“WhatsApp”dakı dəyişiklik: Mesajlarımızı kimlər oxuyacaq?-Mütəxəssislər DANIŞIR
“Bizim Azərbaycandilli sosial media məkanı, media qurumları “WhatsApp”la bağlı məsələni çox, ifrat dərəcədə şişirdirlər. Ciddi narahatlıq üçün əsaslar yoxdur”
Yenixeber.org: Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Son günlər bütün sosial şəbəkələrin mövzusu "WhatsApp"ın artıq fevralın 8-dən şəxsi yazışmalarımızı, məlumatlarımızı öyrənib bundan istifadə edəcəyi ilə bağlı informasiyadır. Hər kəs "WhatsApp"na gələn həmin bildirişin fotosunu yayımlayaraq öz narahatlığını yazdı. Bu narahatlığa əsas varmı? Osman Gündüz bildirib ki, hər şeyi bu qədər qəlizləşdirməyə ehtiyac yoxdur:
“Biz uzun müddətdir bütün sosial resurslardan, o cümlədən “WhatsApp”dan pulsuz bəhrələnirik. Yəni, pulsuz bizə xidmət göstərilir. Xatırlayaq ki, biz bununla xeyli problemlərimizi həll edirik, xidmətlər alırıq. Bu resurslar bizə karyera qurmağa, informasiya mübadiləsinə, pul qazanmağa, biznes qurmağa kömək edir. Təbii ki, əvəzində bizim datalardan da, uzun müddətdir “Facebook” da, digərləri də istifadə edir. İndi də, “WhatsApp”da “Facebook”a məxsus olduğundan bu datalardan “WhatsApp” reklam məqsədilə də istifadə olunacaq. Yəni, pulsuz bu xidmətlərdən istifadənizin əvəzinə sizin razılığınız olmadan sizə reklam gələcək. Məhz bu tip mesaj və reklamlar alanda diqqətli olmaq lazımdır. Adi istifadəçinin adi yazışmaları heç kimə lazım deyil. Burada hansısa risklər yoxdur. Sadəcə , düşünürəm ki, dövlət qurumlarının , böyük biznes qurumların, xidməti və əhəmiyyətli məlumatlarının bu resurslar vasitəsilə açıqlanması risklər yarada bilər.
"WhatsApp"ın verdiyi rəsmi açıqlamalara görə, istifadəçilərin məlumatları artıq "Facebook" ilə paylaşılacaq. Yəni, məlumatlarınız "Facebook"a ötürüləcək. Təsəvvür edin, rəfiqələrinizlə gəlinlik geyimi barədə söhbət edərkən "İnstagram"da gəlinlik reklamlarıyla qarşılaşacaqsınız. Dostunuzla xəngəl yeməyi planlaşdırdıqda "Facebook"da xəngəl sifarişləri qəbul edən restoranların reklamlarını görəcəksiniz. Narahat olmalıyıqmı?
Mütəxəssis bildirib ki, bizim üçün bəzi təhlükələr də ola bilər. Bunun üçün bəzi məqamlara diqqət etməliyik:
“Fikrimcə , vətəndaşlarınmızın və qeyri-dövlət sektorunun, imkan daxilində, inkişafı üçün bu resurslardan maksimum istifadə etməyimiz daha doğru olardı. Pulsuz bizə təqdim olunan bu qlobal resurslardan inkişaf üçün, biznes üçün, karyera və xidmətlər almaq üçün maksimum bəhrələnməliyik. Bu resusların sahibi xarici vətəndaş olduğundan, resurs xarici olduğundan bizim üçün həmişə dayanıqlıqla bağlı risklər var. Yeri gəlmişkən, hazırda konqresdə “Facebook”, “Google”, “Apple” və s. ilə bağlı hesabat hazırlanıb. Ola bilər yaxın müddətdə bu resurslar məcburən parçalansın və “WhatsApp”ın sahibi ayrı olsun və başqa qaydalara riayət etsin. Odur ki, paralel olaraq digər resurslardan (Telegram, Signal və s) istifadə etmək doğru olardı. Nəzərə alaq ki, Telegram da rus vətəndaşına məxsusdur".
Osman Gündüz qeyd edin ki, diqqət yetiriləcək məqam bizim şəxsi məlumatlarımızın , müxtəlif dövlət və qeyri-dövlət sektorunun data bazalarında bizimlə bağlı məlumatların nə dərəcədə qorunmasıdır:
“Hələlik bizim şəxsi məlumatların qorunması Avropanın yeni GDPR standartlarına uyğunlaşdırılmayıb. Yəni, görəsən bizim mobil operatorlardakı nömrələrimiz, kiminsə nömrəsinə daxil olan və çıxan zənglərin history-si , ev ünvanlarımız, kiminsə harasa uçub-uçmaması ilə bağlı AZAL-dan olan məlimatlar nə dərəcədə qorunur? Məlumat üçün qeyd edim ki, qonşu ölkələrdə bununla bağlı böyük qara bazarlar formalaşıb. Məsələn, Rusiyada kiminsə mobil nömrəsini Beeline operatorundan 600-800 rubla almaq olar, bu nömrənin son ay üzrə billingini isə 3500-4500 rublla almaq olar. Kiminsə ev ünvanını da bəlli bir məbləğə pasport stoldan əldə etmək olur. Kimsə, daxili və ya xarici resurs bizim fərdi məlumatları 3-cü tərəfə verə bilər. Fikrimcə, biz ölkə daxilində fərdi məlumatların qorunması ilə bağlı qanunvericiliyin Avropanın GDPR standartlarına uyğunlaşdırması və təhlükəsizliyin gücləndiriıməsinə diqqət yetirməyimiz daha doğru və faydalı olardı”.
