Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Bu gün nazirlikdə güclü mütəxəssislər qalmayıb..." -“Aqrolizinq”in sabiq sədri Heydər Əsədovu “vurdu”

Yenixeber.org: “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri, “Agro Business Group” şirkətinin təsisçisi Əli Bayramov Publika.az-a müsahibə verib.

  Müsahibədəki bəzi eyhamlı fikirləri və maraqlı açıqlamaları nəzərə alaraq, onu oxuculara təqdim edir:

– Hazırda nə işlə məşğulsuz?

– “Aqrolizinq” ASC-dən gedəndən sonra – 2014-cü ildə kənd təsərrüfatı sahəsini sevən bir şəxs kimi “Agro Business Group” adlı şirkət təsis etmişik. Həmin ildən kənd təsərrüfatı işləri ilə məşğul oluruq. İstiqamətimiz bağçılıqdır. Əsasən tərəvəzçiliklə məşğul oluruq. Kartof, soğan, kələm, kök, qarpız, yemiş əkirik. Əsas diqqəti isə meyvəçiliyə yönəltmişik. Alma, gilas, nar məhsulları yetişdiririk. Bağlarımız artıq məhsul verir. Mövcud bazarın nəbzini tutmaq istəyirik. Nəzəri biliklərimizi təcrübədə tətbiq edirik. Allaha şükür ki, nəticələr pis deyil. Daha da inkişaf etmək istəyirik.

İdeya özümündü. Bilirsiz ki, mən uzun illər kənd təsərrüfatı sahəsində çalışmışam, 1 saylı şərab emalı zavodunun direktoru olmuşam, tütün kombinatında işləmişəm. Yəni, həyatım kənd təsərrüfatı ilə bağlı olub. Vəzifədən gedəndən sonra təbii olaraq, öz sahəmə uyğun bir iş qurmalı idim. Ona görə də məhz kənd təsərrüfatı sahəsinə üz tutdum.

– Vaxtilə yüksək dövlət vəzifələrində işləmiş bir çox məmur öz postundan gedəndən sonra ölkəmizdə deyil, xaricdə biznes qurmağa üstünlük verir. Amma siz bu ənənəni davam etdirmədiniz…

– Niyə xaricə getməli idim? Öz ölkəmizə nə olub? Çox gözəl ölkəmiz var, Azərbaycanda biznes qurmaq mənim üçün qürurvericidir. Məgər dövlət vəzifəsində çalışmaq bizə ömürlük verilib? Mən 30 il dövlət işində çalışmışam. Daha bu qədər bəsdir də! İndi də gənclər işləməlidir. Yaxşı, gənclərə imkan verməyək və biz ölənədək vəzifələrdə qalıb işləyək, o zaman gənclərin axırı necə olacaq? Axı onlar da özünü göstərməli və vəzifələrdə işləməlidirlər!

Azərbaycanın kənd təsərrüfatı sahəsində hərtərəfli inkişaf gedir. Ancaq bu sahədə problemlərimiz də var. Bunu cənab Prezident də keçirdiyi müşavirələrdə söyləyir. Biz ilk növbədə həmin problemlərin həlli yollarından danışmalıyıq. Mən söhbəti əsasən 4 istiqamətdə qurardım. Birincisi torpaq, ikincisi subsidiyalaşma siyasəti, üçüncü statistika, dördüncüsü isə təhsildir.

Bildiyiniz kimi, kənd təsərrüfatı məhsulları torpaq üzərində yetişdirilir. Bizdə isə torpağa olan münasibət hələ dəyişməyib. Azərbaycanda torpaqdan çox səmərəsiz istifadə olunur. İlk növbədə şoranlaşmış torpaqlar əkin dövriyyəsinə qaytarımalıdır. Azərbaycan əhalisinin sayı artır, münbit torpaqların sahəsi isə azalır. Torpaqdan düzgün istifadə etməyəndə o torpaq qocalır və gələcəkdə orada yüksək nəticə əldə etməkdən söhbət gedə bilməz. Yer kürəsində mövcud olan torpaq qatının üzərinin cəmi 20-30 santimetri əkinəyararlıdır. Qalan hissələri isə qum, gil, daş, qaya və digər müxtəlif süxurlardan ibarətdir. Həmin 20-30 santimetr münbit torpaq qatı bütün Yer kürəsi əhalisini qidalandırır. Yer kürəsində də münbit torpaq qatının 1 santimetr artması üçün yüz illərlə zaman lazımdır. Təsəvvür edin ki, 100 ilə cəmi 1 santimetr münbit torpaq qatı əmələ gələ bilir. Bizdə isə torpağa yanaşma şüursuz qaydada olduğu üçün münbit torpaqlar məhv olur. Bu, çox ciddi məsələdir. Biz ilk növbədə torpağa yanaşmaya diqqət etməliyik.

