Qarabağ ermənilərinin “xaç atası”nın bəd taleyi –Manuçarova nə Xankəndidə, nə İrəvanda yer tapılmayıb
13 fevral 1988-ci il... 32 il öncə Dağlıq Qarabağda yaşayan ermənilər ilk dəfə olaraq məhz bu tarixdə əsassız torpaq iddiası ilə Xankəndi şəhərinin baş meydanında nümayişə çıxıblar...
Yenixeber.org: İlk nümayişə bir az qorxu, bir az tərəddüd, bir az da inamsız çıxan millətçi ermənilər bu qanunsuz aksiyaya görə heç bir kəskin reaksiya ilə qarşılaşmadıqlarından sonrakı fəaliyyətlərini daha geniş miqyasda davam etdiriblər. Hadisələrin canlı şahidi, Xankəndi sakini kimi qeyd edə bilərəm ki, ermənilər özləri də planlaşdırdıqları açıq tədbirlərin baş tutacağına çox da inamlı deyildilər. Ən azı ona görə ki, hələ SSRİ-nin mövcud olduğu dövrdə bu səpkidə olan tədbirlərin keçirilməsi mövcud rejimin qaydalarına, qanunlarına tam zidd idi.
Əslində bu proseslərə hazırlıq sonradan məlum olduğu kimi, hələ çox-çox əvvəllərdən başlanıb. 1967-ci il Xankəndi hadisələrindən sonra bir müddət açıq müstəvidə görünməyən millətçilər gizli şəkildə təşkilatlanıblar, planlarının həyata keçirilməsi üçün yetərincə maliyyə vəsaiti toplaya biliblər.
Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana verilməsi planını ermənilər mütəşəkkil şəkildə həyata keçirmək üçün bütün vasitələrə əl atıblar. Moskvada yaşayan və yuxarı dairələrlə əlaqələri olan ermənilər Kremllə sövdələşmələr aparıblar. İrəvanda “Qarabağ” təşkilatı yaranıb ki, əsas fəaliyyəti məhz bu istiqamətə yönəlib. Dağlıq Qarabağda isə “Krunk” cəmiyyəti öz sıralarını daha da zənginləşdirib və bu cəmiyyətə rəhbərlik edənlərdən biri də özünü Xankəndinin ağası sayan Arkadi Manuçarov olub. Elə 13 fevral 1988-ci ildə meydanda görünən ilk şəxslərdən biri də məhz o olub.
Azərbaycanın hesabına zənginləşən və sözün əsl mənasında bu zənginlikdən quduran Arkadi Manuçarov həmin nümayiş və mitinqlərdə işlətdiyi ifadələrdən biri belə olub:
“Azərbaycanlılar bizim tarixi torpağımız olan Qarabağda yalnız qul kimi işləyə bilərlər, onlara heç bir güzəşt və imtiyaz ola bilməz, bu həmişə belə olub və bundan sonra da belə olacaq...”
Arkadi Manuçarov 1931-ci ildə Xankəndi şəhərində anadan olub. Həmin şəhərdəki 3 nömrəli orta məktəbdə oxuyub. 1950-1955-ci ildə Moskvada Kuybışev adına Mühəndis-Tikinti institutunda ali təhsil alıb. İlk əmək fəaliyyətinə Çelyabinskdə mühəndis kimi başlayıb.
Manuçarov 1958-ci ildə Xankəndi şəhərinə qayıdıb və şəhərdəki tikinti idarəsində baş mühəndis, 1962-ci ildən isə idarənin rəisi vəzifəsində işləyib.
Arkadi Manuçarov həmin ərəfədə vilayətin partiya, daxili işlər və milli təhlükəsizlik orqanları tərəfindən “narahat adam” kimi qəbul edilib və çox keçməmiş onun “narahatlığı” özünü biruzə verib.
1966-cı ildə Manuçarov və Xankəndidə fəaliyyət göstərən digər dörd iri müəssisənin rəhbərləri vilayət tədbirlərində etdikləri çıxışlarda milli zəmində məsələlərə toxunublar. Manuçarovun təşəbbüsü ilə Dağlıq Qarabağda yaşayan ermənilərin “müdafiə” olunması üçün təşkilatlar yaratmaq məsələsinə cəhd olunub. Bu cəhdlərin qarşısı alınıb. Manuçarov və həmin dörd nəfər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göstərişi ilə partiya sıralarından xaric ediliblər. Manuçarov haqqında isə xüsusi tədbir görülüb, onun Dağlıq Qarabağda fəaliyyəti mümkünsüz sayılıb.
