Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AZƏRBAYCANDA MONOPOLİYASIZ BAZAR -Gənclər ölüm təhlükəsi altında necə pul qazanırlar?

Son onillikdə Azərbaycanda onlayn çatdırılma xidməti sürtələ inkişaf edib. Xüsusən, pandemiya qadağalarının qüvvədə olduğu 2020-ci ildə bu xidmətə tələbat sürətlə artdı. 

Yenixeber.org: Restoran və kafelərdə yerində xidmət olmadığından, müştərilərin sifarişləri kuryer xidməti vasitəsi ilə həyata keçirilməyə başladı. Bundan başqa apteklər də xidmətlərinin bir hissəsini onlayn çatdırılma vasitəsi ilə reallaşdırırlar.

Onlayn çatdırılma xidmətləri necə təşkil olunub?

İlk dəfə 2012-ci ildə Nuush.az web saytı vasitəsi ilə onlayn yemək sifarişi xidməti yaradılıb. Bundan bir müddət sonra başqa şirkətlər də bu bazara daxil olmağa başlayıb. 

 

 

Hazırda bu bazarda çoxlu sayda yerli və xarici şirkət fəaliyyət göstərir. "Bolt Food", "Glovo", "Volt", "Fonibo", "189 delivery", "Getir", "Voop", "Tuk-Tuk", "Zənbil", "Hungry", "Umico", "Teribu" və s. bir-birləri ilə kəskin rəqabət aparırlar. Çatdırılma xidməti velokuryer, avtomobil, piyada və yüngül motosikletlə həyata keçirilir. Gündəlik 8-9 min arası sifariş həcmi olan bu bazarda ciddi rəqabət var.

Əldə etdiyimiz əməlumata görə, Azərbaycanda yemək çatdırılma bazarına xarici sərmayəli "Bolt Food" şirkəti liderlik edir. Adıçəkilən şirkət 2020-ci ildə Azərbaycan bazarına daxil olmasına baxmayaraq, qısa zamanda 100-dən çox kafe və restoranla əməkdaşlıq edərək xeyli sayda müştəri toplamağı bacarıb. Ekspertlərin fikrincə, qısa zamanda qazanılan bu uğur, böyük investisiya qoyuluşu və kuryer sayının çox olmasıyla əlaqədardır.

 

 

"Bolt" kuryerlərini demək olar ki, şəhərin hər yerində görmək mümkündür. Şirkət hazırda Bakıdan başqa Gəncə və Sumqayıtda da fəaliyyət göstərir. 

"Bolt Food"-un əsas rəqibi 2019-cu ildə bazara daxil olan "Wolt" şirkətidir. Yalnız Bakıda işləyən bu şirkətin 600-dən çox kuryeri var. Çatdırılma qiymətlərinə gəlincə, şirkətlərin təklifləri arasında elə də ciddi fərq yoxdur.

Qiymətlər məsafədən və məhsulun qiymətindən aslı olaraq dəyişir. Onu da qeyd edək ki, mövsümdən asılı olaraq, çatdırılma şirkətlərinin müştəri kontingentinin sayı artır və ya azalır. Belə ki, yay aylarında hava isti olduğuna, insanlar açıq havadakı kafe-restoranlara üz tutduqlarına görə bu xidmətə müraciət edənlərin sayı azdır. İlin soyuq fəsillərində isə əksinə, evlərə və ofislərə yemək sifarişi çoxalır. Kuryerlərin gəlirləri də günün müəyyən saatlarına görə fərqlənir. Nahar vaxtında çalışan işçilərə şirkətlər tərəfindən daha artıq vəsait ödənilir. Sifarişlərin dəyəri isə həm nağd, həm də kart vasitəsi ilə verilə bilər.

Kuryer: "Gündə 30-40 manat qazanmaq olur, amma..."

 

 

Adının yazılmasını istəməyən "Wolt" şirkətinin kuryer əməkdaşı “AzPolitika.info”-ya bildirib ki, iki ildən artıqdır bu sahədə çalışır: "İşə qəbul şərtləri belədir ki, şəxsi moped, VÖEN, Asan İmza və bank hesabının olması mütləqdir. Əgər nəqliyyat vasitəniz yoxdursa, günlük 10 manata motosiklet kirayələyib çalışa bilərsiniz. Həmçinin, iş sərbəst qrafiklidi, yəni nə qədər çox işləsən, o qədər də çox qazanarsan. Amma elə günlər olur ki, sifariş çox az olur. 