Digər tərəfdən, şoranlaşan və əkinə yarasız torpaq sahələri əkin dövriyyəsinə qaytarılmalıdır. Kənd Təsərrüfatı Nazirliyi bu məsələyə də ciddi diqqət yetirməli və meliorativ işlər həyata keçirilməlidir. Sovet dövründə torpaqların gipslənməsi, əhənglənməsi işləri görülürdü. O vaxt bu dövlətin siyasəti idi. Ancaq SSRİ dağıldıqdan sonra bu işlər yerinə yetirilmədi.

Həmçinin torpaqlarda həyata keçirilən əkin işlərinə də ciddi nəzarət olunmalıdır. Sahibkar torpağı istədiyi kimi istifadə edə bilməz. Hazırda Azərbaycanın ərazisi elə də böyük deyil, üstəlik, 20 faiz torpağımız erməni işğalındadır. Bu gün Azərbaycanda böyük şəkər zavodu fəaliyyət göstərir. Ölkə ərazisində 15-20 min hektarlıq şəkər çuğunduru əkilir. Amma mən hesab edirəm ki, biz şəkər çuğundurunu çox əkirik. 20 min hektar torpağa şəkər çuğunduru əkmək düzgün deyil. Çünki bu qədər əkində məhsuldarlıq da çox aşağıdır. Azərbaycanda şəkər çuğundurunu 10 min hektarda əkib, daha çox məhsuldarlıq əldə etmək mümkündür. Bu sahədə geniş torpaq sahələrindən istifadə etmək zərərlidir. Çünki şəkər çuğunduru əkilən torpaq sahəsində 4 il heç bir bitki əkib-becərmək mümkün olmur. Bu elə bitkidir ki, torpağın bütün şirəsini özünə çəkir və həmin ərazi ölmüş vəziyyətə düşür. İstifadə etsən belə, nəticə əldə edə bilmirsən. Buna görə bu gün münbit torpaqlarımız azdır. Məcburuqmu ki, bu qədər şəkər çuğunduru əkib münbit torpaqları məhv edək?

Həmçinin, 950 min hektar sahədə taxıl əkirik. Bu da düzgün torpaq siyasəti deyil. Düşünürəm ki, Azərbaycanda taxıl sahələrinin ümumi ərazisi maksimum 600 min hektardan çox olmamalıdır. Həmin 600 min hektarda da düzgün suvarma sistemləri, irreqasiya və meliorasiya mexanizmləri həyata keçirilməlidir ki, lazım olan nəticəni əldə edək. Yoxsa ki, özümüzü yüz faiz taxılla təmin etmək naminə bütün əkinə yararlı torpaqlarda taxıl əkib-becərmək düzgün iş deyil. Azərbaycanda taxıl və digər bitkilər ekstensiv üsullarla əkib-becərilir.

Bu gün İsrail kimi güclü dövlət öz ərazisində taxıl əkmir. Səbəbi də əkinə yararlı torpaq sahələrinin çox az olmasıdır. Ona görə də İsrail ərzaq məhsullarını, buğdanı xaricdən alır. İsrail mütəxəssisləri belə hesab edir ki, bir hektara taxıl əkib 500 manat qazanmaqdansa, sitrus bitkisi əkib 5 min manat gəlir əldə etmək olar. Həmin pulun bir hissəsinə isə ehtiyac duyulduğu qədər taxıl alınar. Yəni İsraildə kənd təsərrüfatı siyasəti bu cür həyata keçirilir.