Ermənistan rəhbərliyi Manuçarovdan köməyini əsirgəməyib və o, 1966-cı ildə ailəsi ilə birgə İrəvana köçüb, ən böyük tikinti trestlərinin birinə rəhbərlik edib.
11 il ötütdükdən sonra təhlükə sovuşduğunu görən Arkadi Manuçarov 1977-ci ildə yenidən Xankəndi şəhərinə qayıdıb. Bu dəfə isə o, Dağlıq Qarabağ Muxtar vilayətinin ən böyük müəssisələrindən biri olan tikinti materialları kombinatına baş direktor təyin edilib.
Manuçarovun vəzifə təyinatları, rəhbərlik etdiyi müəssisənin SSRİ-də birincilər sırasında olması, təltifləri Ermənistan tərəfindən idarə olunub. Onun Xankəndi şəhərinə qayıtmasının arxasında da gizli məqsədlər dayanıb. Manuçarov Dağlıq Qarabağa məhz erməni hərəkatının yaradılması üçün qaytarılıb.
Məhz bu “arxa”ya görə Arkadi Manuçarov vilayət rəhbərliyi ilə heç vaxt hesablaşmayıb, istər partiya, istərsə də hüquq-mühafizə orqanlarının rəhbərlərini Manuçarov özündən aşağıda dayanan şəxslər kimi qəbul edib. Faktiki olaraq vilayətdə onun fikri həlledici rol oynayıb.
Arkadi Manaçurov “erməni milli hərəkatı”na, sonralar isə “Krunk” təşkilatına xarici havadarları tərəfindən yığılan pullara şəxsi vəsaiti kimi baxıb. Həmin ərəfədə Manuçarov və təşkilatın digər yeddi nəfərinin həmin pullardan şəxsi məqsədləri üçün istifadə etmələri isə təkcə Xankəndi şəhərində deyil, həm İrəvanda, həm də Moskvada böyük qalmaqala səbəb olub. Bu hadisədən sonra Manuçarovun nüfuzu Dağlıq Qarabağda xeyli aşağı düşüb, bölgədə yaşayan ermənilər ona inamını itiriblər.
1988-cı ilin noyabrında Arkadi Manuçarov həbs edilib. Onun həbsinin bir səbəbi qanunsuz siyasi fəaliyyəti ilə bağlı olub. İkinci səbəb isə ermənilər özləri bu həbsə zəmin yaradıblar, “erməni milli hərəkatı”na yığılan pulları mənimsədiyinə görə.
Arkadi Manuçarov 18 ay həbsdə qalıb, onu əvvəlcə Şuşa türməsində, daha sonra isə Moskvada “Butırka”da saxlayıblar. Ən çətin anlarda birləşməyi bacaran ermənilər Manuçarovu 1990-cı ilin may ayında dəmir barmaqlıqlar arasından xilas edə biliblər.
Yenidən Xankəndi şəhərinə dönən Manuçarov meydana yeni gələn qüvvələrin arasında öz siyasi fəaliyyətini əvvəlki kimi fəal davam etdirə bilməyib. Yeni “lider”lər yeni planlarını işə salıblar. 1988-ci ilin fevral ayından başlanan hadisələr zamanı isə Dağlıq Qarabağda yaşayan azərbaycanlılara Bakı öz kömək əlini uzada bilməyib. Meydana çıxan yeni “Manuçarovlar” bu əlverişli şəraitdən səmərəli şəkildə bəhrələniblər.
1996-cı ildə Arkadi Manuçarov elə ermənilərin təkidi ilə Xankəndi şəhərini tərk etmək məcburiyyətində qalıb. O, Ermənistana üz tutsa da, orada da Manuçarova əvvəlki hörmət göstərilmiyib və Ermənistan rəhbərliyi Manuçarovun İrəvanda yaşamasını məqbul saymayıb.
Manuçarov ömrünün son illərində Moskvada məskunlaşmağa məcbur olub və 2008-ci ildə də Moskvada ölüb.(musavat)
İlham Cəmiloğlu