Pandemiya uzanır: -Azərbaycan sahibkarları nə etməlidir?
Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus (COVID-19) pandemiyasının 2-ci və daha güclü dalğası başlayıb.
Yenixeber.org: Artıq virusa gündəlik yoluxma sayı onlarla, yüzlərlə deyil, minlərlə ölçülür. Bunu nəzərə alan hökumət xüsusi karantin rejiminin müddətini dekabrın 28-nə qədər uzadıb, şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələrdə yerində xidmətlərin dayandırılmasına qərar verib. Bu cür qadağalar isə biznesə təsirsiz ötüşə bilməz. Bəs Azərbaycan sahibkarları “ayaq üstə” qalmaq üçün nə etməlidir?
Bu məsələlərlə bağlı iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrəndik.
“Dövlət bütün yükü üzərinə götürə bilməz”
Onun fikrincə, yerli biznesin çətin günləri hələ qabaqdadır və dövlət pandemiya ilə bağlı bütün yükü üzərinə götürə bilməz: “Mövcud şərtlər daxilində dövlətin maliyyə yükü formalaşıb. Üstəlik sentyabrın 27-dən sonra torpaqların işğaldan azad edilməsi ilə bağlı əməliyyatların da maliyyə yükü olub. İstənilən halda post-müharibə və post-pandemiya dövründə Azərbaycan iqtisadiyyatının əsas lokomotivi məhz kiçik və orta sahibkarlıq subyektləri olacaq və onların pandemiya dövrünü hansısa formada fəaliyyətlərinin davam etdirilməsi təmin edilməlidir. Hesab edirəm ki, ilk olaraq fəaliyyətlərin tam olaraq məhdudlaşdırılması istiqamətində qərarlar qəbul edilməməlidir. Müəyyən şərtlər daxilində, müəyyən gigiyenik normalara əməl edilməklə fəaliyyətin davamlılığı təmin edilməlidir. İqtisadi fəaliyyət sahəsində tam olaraq fəaliyyətin məhdudlaşdırılmasına gedilməməlidir.
İkincisi, sabit xərclərin kompensasiya məsələsi müəssisələrin maliyyə fəaliyyətinin nəticələrinin müəyyən qədər qorunması və likvidliliyin dəstəklənməsi məsələsidir. Yəni, hansısa formada sabit xərc yükü formalaşdıran sosial siğorta öhdəlikləri, vergi öhdəlikləri və kredit xərclərinin kompensasiya yolu ilə məhdudlaşdırılması, əvəzlənməsi haqqında qərarlar qəbul edilməlidir. Biz bunu əvvəlcədən də təklif etmişdik. Bizdə icarə haqqlarına təklif edilən faiz dərəcəsi 14%-dən 8%-ə qədər azaldılıb. Amma bu o demək deyil ki, burada sahibkar icarədara güzəşt edir. Bəzi hallarda güzəşt olmaya da bilər. Bundan başqa, maliyyə istiqamətində də dəstək göstərilməlidir. Maliyyə bazarlarına əlçatanlığın artırılması müəyyən mənada təmin edilməyə çalışılır. Lakin bir çox hallarda pandemiyanın yaratdığı konyuktur bankların kiçik və orta sahibkarlar da daxil olmaqla subyektlərə kredit verməsində əngəllər yaradır. Çünki banklar müəssisənin likvidliyini qiymətləndirir, onun kredit qaytarma qabiliyyətini qiymətləndirir və bu əsasda kreditlər təşkil edirlər. İndiki şərtlər daxilində bu çətin görünür”.
“Kredit tətilləri verilməlidir”
R.Həsənov hesab edir ki, indiki halda mövcud öhdəliklər üzrə kredit tətillərin verilməsi mütləqdir: “Kredit tətilləri verilməlidir, bunun əvəzində Azərbaycan Mərkəzi Bank banklara likvidlilik dəstəyi, faizsiz mərkəzləşdirilmiş kredit verməlidir və ən azından növbəti bir ildə sahibkarlıq subyektlərinin kredit öhdəlikləri dondurulmalıdır. Bu yolla hansısa formada müəssisələrin maliyyə dayanıqlığının qorunmasına çalışmaq lazımdır. Bu istiqamətdə görüləsi çox işlər var. Amma çalışmaq lazımdır ki, bu işlər dövlətə həm fiskal yük formalaşdırmasın, həm də ciddi maliyyə itkilərinə gətirib çıxartmasın. Həm də müəssisənin müəyyən müddətdə fəaliyyətlərinin qorunub saxlanılması üçün hardasa bir yol olsun.