– Bəs subsidiya siyasəti necə həyata keçirilməlidir?

– Subsidiyalaşma tamamilə dəyişməlidir. Bütün ölkə ərazisində becərilən torpaq sahələrinə dövlət pul vəsaiti ayırır. Doğrudur, bu vaxtilə effekt verirdi. Ancaq indi bu siyasət müsbət nəticə vermir. Misal üçün, Bakıdan Şamaxıya gedəndə, görürük ki, yolun sağında və solunda böyük ərazilərə dəmyə şəraitində taxıl əkilib. İnanın ki, həmin dağlıq ərazilərdə əkilən taxıl sahələrinin hər hektarından 15 sentnerdən artıq məhsul yığılmır. Çox cüzi miqdarda qazanc əldə olunur. Dövlət də həmin taxıla görə ora subsidiyalar ayırır. Yəni, bu cür sahələrdə subsidiya öz effektivliyini göstərə bilmir. Subsidiyanı o yerdə verirlər ki, həmin ərazidə əkilən məhsuldan yaxşı nəticə əldə olunur. Şamaxıda həmin ərazilərdə əkilən taxıl əvəzinə, heyvandarlığı inkişaf etdirmək olardı. Dövlət də orada heyvandarlığa subsidiya ayırardı, insanlar da daha çox xeyir əldə edərdilər. Xızıda, Şamaxıda, Lerikdə dağların başında nə taxıl bitəcək? O zaman dövlətin pulları niyə boş-boşuna xərclənsin?

Kənd təsərrüfatının inkişaf etdirilməsinin digər ən vacib məsələsi isə statistika ilə bağlıdır. Çünki bu gün Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı statistika qurumlarının verdiyi rəqəmlər şübhə doğurur. Çox təəssüf ki, bu reallıqdır və açıq demək lazımdır. Yəni, bu il nə qədər məhsul əldə edilib, neçə hektarda hansı bitkilər əkilib və s. ilə bağlı dəqiq rəqəm tapmaq olmur. Ancaq təxmini rəqəmlər deyilir. Misal üçün, şəxsən mən neçə ildir ki, kənd təsərrüfatı ilə məşğul oluram. Bu illər ərzində mənim təsərrüfatıma statistika orqanlarından bir nəfər belə gəlməyib. Əslində gəlib maraqlanmalıdırlar, soruşmalıdırlar ki, bu il nə qədər nar əkmisən, nə qədər məhsul götürmüsən və s. Mən soğan əkmişdim, amma statistika orqanının bundan xəbəri yox idi. Nəyə görə statistikanın əhəmiyyət kəsb etdiyini söyləyəcəm. Statistika orqanları dəqiq informasiyaları internetdə yerləşdirməlidir, əhali də bilməlidir ki, bu il respublikada nə qədər kənd təsərrüfatı məhsulları əkilib. Bu olmadığı üçün də azərbaycanlı fermerlər müflis olurlar. Konkret misal deyim, 2016-cı ilin yazında soğanın bir kisəsi 22-28 manata satılırdı. Bu il isə 6-7 manata satılır. Çünki əvvəlcədən dəqiq məlumat verilmədi. Beləcə soğan əkənlər çəkdikləri əziyyət bir yana qalsın, qoyduqları mayanı belə çıxarda bilmədilər, müflis oldular. Hesablama olsa, kəndlilər rentabelli olmayan məhsulları əkib-becərməyəcək və onların zəhməti də heç olmayacaq.

– Statistika Komitəsi bu məsələdə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə işləməli deyilmi?