Bəs bizim üçün ən yaxşı "WhatsApp" alternativ mesajlaşma tətbiqləri hansılardır? İndi sizə ən yaxşı, yazışmalarımızı üçüncü tərəfə satmayan və ötürməyən mesajlaşma tətbiqlərini təqdim edəcəyik. SMM mütəxəssisi Ceyhun Əzimov bildirir ki, bu proqramlar arasında ən yaxşısı "Telegram" tətbiqidir:
“Məxfiliyiniz bu proqram vaistəsilə o qədər qorunur ki, "Telegram" şirkəti hakerlərə tətbiqdə boşluq taparlarsa, tətbiqdə kodlamaları qırarlarsa 500 000 dollar təklif edəcəyini bildirir. "Wickr Me" özəl və etibarlı şəkildə söhbət etməyə imkan verən pulsuz bir mesajlaşma tətbiqidir . "Wickr Me" ilə dostlarınıza şifrəli mətn, foto, video və səs göndərə bilərsiniz. "Wickr Me", gizliliyi universal bir insan hüququ kimi təyin edən 2011-ci ildə qurulmuş bir mesajlaşma tətbiqidir. Tətbiqdən istifadə edərkən şəxsi məlumatlarınız üçüncü tərəflərə satılmır, ötürülmür və məlumatlarınızdan tətbiq istifadə etmir. Mesajlaşarkən qarşı tərəf sizin yazışmalarınızı skrinşot (ekran görüntüsünü çəkmək) edə bilmir. Səs yazılarınızı, yazışmalarınızı, şəxsi məlumatlarınızı videoskrin edə bilmir. Tətbiq bunun qarşısını alır və qarşı tərəfin sizin yazışmalarınızın video və ya foto görüntü olaraq qeydə alma cəhdini bildiriş olaraq sizə göndərir. İstifadəçilərə mesajlar üçün taymerlər təyin etməyə də imkan verir. Müəyyən bir müddətdən sonra həm göndərənin, həm də alıcının cihazlarından mesajlar silinir”.
Ceyhun Əzimov qeyd edir ki, "Signal" da alternativ mesajlaşma tətbiqlərindən biridir:
"Whatsapp"dan ən böyük fərqi, foto və videoları daha sürətli və ucdan uca şifrələmə ilə göndərməkdə çox iddialı olmasıdır. "Wickr Me" tətbiqində olduğu kimi, "Signal"da da eyni qaydayla mesajlar üçün taymerlər mövcuddur. "WIRE" tətbiqi də həmçinin taymerli mesajlar, hər mesaj üçün şifrələmə funksiyası mövcuddur. "Dust" tətbiqi. Bu tətbiqdə qarşı tərəflə yazışdığınız mesajlar 24 saat sonra həm sizin, həm qarşı tərəfin yazışmaları avtomatik olaraq tamamilə silinir. Siz eyni anda da silə bilərsiniz. Qarşı tərəf sizin yazışmalarınızı skrinşot etmək cəhdi edərsə, "Dust" tətbiqi bu haqda sizə xəbərdarlıq bildirişi göndərir. Təbii ki, bu tətbiqdə də skrinşot və video skrin etməyə icazə verilmir."Dust" tətbiqi sizin məxviliyinizi qorumaq məqsədilə bunun qarşısını alır.
SMM mütəxəssisi deyir ki, "WhatsApp" tətbiqni silmək üçün aşağıda qeyd olunanlara riayət etmək lazımdır:
"Parametrlər" - "Hesab" - "Hesabımı sil" düyməsinə keçid edərək birdəfəlik silə bilərsiniz. Yuxarıda qeyd etdiyim bütün tətbiqlər "WhatsApp"dan fərqli olaraq gəlir əldə etmək məqsədilə istifadəçi məlumatlarından istifadə etmir. Bu tətbiqlərdə olan sizin məlumatlarınız sizin və tətbiq arasında qalır və üçüncü tərəflərə ötürülmür. Artıq "WhatsApp" tətbiqetməsini istifadə etmək istəyənlər bu müqaviləni qəbul etməlidir”.
Ümumiyətlə, telefonlara müdaxilə etmək mümkündürmü? Ceyhun Əzimovun sözlərinə görə, bu mümkündür:
“Bu da hakerlər tərəfindən hazırlanmış xüsusi “chip”lər tərəfindən mümkün olur. Belə müdaxilə keçən il “Whatsapp” üçün də təşkil olunmuşdu. Hackerlər “whatsapp” istifadəçinin cihazına bekdor quraşdırıb, “Whatsapp”da olan nasasızlıqdan istifadə ediblər.Lakin “Facebook” əməkdaşları bunun qarşısını almağı bacardı. Boşluğu aradan qaldırdı. Burdan da görünür ki “Facebook"a etibar edə bilərik. Bugünki aktual olan "Whatsapp mesajlarının kimlərsə tərəfindən oxunması" məsələsi cəmiyyət tərəfindən şişirdilməməlidir. Bundan əlavə "Whatsapp" üçün təhlükəsizliyi təmin edən şəxslər "İki addımlı təsdiqləmə"ni aktiv edə bilərlər.Bu təsdiqləmə hesab oğurlanmasının və ya icazəsiz girişin qarşısını alan bir üsuldur. Aktiv etmək istəyən şəxslər aşağıdakı ardıcıllığı yerinə yetirə bilərlər: “Whatsapp”a giriş ardınca “Ayarlar”, ”Hesab”, ”İki addımlı təsdiqləmə” butonuna basılır. Burada sizdən 6 xanalı şifrənizi iki dəfə girib təsdiq etməniz istənilir. Email ünvanınız eyni şəkildə iki dəfə yazılır və təsdiq edilir”.