin 2018-ci il üzrə nəticələrinə görə, Harvard Universiteti dünyanın ən bahalı universitetlərindəndir, Azərbaycanda da bahalı universitetlər var, amma bahalı ixtisaslar daha çoxdur:
“Qiymətlər heç də ali məktəbin dövlət, ya da özəl universitet olması ilə də əlaqəli deyil. Hazırda Azərbaycanda dövlət universitetlərində ən yüksək təhsil haqqı 6500 manat, ən aşağı təhsil haqqı isə 1000 manatdır. Qardaş Türkiyənin dövlət universitetlərində minimum təhsil haqqı 100, maksimum təhsil haqqı 3000 manatdır. Rusiyada bu rəqəm 400-3500 manat arasında dəyişir. Ukraynada təhsil haqları 500-2500 manat məbləğində dəyişir. Bu, dövlət universitetində olan təhsil haqlarıdır. Özəl universitetlərdə isə rəqəmlər fərqlidir.
Beləliklə onu deyə bilərəm ki, adı dünya universitetləri siyahısına düşməyən Azərbaycan ali təhsil müəssisələrində əhalinin imkanları ilə tərs mütənasib - yüksək dəyərləndirilən təhsil haqqı özlüyündə bir çox problemə yol açır. Məsələn, yüksək təhsil haqqı ixtisas seçiminə təsirsiz ötüşmür. Gənclərin qonşu ölkələrdə fəaliyyət göstərən daha ucuz ali məktəblərə üz tutmasına səbəb olur”. (oxu.az)