– Bu tipli məsələlərdə Kənd Təsərrüfatı Nazirliyi özü kəndlini istiqamətləndirməlidir. Statistika Komitəsi dəqiq rəqəmlər yaymalıdır. Digər bir problem isə təhsillə bağlıdır. Sovet İttifaqı dövründə kolxozlar və onların aqronomları ovardı. Həmin aqronomlar lazımı işləri planlı şəkildə həyata keçirirdilər. İndi isə torpaqlar insanlar arasında bölünüb, ayrı-ayrı fermer təsərrüfatları yaranıb. Hər bir fermer işə aqronom götürə bilmir. Əkin-biçinlə məşğul olan fermerlər də savadlanmalıdır. Təhsil, savad olmadan insanların kənd təsərrüfatı ilə məşğul olması səmərəsiz məşğuliyyət olacaq. Yəni, ugurlu nəticə əldə olunmayacaq. Niyə məhsuldarlıq aşağı olur? Çünki camaatın çoxu nəyi necə edəcəyini dəqiq bilmir. Azərbaycanda soğan işini bilən yaxşı mütəxəssislər var. Onlar bir hektardan 80-100 ton məhsul əldə edir. Amma əksəriyyət 20-30 ton məhsul yığır. Savadın olmamağı aradakı fərqi artırır. Bilən yaxşı məhsuldarlıq əldə edir, bilməyən isə köhnə dədə-baba qaydası ilə əkir-becərir. Ona görə də həmin insanlar nə qədər əziyyət çəksələr belə, yaxşı pul qazana bilmirlər və həmişə də kasıb qalırlar. Əziyyət çəkirlər, amma kasıbçılıqdan çıxa bilmirlər. Çalışmaq lazımdır ki, fermerlərin bilik və bacarıqları, təhsil səviyyəsi qalxsın. Bunu da Kənd Təsərrüfatı Nazirliyi həyata keçirməlidir. Bunun üçün xaricdən mütəxəssislər dəvət edib müvafiq kurslar təşkil etmək olar. Vaxtilə mən “Aqrolizinq” ASC-nin sədri olanda işçiləri yığıb rayon yerlərinə aparırdım. Orada işçilər kombayn, traktor və digər kənd təsərrüfatı texnikaları ilə yaxından tanış olurdular.

Azərbaycan dövləti kənd təsərrüfatının inkişafına hərtərəfli yardım göstərir. Bu gün Azərbaycanda kənd təsərrüfatı vergidən tam azaddır. Ancaq kəndlilərin əksəriyyəti hələ də dərk etmir ki, vergi ödəmir və bu, onun üçün böyük üstünlükdür. Kənd təsərrüfatına edilən yardımlar və vergidən azad edilmək milyardlarla vəsait deməkdir. Ancaq bütün bunlara baxmayaraq, həyata keçirilən səylər öz effektini vermir. Kənd təsərrüfatına münasibət dəyişməlidir, daha effektiv üsullardan, xarici təcrübədən istifadə olunmalıdır. Çox uzağa getməyə də ehtiyac yoxdur, qardaş və qonşu Türkiyənin kənd təsərrüfatı sahəsində sürətli inkişaf gedir. Türkiyə kənd təsərrüfatının inkişafına etdiyi yardımlarla bizdən daha yüksək nəticələr əldə edir. Onların təcrübəsindən yararlana bilərik.

Yadıma gəlir, 2004-cü il idi, Türkiyənin kənd təsərrüfatı naziri Mehdi Ekerlə görüşdük. O, bizə rəqəmləri açıqladı. Bildirdi ki, nazir olduğu 10 il ərzində Türkiyədə kənd təsərrüfatı məhsullarının həcmi 22 milyarddan 63 milyard tona qalxıb. Bu çox yüksək rəqəmdir.Bəs biz dəqiq rəqəmimizi bilirikmi? Bilmirik! Camaatın hamısı xaotik vəziyyətdədir. Bilmirlər ki, nə əksinlər. İnformasiya verən yoxdur. İnformasiyanı da kəndlilərə Kənd Təsərrüfatı Nazirliyi verməlidir. Bu sahədə dəqiq uçot və statistik informasiya sistemi yaradılmalı və internetdə yerləşdirilməlidir.

– Bu yaxınlarda ölkə başçısı da iş adamlarına çağırış edib ki, Azərbaycan özünün qeyri-neft sektoru məhsulları ilə dünya bazarına çıxmalı və orada möhkəmlənməlidir. Biz hansı kənd təsərrüfatı məhsulları ilə dünya bazarına daha rahat çıxa bilərik?