Dünyanın ən inkişaf etmiş ölkələrində belə biznes şəbəkələri pandemiya şəraitində özünü ayaqda saxlaya bilmirlər, çünki pandemiya faktiki olaraq istehlak gücünün azalmasına, fəaliyyətlərinin məhdudlaşmasına səbəb olur. Bəzi hallarda işçilərin xəstələnməsi səbəbindən əmək münasibətlərin pozulmasına, bütün seqmentlər üzrə dəyər zəncirinin bütün halqaları üzrə fasilələrə gətirib çıxarır. Bu isə sahibkarlara müəyyən zərər formalaşdırır".
“Pandemiya şəraitində inkişaf edən sahələr də oldu”
Mütəxəssisin sözlərinə görə, pandemiyanın yaratdığı çətinliklərdən müəyyən nəticələr çıxarılmalıdır: “Ümumiyyətlə, pandemiya dövründə hansı sahələrin inkişaf etdiyinə diqqət etmək lazımdır. Səhiyyə xidmətlərinə və dərman vasitələrinin istehsalına tələb artdı. Səhiyyə sahəsinin inkişafı pandemiyanın mövcudluğu şəraitində anlaşılandır. Amma onlayn xidmətlərin göstərilməsi, yəni digital sfera üzərindən xidmətlərin təklif edilməsi, fəaliyyətlərin təmin edilməsi kimi sahələrə cəmiyyətin marağı həddindən çox artdı. Bu sahələrdə çox sürətlə böyümələr oldu. Xüsusilə onlayn xidmət, onlayn ticarət sahəsində əhəmiyyətli artımlar müşahidə edilir.
Burdan çıxarılan böyük nəticələr var. Birincisi, yeni yatırımlar edilərkən hansı istiqamətlərə yönəlmək lazımdır?! İkincisi şirkətlər, müəssisələr fəaliyyətlərini mümkün qədər hansısa formada qeyd edilən texnologiyalardan istifadə edərək onlayn platformalar üzərindən təklif etməlidirlər. Bu il bizdə elektron ticarət sahəsində maraqlı statistik göstəricilər qeydə alınıb. Bu ilin 9 ayında ötən illə müqayisədə elektron ticarət dövriyyəsi 3,1 milyard manat artıb. Bu, ötən illə müqayisədə 2,4 dəfə çox mal və xidmətlərin onlayn qaydada satışını təşkil edə bilmişik. Yəni, biz 15 il ərzində əldə etdiyimiz nəticə 2-3 milyard manat idi. Bu il bu göstərici 5 milyard manatdan çox oldu. Bu, çox böyük nəticədir və çıxarılmalı dərslər var. Sahibkarlıq subyektləri diqqət etməlidir. Həm sahibkarlar , həm də istehlakçılar bu kimi texnologiyaları tətbiqinə konservativ yanaşırlar. Amma sahibkar çalışmalıdır ki, onun nagdsız ödənişin həyata keçirilməsi üçün müvafiq infrastrukturu olsun. Onlayn xidmətləri təklif etmək üçün müvafiq platformaların imkanlarından istifadə edilsin. Yəni, müsbət məqam ondan ibarətdir ki, pandemiya dövründə bu istiqamətdə müəyyən irəliləyişlər əldə edildi. Pandemiya dövründə həm biznesin davranışında, həm də istehlakçının davranışında müəyyən irəliləyişlər var. İstehlakçılar da əvvəlki kimi məsələlərə konservativ yanaşmırlar. Mümkün qədər bu istiqamətdə müəyyən meylilik hiss edilir. Hətta orta və yaşlı nəsildə elektron ticarətə maraq var. Bu digital bacarıqların inkişafı nagdsız ödəniş sistemlərinin onlayn platformalardan istifadəyə maraq müşahidə edilir. Şirkətlər bu istiqamətə də yönəlməlidirlər”.
