Hitlerin dünya üçün bəla olduğunu 14 il öncədən yazan jurnalist –Osetski Nobel mükafatı alıb, klinikada ölüb
Yenixeber.org: O, hələ Adolf Hitler hakimiyyətə gəlməmişdən əvvəl gələcəyin füreri haqqında “qorxulu bəla və almanlar üçün böyük bədbəxtlik” ifadəsini işlədib. Bununla yanaşı, Karl fon Osetski Hitlerin 1925-ci ildə işıq üzü görən “Mein Kampf” (“Mənim mübarizəm”) kitabını mətbuatda sərt tənqid edib. Nasist partiyasına qarşı onun bu cür kəskin münasibəti Osetskiyə baha başa gəlib. Hitlerin hakimiyyətə gəlişindən sonra Karl fon Osetski fürerin qara siyahısına düşüb.
Karl fon Osetski 1889-cu ildə Hamburqda anadan olub. Gənclik illərindən jurnalistikaya böyük maraq göstərib. İlk məqalələri “Azad xalq” qəzetində çap olunub. Səhhətində ciddi problemlərin olmasına baxmayaraq, Osetski 1916-cı ildə hərbi xidmətə çağrılıb və I dünya müharibəsində iştirak edib.
Müharibədən qayıtdıqdan sonra Osetski “Almaniya sülh cəmiyyəti”nin Hamdurq təşkilatına rəhbərlik edib və “Bələdçi” qəzetinin baş redaktoru olub. Daha sonra o, “Die Weltbuhne” (“Dünya səhnəsi”) qəzeti ilə əməkdaşlığa başlayıb. Qəzetin təsisşisi və baş redaktoru Ziqfrid Yakobsonun qəfil ölümündən sonra Osetski həmin qəzetə rəhbərlik edib.
Karl fon Osetski Almaniyanın sürətlə silahlanmasına, beynəlxalq sazişləri kobudcasına pozmasına, Almaniya millitarizminin müharibəyə yol açımasına öz yazılarında geniş yer verib. Bu səpkidə yazılarına görə, o, əvvəlcə bir ay dəmir barmaqlıqlar arasına göndərilib. Daha sonra, 1931-ci ildə 18 ay azadlıqdan məhrum edilib.
Nasistlərin hakimiyyətə gəlişindən sonra isə Karl fon Osetskinin jurnalistika fəaliyyətinə fiziki və mənəvi təyziqlərlə məhdudiyyətlər qoyulub. 27 fevral 1933-cü ildə Reyxstaqın yandırılmasından sonra isə o, daha ciddi təhlükələrlə üzləşib. Amma real təhlükələri anlayan Osetski Almaniyanı tərk etməyib. Onun bu cür cəsarəti Hitlerin qəzəbinə səbəb olub. Fürerin göstərişi ilə Osetski Reyxstaqda törədilmiş yanğında iştirakda ittiham olunaraq həbs edilib.
Həbsxana işgəncələri, ağır işlərə cəlb edilməsi Osetskinin səhhətində problemlər yaradıb. Buna baxmayaraq, o, faşistlər əleyhinə yazdığı yazıları mətbuata ötürə bilib.
Osetskinin azadlığa buraxılması ilə bağlı Almaniya rəsmilərinə çoxsaylı müraciətlər, həmçinin “İnsan hüquqları uğrunda mübarizə liqası” və beynəlxalq yazıçılar təşkilatı “Pen-klub”un 43 mindən artıq üzvünün imzası ilə olan müraciət də nəticəsiz qalıb.