– Bayaq da dedim ki, taxıl sahələrini genişləndirmək olmaz. Azərbaycanda 600 min hektardan çox taxıl əkmək düzgün deyil. Gəlir verən və iqlim şəraitimizə uyğun pambıqçılıq, tütünçülük, üzümçülük, baramaçılıq, fındıqçılıq və digər kənd təsərrüfatı sahələri var. Bu sahələrdən yaxşı gəlir götürə bilərik. Biz istəyirik ki, hər tərəfdən kənd təsərrüfatına investisiyalar cəlb edilsin. Amma siyasəti elə qurmalıyıq ki, kənd təsərrüfatı özü-özünə investisiya buraxsın. Misal üçün, mən fermerəmsə, yaxşı texnologiyalara müraciət edirəmsə, yüksək nəticələr əldə edirəm. Bu zaman mən yaxşı gəlir də əldə edirəm. Ona görə də bu il 20 hektar əkmişdimsə, gələn il 25 hektar əkirəm. Yəni, əlavə məhsul əkmək üçün kənardan kredit və sairə vəsait almağa ehtiyacım qalmır, özüm öz vəsaitimilə investisiya qoyuram. Amma indi bizdə əksəriyyət elə 10 ildir ki, ya taxıl, ya da digər məhsulları əkir. Nə artıra, nə də qazana bilir, yalnız dövlətin dəstəyi olduğu üçün nəyəsə nail olur.

– Texnika baxımından Azərbaycan fermeri təkmilləşə bilmir sanki… Ümumiyyətlə, fermerlərin təkmilləşmə prosesi hansı səviyyədədir?

– Torpaqlar bölünərkən, elə rayonlarımız var ki, orada pay torpağı 1-2 hektar düşüb. Əgər mənim və digər 100 nəfərin hər birinin 2 hektar torpağı varsa, indi yüz adam nə etməlidir? Bu adamların hamısı traktor və ya digər texnika almalıdır? Bir kənddə 100 traktor, kombayn, kotan olar? Bu mümkün deyil. Rayon aqroservisləri də məhz bunun üçün yaradılıb. Çox ucuz qiymətə xidmət göstərirlər.

Ancaq burada iri təsərrüfatlardan söhbət gedə bilər. Bunun üçün də kooperasiyaların yaradılması ilə bağlı təkliflər mövcuddur. Bu məsələ Milli Məclisdə də müzakirə olunub.

Çox təəssüf ki, Azərbaycanda kooperasiyaların yaradılması da çətin və problemli məsələyə çevrilib. Yəni, kiçik torpaq sahələri olan sahibkarların bir cəmiyyətdə birləşməsi hələ ki, mümkün olmur. Bu, həll olunan məsələdir, amma həddindən çox çətin və problemlidir. Bunun elə həlli yolu düşünülməlidir ki, camaat birləşmədə maraqlı olsun.

Həm də məsələyə sadə baxmaq lazımdır. Bəzən kənddə yaşayan 15-20 nəfər birləşmək istəyir. Onlar yığılıb iclas keçirir, 20 nəfərdən birinin sədr seçilməsinə gəlincə, kooperasiya ideyası baş tutmur, dağılır.

Amma hazırda ölkədə kooperasiyaların yaradılması prosesi gedir. Misal üçün, Bakıda yaşayan və kifayət qədər vəsaiti olan imkanlı bir şəxs gedib rayonlardan birində kasıb camaatın torpaqlarını pulla alır. Sonrada 200 hektarlıq təsərrüfat yaradır. Bu, bir tərəfdən yaxşıdır ki, torpaqlar birləşir və vahid təsərrüfat yaranır. Ancaq bu məsələnin mənfi tərəfləri də mövcuddur. Misal üçün, kasıb adamların bir hektar torpağı var idi, onlar həmin torpaqlarda işləyib ailəsini dolandırırdı. İndi həmin torpağı da satıb, xərcləyib, qalıb işsiz. Kənd yerində yaşayan insanın yeganə qazanc yeri torpaqdır. İndi o kəndli nə işlə məşğul olmalıdır? Ya öz satdığı torpaqda muzdlu fəhlə kimi kiminsə əlinin altında işləməlidir, yaxud da kənddə iş tapa bilməyib iş dalınca Bakıya gəlməlidir. Bax, bu məsələnin müsbət və təhlükəli məqamları bundan ibarətdir.

