"Azərbaycan, İslam dünyası üçün digər dünyaya açılan pəncərəsidir" -Əflatun Amaşov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanı Krallığında səfərdədir. Həmçinin, Əli Həsənovla birgə bir qrup azərbaycanlı jurnalist də Səudiyyə Ərəbistanına yollanıb.
Xeberinfo.com: Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Modern.az-a açıqlamasında səfərin əhəmiyyətini şərh edib.
O, bu səfərin iki ölkə arasında daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib.
“Azərbaycan İslam dünyasının ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, həm də İslam Əməkdaşlıq Təşkilatının aktiv üzvüdür. Hazırkı xristian və islam dünyası arasında müəyyən mədəniyyətlərarası problemlər yaşanır. Adətən bu qarşıdurmadan daha çox müsəlman dünyası əziyyət çəkir. Məsələn, Yaxın Şərqdə baş verən olayları misal göstərmək olar.
Digər dünyadan müsəlman dünyasına baxış çox fərqlidir. İkili standartlar mövcuddur. Belə məqamda islam dəyərlərini də dünyaya tanıtmaq vacibdir. Bu sahədə İslam Əməkdaşlıq Təşkilatı müəyyən işlər görür. Azərbaycan da həmin təşkilatın üzvlərindən biridir. Təbii ki, bu birliyə Azərbaycan da töhfələr verir. Artıq qısa bir müddətdən sonra Bakıda 4-cü İslam Həmrəyliyi Oyunları keçiriləcək. Təqribən 60 yaxın islam ölkəsindən 6000-a yaxın idmançı Azərbaycana təşrif buyuracaq. Bütün bunların hamısı İslam ölkələrini daha da möhkəmləndirməyə xidmət edən amillərdən biridir”.
Əflatun Amaşov, Azərbaycanın 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsinə də diqqət çəkib.
“Cənab prezident 2017-ci ili “İslam həmrəyliyi ili” elan edib. Eyni zamanda, Azərbaycan bununla özünü bir növ, İslam ölkələri ilə həmrəy etmiş olur. Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ problemidir. Haqlı olaraq, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın haqq işini dəstəkləyən beynəlxalq qurumlardan biridir. Azərbaycan kifayət qədər inkişaf etmiş bir ölkədir. Düşünürəm ki, Azərbaycanın İslam dünyası ölkələri ilə ikitərəfli əməkdaşlığı möhkəmləndirməsi həm islam dünyası, həm də Azərbaycan üçün əhəmiyyətlidir. İslam dünyasına ona görə əhəmiyyətlidir ki, Azərbaycan, İslam dünyası üçün digər dünyaya açılan pəncərəsidir”.
Deputat, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da Səudiyyə Ərəbistanı səfərindan danışıb.
“Azərbaycanda tolerant mühitin olması, müxtəlif dinli insanların bir yerdə yaşaması, aparılan iqtisadi islahatlar digər islam dövlətləri üçün örnəkdir. Eyni zamanda, Azərbaycan İslam dünyasında əməli addımlar atmaqla, özü üçün dayaqlar tapır və başqa islam dövlətlərinin təcrübəsindən faydalanır. Təbii ki, burada medianın da rolu böyükdür. Bir müddət bundan əvvəl Azərbaycanda İslam ölkələri jurnalistlərinin birliyinin yaranması ilə bağlı ideya meydana atıldı. İndi isə bir qrup Azərbaycan jurnalistinin və Azərbaycan prezidentinin köməkçisi, İctimai-siyasi şöbənin müdiri Əli Həsənovun Səudiyyə Ərəbistanında səfərdə olması həm iki dövlət arasında, həm də media müstəvisi üzərindən əlaqələrin güclənməsinə təkan verəcək. Qarşılıqlı fikir mübadilələri aparılacaq. Səudiyyə Ərəbistanı jurnalistləri də bura gələcək. Bununla da, hərtərəfli əlaqələrin daha da möhkəm olmasına şərait yaradılacaq”.