1934-cü ildə bir qrup dünya şöhrətli alimlər, ziyalılar, o cümlədən Albert Eynşteyn, alman yazışısı Tomas Mann, ingilis filosofu Bertran Rassel, amerikalı ictimai xadim Jeyn Adams və bir sıra beynəlxalq təşkilatlar Osetskinin Nobel mükafatı alması təşəbbüsünü irəli sürüblər. Nobel Komitəsi müraciəti müsbət qarşılayıb. Komissiyada Osetskinin partiya üzvü olmadığı, onun heç bir partiya tərəfindən çıxış etmədiyi nəzərə alınıb. Osetskinin azad sözə, insan haqqlarının müdafiəsinə, bəşəri mənəvi dəyərlərin qorunmasına verdiyi töhfələr yüksək qiymətləndirilib. Digər tərəfdən, Osetskinin söz azadlığı, insan hüquqları ilə bağlı fəaliyyəti nasist Almaniyasında Hitler rejiminin qəddarlığını sübut edib.
Beləliklə, Karl fon Osetski 1935-ci ilin Nobel Sülh Mükafatının laureatı olub. Mükafat elan olunanda Osetski bu xəbəri həbsxana xəstəxanasında qarşılayıb. Alman rəsmiləri Osetskinin mükafatdan imtina etməsinə nail olmaq üçün ona təzyiq göstəriblər. Ancaq Osetski Nobel mükafatından imtina etməyib.
Bu hadisə növbəti bir hadisə ilə beynəlxalq aləmdə səsli-küyə səbəb olub. Belə ki, Hitler əvvəlcə Norveç rəsmiləri ilə əlaqə yaradaraq Osetskiyə verilən Nobel mükafatının ləğv edilməsini “tələb” edib. Norveç siyasiləri bu məsələnin onların səlahiyyətində olmadığını bildiriblər.
Sakitləşməyən Hitler növbəti bir ağılasığmaz addım atıb. Fürer 1937-ci ildə Almaniyada Nobel mükafatına namizədlərin verilməsi, həmçinin alman vətəndaşlarının Nobel mükafatı alması ilə bağlı dekret imzalayıb. Məhz bu dekret sayəsində Nobel mükafatına layiq görülən üç alman alimi - kimya üzrə Nobel laureatları Riçard Kuhn, Adolf Butenandt, fiziologiya və tibb üzrə laureat Hervard Domaqk layiq görüldükləri mükafatlardan imtina etməyə məcbur olublar.
Nobel mükafatı laureatı olduqdan sonra da Osetski rahat buraxılmayıb. Düzdür, onu mülki xəstəxanaya keçirsələr də o, gestapo tərəfindən ciddi nəzarətdə saxlanılıb və 1938-ci ildə, 48 yaşında müalicə aldığı xəstəxanada vərəm xəstəliyindən vəfat edib.
Maraqlı məqamlardan biri odur ki, Hitler öz ölkəsinə Nobel qadağası qoyduğu halda, 1939-cu ildə onun özünün Nobel mükafatına namizədliyi irəli sürülüb. Onun namizədliyini İsveç parlamentinin üzvü, tanınmış siyasətçi Brandt irəli sürüb. Bu təşəbbüs böyük qalmaqala səbəb olub. Brandt Hitleri “Allah tərəfindən göndərilmiş sülh carçısı” adlandırıb. Öz ölkəsində Brandt ciddi tənqidlərə məruz qalıb. Onun dərs dediyi universitetlərdə tələbələr mühazirələrdən imtina ediblər. Məsələnin ciddiliyini anlayan siyasətçi, nəhayət, mətbuatda açıqlama vermək məcburiyyətində qalıb:
“Bu, bir zarafat idi. Hamınız məni faşist ideyası əleyhinə çıxan bir siyasətçi kimi tanıyırsınız. Mən yenə də həmin əqidədəyəm. Hitleri Nobel mükafatına namizəd göstərməklə mən fikirlərimi “satirik tənqid” janrında dünya ictimaiyyətinə çatdırmaq istəyirdim”.
Zarafat öz yerində, amma Nobel Komitəsi 1939-cu ildə Adolf Hitleri ilkin namizədlər siyahısına salıb və elə ilk iclasda da fürerin adı siyahıdan çıxarılıb. Üç aydan sonra isə “Allah tərəfindən göndərilmiş sülh carçısı”ı dünyaya sahib olmaq iddiası ilə II dünya müharibəsinə başlayıb.
İlham Cəmiloğlu