Əvvəl bu sahədə qazanc çox idi, lakin hazırda şirkətlərin sayının artmasına görə gəlirimiz azalıb. Bu səbəbdən, əksər kuryerlər 2-3 müxtəlif şirkətdə çalışır. Günlük qazancımız 30-40 manat arasında dəyişir. Gəlir çox görünsə də, xərclər də az olmur. Vergi faizi, tibbi sığorta, benzin xərclərini çıxanda əldə etdiyimizin təxminən yarısı bizə qalır".

 

Müştərilər nədən narazıdırlar?

Qeyd edək ki, cəmiyyətdə onlayn çatdırılma xidmətindən narazılıqlar da var. Sosial şəbəkələrdə tez-tez yeməklərin keyfiyyətindən, qablaşdırılmasından, gigiyenik normalara əməl edilməməsindən şikayətlər yer alır. Hər halda Qida Təhlükəsizliyi Agentliyi bu sahədə monitorinqlər aparsa, yaxşı olar.

 

 

Son zamanlar kuryerlərin iştirakı ilə baş verən qəzaların da sayı artıb. Bu da narahatlıq doğuran məqamlardan biridir. Sürücülər velosiped, moped və motosikletlər vasitəsi ilə avtomobil yollarında heç bir qaydalara əməl etmədən şütüyən kuryerlərdən şikayətlənirlər. Bəzən, işıqforun qırmızı işığına, getdiyi yolun hərəkət istiqamətinin əksinə olduğunun fərqinə varmayan gənclər ölümlə nəticələnən qəzalar törədirlər. 

Kuryerləri ölümə sürükləyən tələblər

Şirkətlərin rəsmi səhifələrində işə qəbul şərtlərinə nəzər saldıqda, kuryerlərdən sürücülük bacarığının test edilməsiylə bağlı tələbə rast gəlmədik. Azərbaycan qanunvericiliyində muhərrik həcmi 50 kub santimetrə qədər olan motosikletlər üçün sürücülük vəsiqəsinə, texniki baxışa və nömrəyə ehtiyac duyulmur. 

 

 

Yəni, 18 yaşna çatmış hər bir şəxs bu nəqliyyat vasitəsindən maneəsiz istifadə edə bilər. Belə yumşaq qaydaları fürsət bilən bəzi kuryerlər yol hərəkəti qaydalarına riayət etmirlər. Burda bəzi şirkətlərin səhlənkarlığını da qeyd etmək lazımdır. Belə ki, bəzi sahibkarlar daha çox müştəri qazanmaq üçün "sifarişiniz 15 dəqiqəyə ünvanınızdadır" kimi kampaniyalar keçirərək, kuryerlərin həyatını təhlükə altına atır. Məhsulun çatdırılmasında gecikmə olduqda kuryerin maaşından faiz tutulur. Belə hallar 2-3 dəfə təkrarlandıqda isə həmin şəxs işdən qovulmaq təhlükəsi ilə üzləşir. Bu çətinliklər onlara qayda pozmağa haqq qazandırmasa da, bütün günahı kuryerlərdə görmək ədalətsiz olardı.

Bu sahədə xarici təcrübəyə gəldikdə, məsələn, Ukrayna və Rusiyada yalnız xüsusi sənədi olan moped istifadəçilərinə onu idarə etmək hüququ verilir.

Daxili İşlər Nazirliyi (DİN) bildirir ki, bu kimi nəqliyyat vasitələrindən sənədsiz və nömrəsiz istifadə etmələri kuryerləri arxayın salmasın. Belə sürücülərin kameralar vasitəsi ilə şəxsiyyətləri müəyyən edilərək, barələrində tədbirlər görülür.

Xarici şirkətlər qarşısında necə duruş gətirmək olar?

Sonda qeyd edək ki, Azərbaycanda yerli şirkətlər bu sahəyə böyük investisiyalar qoymağa başlayıb. Onların əsas problemi milyonlarla büdcəsi, müasir tətbiq proqramları, startapları olan xarici şirkətlərlə rəqabətə davam gətirə bilməmələridir. Əgər onlara dövlət və bank sektorunun dəstəyi olarsa, yerli bazarı xarici inhisarlardan qorumaq mümkün olar. Bir şərtlə ki, daxildə rəqabət mühiti qorunub saxlansın, inkişaf etməkdə olan bu bazar bir-iki yerli şirkətin monopoliyasına daxil olmasın...

 

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşfiqi" mövzusunda hazırlanmışdır.

"azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam