Ermənistanın Gürcüstanla bərkiməyən dostluğu və ya Yerevanın canfəşanlığı -ARAŞDIRMA
Ermənistanla Gürcüstan arasında çəkilməsi planlaşdırılan və inşası hələ 2013-cü ildə elan olunan “Dostluq körpü”sü məsələsi yenidən gündəmə gəlib.
Yenixeber.org: Ermənistanın Ərazilərin İdarə olunması və İnfrastruktur Nazirliyinin Yollar Departamenti son iki ayda tezliklə körpünün tikintisinə başlanılacağı barədə məlumatlar yayır. Qurum hətta “Facebook” səhifəsində “Dostluq körpü”sünün son görüntüsünü paylaşıb. Lakin bu fotoşəkil yeni deyil. Belə ki, bu fotoşəklin də yer aldığı körpünün layihə görüntürlərini ötən ilin noyabrında Gürcüstanın “VMK Construction” şirkəti ictimaiyyətə təqdim edib.
Layihənin qısa tarixçəsinə nəzər salaq. Gürcüstan və Ermənistan arasında körpünün inşası haqqında saziş 2014-cü ilin dekabrın 25-də imzalanıb. “Dostluq körpü”sünün Ermənistan-Gürcüstan sərhədindəki “Sadaxlı-Boqrataşen” sərhəd-keçid məntəqəsi ərazisində Debet çayı üzərində inşa olunması nəzərdə tutulub. Tikili hər iki istiqamət üzrə hər birinin eni 11,85 metr olan iki ayrı körpüdən ibarətdir. İki körpü arasında məsafə 1 metr, ümumi en isə 24,7 metr təşkil etməlidir. Layihənin hər iki tərəfə 8 325 000 avroya başa gələcəyi bildirilirdi. Bu məbləğin 50 %-ni Ermənistan, 50 %-ni isə Gürcüstan öz üzərinə götürməlidir. Tikinti işlərini Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyələşdirəcəyi qeyd olunurdu.
Sovet dövründə tikilən mövcud körpü kifayət qədər ensizdir və artıq istifadəyə yararsız hala düşüb. Yeni müasir körpünün inşası ilə “Sadaxlı-Boqrataşen” gömrük-keçid məntəqəsi vasitəsilə iki ölkə arasında həm yük maşınları, həm də piyadaların hərəkətinin sürətləndirilməsi və ötürücülük qabiliyyətinin genişləndirilməsi nəzərdə tutulmuşdu. Köhnə körpünün yenidən qurulacağı və ondan tıxaclar olan zaman alternativ yol kimi istifadə olunacağı bildirilirdi.
Obyektin 2016-cı ildə istismara verilməsi planlaşdırılırsa da, tarix bir neçə dəfə dəyişdirilib. Gürcüstan və Ermənistan beynəlxalq tenderdə qalib gələn İran şirkətinin layihəsini bəyənib və 2018-ci ildə podratçı ilə saziş rəsmiləşdirilib. Daha sonra tikinti işlərinə 2019-cu ilin sentyabrında başlanılması, körpünün 2021-ci ildə istifadəyə veriləcəyi barədə məlumatlar yayılmışdı. Lakin texniki səbəblərə görə işlər yenidən təxirə salınıb. Bu səbəblərdən biri kimi iki müstəqil dövlət arasında körpüyə hüquqi sahibliklə bağlı fikir ayrılığı göstərilib. Ermənistan tərəfinin tikintini tam maliyyələşdirməyə hazır olması barədə məlumatlar yayılsa da, iqtisadi imkanları məhdud dövlətin bunun öhdəsindən gələ bilməsi inandırıcı görünmür. Hətta Ermənistan guya körpünün Gürcüstan ərazisində olan hissəsini onlara müddətsiz istifadəyə verməyə hazır olub, lakin Tbilisi bununla razılaşmayıb.
Layihənin reallaşdırılması ilə bağlı yeni tarix Ermənistanın ərazilərin idarə olunması və infrastruktur naziri Suren Papikyanın 2020-ci ilin fevralın əvvəlində Tbilisidə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili ilə müzakirə olunub. Ermənistan tərəfinin məlumatına əsasən, S.Papikyan görüşdə layihənin təsdiqlənməsi prosesinin sürətləndirilməsinin vacibliyini qeyd edib.
Ermənistan tərəfi inşaat işlərinə ötən il başlamağı planlasa da, daha sonra bildirib ki, bir sıra amillər – epidemioloji vəziyyət, qanunvericiliklə bağlı ziddiyyətlər və ölkədə hərbi vəziyyət buna imkan verməyib.
Ermənistanın Yollar Departamentinin ötən ay yaydığı məlumata görə, Gürcüstan tərəfi ilə razılıq əldə ediləndən sonra körpünün tikintisinə 1-2 aya start veriləcək. İkitərəfli layihənin hazırda tikintiyə hazırlıq mərhələsində olduğu qeyd edilib. Amma Ermənistanda unudurlar ki, “çayı keçməmiş, hop deməzlər”.
Gürcüstan tərəfindən isə “Dostluq körpüsü” ilə bağlı bir ildir açıqlama verilmir. Layihə ikitərəflidir və Gürcüstanla icra müddətini razılaşdırmadan Ermənistanın bu barədə məlumatlar yayması arzu olunanın həqiqət kimi təqdim edilməsinə bənzəyir. Bu vəziyyət bizim “Qız evində toydur, oğlan evinin xəbəri yox” atalar sözünü xatırladır.
İki ölkə arasında körpü salınırsa, o, sözsüz ki, birtərəfli qaydada tikilə bilməz. Ermənistanın 8 ildir Gürcüstanla bərkidə bilmədiyi dostluğunun yaxın illərdə də baş tutacağı az inandırıcı görünür. Belə ki, koronavirus pandemiyası onsuz da dərin iqtisadi böhranın hökm sürdüyü Ermənistandakı mövcud vəziyyəti daha da ağırlaşdırıb. Azərbaycanın işğal altında olan öz əzəli torpaqlarını azad etməsi ilə nəticələnən müharibə də Ermənistanın iqtisadi cəhətdən çökməsi prosesini sürətləndirib. İstənilən irimiqyaslı infrastruktur layihənin həyata keçirilməsi külli miqdarda vəsait tələb edir. Ermənistanın hazırkı durumu ilə Gürcüstanla körpünün inşasına tezliklə başlayacağı böyük şübhə doğurur. Görünən odur ki, Ermənistan qonşu ölkə ilə körpünü xəyalında və sözdə “tikir”. İllərlə yürütdüyü işğalçılıq siyasətinə görə bütün regional layihələrdən kənarda qalan Ermənistanın körpü ilə bağlı hazırkı fəal informasiya kampaniyası özünə bir növ “bölgədə biz də varıq və regional layihələr reallaşdırmaq gücündəyik” sözləri ilə təsəlli verməsinə bənzəyir. Gürcüstanın da hazırkı iqtisadi durumu pandemiya səbəbindən ürəkaçan deyil, bütün resurslar koronavirusla mübarizəyə yönəldilib. Belə çətin durumda olan və beynəlxalq maliyyə qurumlarının dəstəyinə ümid bəsləyən Gürcüstan Ermənistanla “Dostluq körpüsü”nün inşasına yönəldə biləcəyi vəsaitə malik deyil. Tbilisinin Yerevanın layihə ilə bağlı canfəşanlığı fonunda susqunluğu bununla izah oluna bilər.