“Biznes gəlir əmsalını yüksəltməlidir”
R.Həsənov biznes fəaliyyətində optimallaşdırmanın da vacib olduğunu deyir: “Düzdür, bu gün dövlətin siyasəti hansısa formada işçilərin işdən çıxarılmaması, məşğulluğun müəyyən qədər təmin edilməsidir. Bu məqsədlə də müxtəlif proqramlar çərçivəsində sahibkarlıq subyektlərinə birbaşa maliyyə dəstəyi verildi. Bununla yanaşı, orta və uzun müddətli dövrdə şirkətlər çalışmalıdır ki, müasir texnologiyalardan tətbiq etməklə mümkün qədər əmək qüvvəsinə olan ehtiyacı azaltsınlar. Bu şəkildə maliyyə təsərrüfat fəaliyyətlərini hardasa xarici şoklara qarşı dayanıqlığını artırsınlar və gəlir əmsalını da yüksəltsinlər. İndiki halda dövlətin də maarifləndirmə və təşviq işlərini öz üzərinə götürməklə hansısa formada prosesdə lokomativ rolunu oynaması zərurəti var.
Biznes qaydalara riayyət etməyi öyrənməlidir. Pandemiyanın ortaya qoyduğu çağırışlardan biri də budur. Biznes nə dərəcədə yeni sanitariya gigiyena tələblərinə uyğun fəaliyyət göstərir, o qədər də yoluxma hallarının sayı daha az olur. Bizdə biznesin və vətəndaşların davranışlarının, vərdişlərinin dəyişdirilməsins ehtiyac var. Karantin qaydalarına yumşalma olan kimi tibbi maskanı hamı atacaq. İsveçrə pandemiya dövründə çox ciddi sərt karantin tədbirləri qəbul etmədi. Bu ölkənin prezidenti bildirmişdi ki, bizdə qanunların, rəsmi qərarların verilməsinə ehtiyac yoxdur. Çünki vətəndaşlar tövsiyyələrə belə əməl edir. Ancaq bizdə bu yoxdur. Biznes yeni qaydalarla fəaliyyət göstərdiyi təqdirdə, qaydalara uyduğu təqdirdə daha az yoluxma olacaq. Bu da növbəti mərhələdə məhdudlaşdırma qərarlarının tətbiq edilməməsinə və karantin qaydalarının yumşalmasına gətirib çıxaracaq”.
“Azərbaycana məmur biznesi lazım deyil”
İqtisadçı-ekspertin fikrincə, pandemiya dövründə ən çox ziyan çəkən sahə turizm olub: “Azərbaycan hökumətinin də qiymətləndirilməsində turizm sektoru pandemiyadan ən ciddi təsirlənən sektordur. İqtisadiyyat Nazirliyi onu 100% təsirlənmiş seqmentlər sırasına daxil edib. Lakin hökumət turizm sektoruna daha çox dəstək verməli idi. Səyahətin təşkili sahəsinin və bələdçi sahəsinin 100% fəaliyyəti dayanıb. Pandemiyaya qədər Azərbaycanda səyahət və tur paketlərinin gəlirlərinin 88 %-i yalnız gəlmə turizmindən formalaşmışdı. Ölkədə getmə turizminə xidmətlər formalaşmayıb. Sərhədləri bağlamışıq. Belə olduğu təqdirdə isə onların sabit xərcləri var. Ən azı sabit vergi öhdəlikləri, kredit öhdəlikləri yerinə yetirilməlidir.
Bundan başqa, turizm şirkətləri müəyyən tur paketlər satmışdılar, həmin paketlərə görə geri ödənişlər edilməli idi, bu, bir zəncir idi, aldığı vəsaiti ötürmüşdü dəyər zəncirinin növbəti halqasına - yerləşdirmə xidmətinə, onu geri ala bilmirdi. Bu sahədə çox ciddi diferensial yanaşmanın ortaya qoyulmasına ehtiyac var. Bizdə sabit yanaşma ortaya qoyuldu. Turizm sektoruma edilən dəstəklə digər sahələrə edilən dəstək arasında fərq olmadı”.
Onun sözlərinə görə, hər bir böhranın yaratdığı fürsətlər var: “Bu fürsətlərə bizim investorlar daha geniş aspektdən baxmalıdır. Bizim invesitorlar bundan sonra taktiki deyil, starteji maraqlar üzərində öz fəaliyyətlərini qurmalıdırlar. Biznesin böyük əksəriyyəti məmurlara bağlı idi. Məmur da bu gün varsa, biznesi aktiv idi, yoxdursa biznesi məhv olurdu. Ona görə məmura bağlı olan şirkətlər strategiya qurmurdular. Bütün məsələlərə baxış dəyişməlidir, həm hökumətdə, həm də sahibkarlarda dəyişməlidir. Bizim həm xarici, həm də yerli investisiyaya ehtiyacımız var. Bizim təşəbbüskar sahibkara ehtiyacımız var. Məmurun yaratdığı passiv seqment subyektləri bizə lazım deyil". (report)