– Maraqlı təklifləriniz var. Kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı müvafiq dövlət qurumları ilə danışıqlarınız olubmu?

– Vəzifədə olarkən daim öz təkliflərimi yuxarı instansiyalara yazıb göndərirdim, toplantılarda müzakirə edilirdi, onlardan bəziləri qəbul edilirdi.

Neçə illik təcrübədən sonra tam əmin oldum ki, kabinetdə çox oturanda kənddə mövcud olan reallıqları dəqiq görmək olmur. Amma bu işin içərisində olanda, işləyəndə reallıqları dəqiqliklə görürsən və yeni təkliflər ortaya çıxır.

Açıq danışmağı xoşlayan adamam. Bizdə vəzifədən gedənlərə pis baxırlar. Konkret olaraq, özümü nəzərdə tuturam. Əgər mən vəzifədən gedirəmsə, orada qalıb işləyən işçilərimə və dostlarıma pis baxırlar. Deyir ki, filankəs Əli Bayramovun adamıdır. Hətta onları işdən çıxarırlar. Belə hərəkətlərə yol vermək olmaz. Açıq demək lazımdır, bu gün Kənd Təsərrüfatı Nazirliyində güclü mütəxəssislər qalmayıb. Onların yerində qeyri-peşəkarlar və maliyyəçilər gəlib oturublar. Bu sahədə çalışan peşəkarlardan Çingiz Fərəcov rəhmətə gedib, Sabir Vəliyev pensiyaya çıxıb, digər bir çox mütəxəssislər vəzifədən gediblər. Halbuki həmin kadrlardan kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində istifadə etmək olardı. Təəssüf ki, kənd təsərrüfatını güclü bilən insanlar bu gün kənarda qalıb. Heç olmasa, xaricdən müəyyən mütəxəssisləri cəlb etmək və hazırda çalışanları maarifləndirmək lazımdır.

Vaxtilə mən “Aqrolizinq” ASC-yə gələndə gördüm ki, burada işləyənlərin əksəriyyətinin kənd təsərrüfatından xəbərləri yoxdur. Ya onların hamısı işdən çıxarılmalı və yenisi ilə əvəz edilməli idi, ya da başqa tədbirlər görülməli idi. Mən Türkiyə ilə əlaqə saxladım. Orada olan yaxın yoldaşlar mənə 200 ədəd disk göndərdilər. Həmin disklərdə əksər bitkilərin əkib-becərilməsinin üsulları izahlı şəkildə əks olunmuşdu. Həmin diskləri əldə etdikdən sonra Kənd Təsərrüfatı Nazirliyindən də mütəxəssislər dəvət edib, həmin əyani vasitələrdən istifadə etməklə işçilərə treninqlər təşkil etdirdim. “Aqrolizinq” ASC-də çalışan insanlar çox maarifləndilər. Daha sonra avtobuslar sifariş verdim, özüm də daxil olmaqla, bütün aparat işçiləri Şirvanda, Ucarda yerləşən “Aqrolizinq” ASC-nin bazalarına səfər etdik. Orada işçiləri əyani şəkildə kənd təsərrüfatı texnikaları ilə tanış etdim, traktorları sürdürdüm. Hətta, onların arasında qızlar da var idi, onlara da dedim ki, oturun, traktorları sürün, öyrənin. O işçilərin əksəriyyəti şəhər uşaqları idi, ömürlərində traktora minməmişdilər. Sonra attestasiyalar keçirdik və Aparat tam sağlamlaşdı.

– Bəs İsmət Abbasov Baş nazirinin müavini kimi bu sahəyə yenə də nəzarət etmir?

– Bilirsiniz, kuratorun işi çox olur. Ona düzgün təkliflər verilməlidir. O isə ölçüb-biçib həmin təklifləri yuxarı instansiyalar qarşısında qaldırmalıdır, müəyyən qərarlar qəbul edilməlidir. İş aşağıdan başlayır. Kənd Təsərrüfatı Nazirliyinin Aparat işçiləri kəndlərdə çox olmalıdır. Onların iş günləri kresloda yox, kəndlərdə keçməlidir. Çünki onlar Kənd Təsərrüfatı Nazirliyində çalışırlar, işləri bunu tələb edir. dünyanın hər yerində Kənd Təsərrüfatı Nazirliyinin işçiləri daha çox kəndlərdə olurlar. Biz də vəzifədə olanda kəndlərdə çox olurduq. Şəxsən mən kənd təsərrüfatını hər zaman sevmişəm.

