Xankəndidə teatr çıxaran “artistlər” –aktrisa Janna Qalstyan alt paltarında qumbara gəzdirirmiş
Yenixeber.org: Qafqaz mentalitetində haqq-salama, duz-şörəyə həmişə yüksək dəyər verilib. Sözsüz ki, bu, ermənilərə aid deyil. Çünki bu toplum Qafqazda çox-çox sonralar məskunlaşıblar. Təəssüf ki, məskunlaşdıqları illər ərzində ermənilər bu dəyərləri düzgün qiymətləndirməyi, onları özlərində aşılamağı bacarmayıblar. Əksinə, onlara çörək verənlərə xor baxıblar.
Azərbaycanda yaşayan ermənilər bütün sahələrdə, siyasətdə, elmdə, idmanda, və digər sferalarda fəaliyyət göstərdikləri illərdə paxıl münasibətləri, xəyanətləri, arxadan zərbə vurmaqları ilə daha çox yadda qalıblar. Onların bu xisləti incəsənət nümayəndələrindən də yan keçməyib. Bu özünü keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində, onun mərkəzi olan Xankəndi şəhərində daha qabarıq biruzə çıxıb.
Sovet dövründə Azərbaycanda fəaliyyət göstərən erməni incəsənət nümayəndələrindən 16 nəfərinə respublikanın ən yüksək adlarından biri olan “Azərbaycanın xalq artisti” adı verilib. Əgər onların hər birinin ayrı-ayrı fəaliyyətlərinə nəzər salsaq, şahidi olarıq ki, hamısı müəyyən bir dövrdə Azərbaycana qarşı çıxıblar, hansısa bir mühitdə anti-Azərbaycan təbliğatı aparmaqdan çəkinməyiblər. 1988-ci ildə Qarabağ hadisələri başlanandan sonra isə Azərbaycanın hesabına ad, maddi imkan, vəzifə sahibi olan bu şəxslərin hamısı (sağ qalanlar) öz əsl simalarını göstəriblər, qatı millətçi kimi xəyanətkar mövqe nümayiş etdiriblər.
Azərbaycanın xalq artisti fəxri adı alan 16 nəfər ermənidən 7 nəfəri Xankəndi şəhərində yaşayıb, bu şəhərdə fəaliyyət göstərib. Maraqlı məqam odur ki, dünyaya car çəkərək Azərbaycan hökumətini ermənilər üçün heç bir şərait yaratmamaqda ittiham edən ermənilər bu rəqəmi heç vaxt dilə gətirməyiblər. Məlum olduğu kimi, Xankəndi çox da böyük şəhər olmayıb. 1980-ci illərdə əhalisinin sayı 53 min nəfərə çatıb. Amma Azərbaycanın əhalisi daha çox olan şəhər və rayonları ilə müqayisə etsək Xankəndidə fəaliyyət göstərən erməni incəsənət nümayəndələrinə fəxri adlar daha çox verilib.
Bununla yanaşı Xankəndi Dövlət Dram Teatrı üçün respublika büdcəsindən ermənilərin arzuladıqları qədər vəsait də ayrılıb.
Qeyd edək ki, Xankəndi şəhərində dram teatrı 11 avqust 1932-ci ildən fəaliyyətə başlayıb. Teatr 1989-cu ilə qədər Maksim Qorkinin adını daşıyıb. 1989-cu ildə isə teatra İstanbul şəhərində anadan olan, Xankəndi şəhərində heç vaxt yaşamayan və fəaliyyət göstərməyən erməni aktyor Vaqram Papazyanın adı verilib.
Xankəndi Dövlət Dram Teatrında fəaliyyət göstərdiyi illərdə bir nəfər də olsun azərbaycanlı işləməyib. Teatrın rəhbərləri ən adi işlərə belə azərbaycanlıları qəbul etməyib.
Zaman-zaman daşnak yuvasına çevrilən Xankəndi teatrı Qarabağ hadisələri başlananda mədəniyyət ocağından qan ocağına çevrilib. 1988-1989-cu illərdə teatrın binasında silah da saxlanılıb, erməni yaraqlılar da gizlədilib.
Teatr kollektivindən bir vaxtlar Viktor Polyaniçkonun fəaliyyətinə məhdudiyyət qoyduğu, millətçi fəaliyyətinə görə bir neçə sutka komendaturada saxlatdırdığı Janna Qalstyan, qatı millətçi kimi tanınan Benik Ovçiyan və Marqo Balasanyan hadisələrin başlandığı ilk günlərdən erməni hərəkatının ən qabaqcıl üzvlərindən olublar. Məhz bu üç nəfərin təbliğatı nəticəsində teatrın bütün kollektivi səhnəni silahlı ermənilərin yanında səngərlə əvəzləyiblər.
Teatrın aktyorları olan Martin Aloyan, Marat Davityan, Aleksandr Ayrapetyan, Qaqik Arutunyan, Aleksey Ayriyan, Suren Akopyan isə səhnə paltarlarını hərbi paltarlara dəyişərək döyüşlərə qatılıblar. 1966-cı il təvəllüdlü Xankəndi sakini Suren Akopyan Ağdam döyüşlərində azərbaycanlıların gülləsinə tuş gəlib.
Sözsüz ki, incəsənət adamlarının bu cür “vətənpərvərliyini” Xankəndi erməniləri yüksək qiymətləndiriblər. Amma onlar bir məsələni anlamayıblar ki, üstündə haqqın olmayan bir torpağın mübarizəsinə girişmək vətənpərvərlik yox, işğalçılıqdır.
Siyasi cəhətdən fəallıq göstərən aktyorlar qondarma “Dağlıq Qarabağ respublikası”nın ayrı-ayrı qurumlarında da təmsil olunublar. Özlərini Xankəndinin aydınları və ziyalıları sayan bu səhnə adamları Şuşa türməsində saxlanılan azərbaycanlı əsir və girovların saxlanılması şəraiti haqqında mətbuata verdikləri açıqlamalarda, utanıb çəkinmədən hər şeyin yüksək səviyyədə olduğunu söyləyiblər.
Amma Janna Qalstyan 1989-cu ildə anasının yaşadığı Şuşanın Qaladərəsi kəndində pasport rejiminin yoxlanılması vaxtı saxlanılanda həmin hadisə ilə bağlı Rusiya mətbuatına fərqli fikir bildirib:
“Məni guya pasport rejimini pozduğuma görə saxlamışdılar. Əslində bu tapşırıq Bakıdan gəlmişdi. Kənddən mənimlə bir yerdə poçtda işləyən Qayane adlı qızı da saxlamışdılar. Bizi xüsusi avtomobilə otuzdurdular. Düşündüm ki, yəqin Şuşa türməsinə aparacaqlar. Əgər belə olsaydı, mən alt paltarımda gizlətdiyim qumbaranı partladıb özümü öldürəcəkdim. Çünki Şuşa türməsindəki vəziyyətdən, şəraitdən xəbərdar idim...”
Həmin hadisədə Janna Qalstyanı Zori Balayan xilas edib. Bəli, əgər Zori Balayan olmasaydı, Janna Qalstyan alt paltarında gizlətdiyi qumbara ilə əsl teatr göstərəcəkmiş.
Teatr baş tutmadı. Xankəndi Dövlət Dram Teatrının aktyorlarının tamaşası alınmadı. Azərbaycan Ordusu 44 gün ərzində elə “tamaşa” göstərdi ki, çətin bir də Xankəndi teatrının qapıları erməni tamaşaçlarının üzünə açılsın...
İlham Cəmiloğlu