Bilirsiniz ki, cənab Prezidentin tapşırığı ilə hökumət üzvləri rayon və şəhərlərdə əhali ilə görüş keçirirlər. Bəzən nazir əhali ilə görüşə gələndə, orada maneə yaradırlar. İmkan vermirlər ki, camaat nazirə dərdini-sərini söyləsin. Nazirlər görüşə gedəndə yerli icra hakimiyyətləri insanları da əvvəlcədən seçirlər. Belə görüş olur? İmkan verin, camaat nazirə öz problemini söyləsin də! Nazir də sahəsində mövcud olan problemləri öyrənsin və ona uyğun qərarlar qəbul etsin. Çox təəssüf ki, bəzi rayonlarla bağlı belə problemlər mövcuddur. Amma şükürlər olsun ki, Ölkə Başçısının məsələyə qarışmasından sonra Azərbaycanda kənd təsərrüfatı da inkişaf etməyə başlayır. Sadəcə olaraq, bu inkişafı sürətləndirmək üçün rəhbərliyin vediyi tapşırıqları vaxtı-vaxtında icra etmək lazımdır.

– Sizcə, paytaxtın ayrı-ayrı rayonlarındakı kənd təsərrüfatı yarmarkaları istənilən effekti verirmi?

– İdeya əladır. Amma burada işi pozan tacirlərdir. Onlar imkan vermir ki, fermerlərə sərbəst şərait yaradılsın. Fermer də istehsal etdiyi məhsulları bazara gətirib münasib qiymətə sata bilsin. Reallıq odur ki, yarmarkaya gələn həmin adamlar il boyu orada nə isə satırlar. Əgər bu adamlar il boyu burada piştaxta arxasındadırsa, bəs məhsulu nə vaxt istehsal edirlər? Demək ki, onlar fermer deyil, tacirlərdir.

Dövlət tərəfindən yaxşı şəraitli yarmarkalar tikilib və istifadəyə verilib. Amma bu cür insanlar görülən işlərə kölgə salırlar.

– Yəqin ki, siz də şahid olmusunuz. Bu gün bütün bölgələrimizdə konserv məhsullarının hazırlanması və qablaşdırılmasında hələ də əl əməyindən istifadə olunur. Sizcə, hazırda Azərbaycanda konserv sənayesinin inkişafı üçün hansı addımların atılması vacibdir?

– Bəli, mən də dəfələrlə bunun şahid olmuşam. Konserv sənayesi inkişaf etdirilməlidir. Konserv zavodlarının sayı artırılmalıdır. Bu, həm də ona görə lazımdır ki, camaat istehsal etdiyi məhsulu yaxşı qiymətə sata bilsin.

Misal üçün, Azərbaycandan Rusiya bazarına almanı konservləşdirilmiş halda göndərmək olar. Konservləşdirilmiş şəkildə göndərsən, daha çox pul qazanırsan.

Digər tərəfdən isə konserv zavodları əhali üçün əlavə iş yerləri deməkdir. Mən əminəm ki, kənd təsərrüfatı inkişaf edəcək. Əgər Cənab Prezident qarşıya məqsəd qoyubsa, bu mütləq reallaşacaq və Azərbaycanda kənd təsərrüfatı sahəsi də istənilən səviyyəyə çatacaq.

Bu yaxınlarda Sumqayıt Texnologiyalar Parkında yeni Poliuretan zavodunun açılışı oldu, çox sevindim. Bu zavodun çox strateji əhəmiyyəti var. Çünki bu gün məişətimizdə poliuretan məhsulundan hazırlanan mallardan çox istifadə olunur. İndi bizdə bu xammal istehsal ediləndən sonra yeni nə qədər zavodlar açılacaq, bu isə çoxlu iş yerləri və gəlir deməkdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam