"Əli Kərimli iki uşağı Londonda necə oxudur?" -AXCP və Əli Kərimli haqda ilginc faktlar
Yenixeber.org: AXCP sədrliyinə keçmiş namizəd, bir müddət öncə partiya sıralarından xaric edilən Sahib Kərimli “Yeni Müsavat”a müsahibə verib. Partiya sədrinin keçmiş silahdaşı müsahibəsində ölkə müxalifətinin vəziyyəti barəsində danışıb, eləcə də Əli Kərimli barəsində ilginc məlumatları açıqlayıb. Müsahibəni təqdim edirik:
- Sahib bəy, hazırda hansı fəaliyyətlə məşğulsunuzz?
- Daha çox fərdi təsərrüfatla məşğulam. Çünki ölkədə siyasət çox məhdud çevrəyə salınıb. Siyasətlə məşğul olmaq artıq çox çətinləşib.
- AXCP-dən çıxarılmağınızın, sizcə, əsl səbəbi nədir?
- Qurultayda sədrliyə namizəd olduqdan sonra ciddi basqılarla üzləşdim. Bundan sonra 2018-ci ilə qədər Əli Kərimliyə zaman tanıdım. Ancaq çox təəssüf ki, bir neçə dəfə partiyadan çıxarılma ilə bağlı cəhdlər oldu. İki dəfə Şəki rayon şöbəsində məsələ qoyuldu, ancaq bu, səsvermədən keçmədi. Bu yaxınlarda isə saxta bir protokolla, Məclisin iclası çağırılmadan elan olundu ki, partiyadan uzaqlaşdırılmışam.
- Uğrunda siyasi məhbus həyatı yaşadığınız partiyadan çıxarılmanız sizə necə təsir etdi?
- Təbii ki, çox pis təsir etdi. Əslində bütün problemlərin kökündə o dayanır ki, cəmiyyət siyasətlə maraqlanmır və ictimai institutlar inkişaf etmədi. Çox təəssüf ki, bu illər ərzində demokratiya, hüquq maarifçiliyinə ayrılmış qrant layihələri korrupsiyaya uğradı. Vətəndaş cəmiyyəti formalaşmadı. Əgər güclü vətəndaş cəmiyyəti, ictimai rəy olsaydı, partiya sədrliyinə alternativ, 2018-ci ilə qədər vaxt tanımış bir namizəd olaraq partiyadan uzaqlaşdırılmağım mümkünsüz olmalı idi. Yəni Əli Kərimli üzərində ciddi basqı hiss etməli idi ki, bu adam sədrliyə alternativ olub və ictimai rəy var. Biz durmadan deyirik ki, tənqid, alternativ fikir inkişafı şərtləndirən amildir. İnkişafa xidmət edən bir faktı ortadan qaldırmaq, yox etmək ciddi ictimai basqı yaratmalı idi. Ancaq çox təəssüf ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də cəmiyyətin həssaslığı aşağı səviyyədədir. Bu partiyada gəncliyim gedib. Söhbət 25 ildən çox zamandan gedir. Bu illər ərzində təkcə mən deyil, xalq hərəkatının digər iştirakçıları da çox ağır məhrumiyyətlərlə üz-üzə qalıblar. Təsəvvür edin ki, ölkədə birinci, ikinci özəlləşmə proqramı həyata keçirilib və böyük bir vətənpərvər kəsim, müstəqillik mübarizəsində fədakarlıq etmiş insanlar prosesdən kənarda qalıblar. Bu gün ölkənin regionlarında ən kasıb adamlar AXCP-nin, Müsavat Partiyasının üzvləri, xalq hərəkatının iştirakçısı olmuş şəxslərdir. Bu insanların ötən illər ərzində nə ideoloji baxışları, nə də arzuları reallaşdı. Nəticəsizlik bu insanlara həm ailə daxilində, həm də ictimaiyyətdə müəyyən qınaqlar yaradır. Çünki durmadan illər ərzində “bu hakimiyyət gedəcək” deyib, eyni şüarları səsləndirmək, mərkəzdən gələn təlimatlar və ya qəzet səhifələrindən oxuduqları informasiyalarla tənqidi fikir söyləmə, artıq depressiv durum yaradıb.
- Müxalifət partiyalarından müxtəlif səbəblərdən uzaqlaşanlara nə üçün dərhal satqın damğası vururlar?
- Əli Kərimlinin belə bir ifadəsi var ki, bu mübarizənin alternativi bundan yaxşı mübarizədir. Mən isə deyirəm ki, bu hakimiyyətin alternativi bundan yaxşı sistemdir. Nə qədər ki, YAP idarəetməsinə daha demokratik, ədalətli, sistemli mübarizə ortaya qoyulmayıb, hakimiyyətin də ömrü davam edəcək. Bu illər ərzində AXCP-dən xeyli sayda adam gəlib gedib. Kim mübarizəni hansısa səbəbdən tərk edirsə, yorulursa və ya hakimiyyətlə anlaşırsa, adını satqın qoyurlar. İndi gəlin baxaq, bu gün cəmiyyətin tanıdığı Xalq Cəbhəsi şinelindən çıxan yüzlərlə insan var. Tribunada bir Nurəddin Məmmədli var, bir də Gözəl Bayramlı. Belə çıxır ki, bu ölkədə hər kəs satqındır. Özümüzə sual verək ki, bu insanlar niyə partiyanı tərk edirlər? Doğrudanmı bu partiya ancaq satqın yetişdirməklə məşğuldur. Bəlkə başqa səbəblər barəsində düşünək. Buna görə də partiyada namizədliyimi alternativ olaraq irəli sürdüm.
- AXCP sədri olsaydınız nəyi dəyişərdiniz?
“Mübarizəmi sona qədər aparacağam və qurultayda Əli Kərimliyə alternativ olub, qalib gələcəyəm” |
- Sonuncu mitinqə diqqət edək. Ölkədə kəskin devalvasiya baş verdi, ciddi sosial problemlər var, eyni zamanda idarəetmədə də qüsurlar az deyil. Ancaq mitinqlərə cəmiyyət tərəfindən heç bir dəstək verilmədi. Müxtəlif səbəblər səsləndirilə bilər ki, vaxt dəyişildi və sairə. Ancaq bütün hallarda mövcud internet resurslarının izlənmə sayından görürük ki, mitinq xəbəri milyondan çox adama çatıb. Bunun müqabilində cəmiyyətdən sıfır dəstək oldu. Orada iştirak edən 2-3 min adam ənənəvi elektorat idi. Cəmiyyət mitinqə çağıran adamın mübarizəsinin səmimiliyinə inanmır. Bir hissə mitinqə buna görə dəstək vermədi. Digər bir hissə isə onun dövlət hakimiyyətini idarə edə biləcək güc olduğuna inanmır. Cəmiyyət hiss etməlidir ki, filankəs mənim baş nazirim, filan kadr təhsildə, başqası səhiyyədə alternativ ola bilər. Bu gün mitinqi elan edən qüvvə cəmiyyətə həmin kadrları təqdim edibmi? Xeyr, etməyib. Yəni AXCP və Milli Şura dediyimiz qurum, çox məhdud kontingentlə əslində cəmiyyətə bir mesajı verir ki, bu hakimiyyətin alternativi bizik, yerdə qalanlar isə satqındırlar.
Normalda bizim ölkədə dəyişikliyə ehtiyac var. Lakin reallıq hissimizi də itirməməliyik. Bu gün, nə bu cəmiyyətin potensialı, nə də dünya şərtləri mövcud hakimiyyəti uzaqlaşdırmaq üçün yetərli deyil. Misal üçün, sonuncu referendum demokratiyanın bütün təməl prinsiplərini kökündən baltaladı. Lakin 15-20 il bundan öncəkindən fərqli olaraq Qərb ölkələri çox açıq şəkildə hakimiyyətə dəstək verdilər. Cəmiyyət də savadsız deyil. Əslində cəmiyyət informasiyanı qəbul edib, təhlil aparır və görür ki, bütün dünya güclərinin maraqlarını uzlaşdıran belə bir həssas regionda bu hakimiyyət üzərində dayanılıb. Cəmiyyət onu əldə edə bilər ki, mövcud sistem yenilənməlidir. Yəni məmur - vətəndaş münasibətləri, əhalinin həyat səviyyəsi tənzimlənməlidir. Bunu yaratmaq üçün isə köklü islahatlara ehtiyac var. Hakimiyyəti islahata məcbur etmək üçün cəmiyyətin gücünü nümayiş etdirmək lazımdır. Bunun üçün mitinq edən siyasi qüvvə cəmiyyətdə nə qədər etiraz edə biləcək ictimai siyasi qurumlar varsa, onlardan istifadə etməlidir. Əgər Müsavat Partiyasına, “NİDA” Vətəndaş Hərəkatına və ya digərlərinə müraciət olunarsa ki, biz sizi mitinqdə görmək istəyirik, təbii ki, həmin insanlar mitinqə gələcəklər. Ancaq aparılan siyasət ondan ibarətdir ki, daima bu siyasi qurumlar cəmiyyətin gözündə satqın, hakimiyyətin adamı kimi göstərilməyə çalışılır. Sanki cəmiyyətə o mesaj verilir ki, yeganə mübarizə aparan qurum bizik və bizi dəstəkləməlisiz. Mən də sual verirəm ki, əgər sən ictimai fəallıq göstərməyə təcrübəsi olanları prosesdən uzaqlaşdırırsansa, heç bir prosesdə iştirak etməyən insanlara necə ümid edə bilərsən ki, onlar meydana gələcəklər?
- Əli Kərimlinin uğursuzluğunun səbəbini nədə görürsüz?
- Partiya konkret olaraq Əli Kərimlinin yaratdığı qurum deyil. Bu, cəmiyyətin əqli mülkiyyətidir. AXC-ni bu xalq yaradıb və o zaman, Əli Kərimli sıra nəfəri idi. “Azadlıq” qəzetini bu cəmiyyət yaradıb və ictimai resursdur. Ona bir sahiblənmə var. Bu ictimai resursun birləşdirici funksiyasını önə çıxarmaq lazımdır. Mən də Müsavat Partiyasının Milli Şuranı tərk etməsi ilə bağlı qərarına tənqidi yanaşmışam. Bu gün də eyni fikirdəyəm. Ancaq Müsavat Partiyası və ya başqa qurumlar dönə-dönə müraciət edirlər ki, birgə mitinq keçirək. Lakin durmadan bu insanları prosesdən uzaqlaşdırırlar. Niyə? Qoyun meydanda 10 minlər görünsün və hakimiyyət də öz üzərində basqı hiss etsin. Mənim ortaya qoyduğum yeni baxış partiyadaxili dinamizmi artıracaqdı. Ancaq buna dəyər kimi baxılmadı. Hesab edirəm ki, insan əgər böyük ictimai prosesə rəhbərlik etmək istəyirsə, hər kəsə açıq olmalıdır. Barışdırıcı olmaq lazımdır.
- Hesab edirsiz ki, müxalifətin bir araya gələ bilməməsinin səbəbi Əli Kərimli və AXCP-dir?
- Faktorlar çoxdur. Ancaq AXCP kimi struktura və ya Milli Şura adına iddialı qurumun üzərinə daha çox məsuliyyət düşür. Qurumun adını Milli Şura qoymuşuqsa və onun hədəfləri olaraq demokratikləşmə və sairə bu kimi məsələlərdən danışırıqsa, artıq üzərimizə bu addan dolayı ciddi məsuliyyət götürmüşük. Belə olan təqdirdə bu ada uyğun davranmalıyıq. Ən çox məsuliyyət Əli Kərimlinin üzərindədir.
- Yeni partiya qurmaq fikriniz varmı?
“Doğrudanmı bu partiya ancaq satqın yetişdirməklə məşğuldur...” |
- Xeyr, belə bir planımız yoxdur. Hesab edirəm ki, mən sədləri keçməyəcəyəm. Münasibətlərdə dostlar bəzən iradlarını bildirirlər ki, səni çox istəyirik və belə durumun yaranmasının tərəfində deyilik. Buradan yenə də ifadə edirəm ki, mövcud vəziyyətin alınmasında ən az günahkar olan mənəm. Ən böyük günahkar isə partiyadakı mövcud idarəetmə mexanizmi, zehniyyət, yanaşmadır. Mənim heç bir günahım yoxdur. Kimlərsə mənim etirazlarımdan uzağa gedən nəticələr çıxarmasın ki, məni hakimiyyət danışdırır və sairə. Heç kim məni danışdıra bilməz. Öz düşündüklərimi ifadə edirəm.
- İddialar var ki, AXCP-yə həm də maddi dəstək vermisiniz. Doğrudurmu?
- Partiya rəhbərliyinə gəlmədən öncə Xalq Cəbhəsində ancaq Ali Məclis üzvü kimi fəaliyyət göstərmişəm. Paralel olaraq biznes fəaliyyəti ilə məşğul olmuşam. 2000-ci ildə Şəkidə ortaya qoyduğumuz mövqeyimizlə, xərclədiyimiz resurslarla insanları inandırırdıq ki, bütün partiyaların təşkilatlanma hüququ var. Yəni partiya üçün bütün resurslarımı sərf edirdim. 2010-cu ildən sonra partiya rəhbərliyinə gəlib, tamamilə siyasətlə məşğul olmağa başladım. O zaman isə fərqli Əli Kərimli gördüm.
- Necə fərqli?
- İlk növbədə alternativ fikri qəbul etməyən, fərqli fikrə hörmət etməyən, insanların düşüncəsini öyrənmək istəməyən, lider kimi insanların problemləri ilə maraqlanmayan birini gördüm. Bu, artıq məndə ilkin xəyal qırıqlığı yaratdı. 2011-ci ildə həbsimdən sonra isə müşahidə etdim ki, partiya daxilində bir qrup açıq şəkildə mənə qarşı əks-təbliğat aparır. Dəfələrlə bununla bağlı sədrə bildirdim.
Ancaq sonradan məlum oldu ki, bunların arxasında şəxsən özü dayanır. Əli Kərimi ona tanıdığım 2018-ci ilə qədər olan vaxtı gözləməli idi. Bunu həm demokratiya əxlaqı tələb etməli idi, həm dostluq, münasibət, illər tələb edirdi. Çox təəssüf ki, saxta protokol tərtib etdilər. Bu artıq bütün sədləri aşan məqam oldu. Bu zamana qədər bəzi şeyləri ifadə etmirdim. Heç indi də bəzi şeyləri deməyəcəm.
Ancaq artıq o fikir yaradılmağa çalışılırsa ki, mən hakimiyyətlə hansısa iş birliyindəyəm, bunu hər kəsin vicdanına buraxıram. Onda mən tələb edirəm ki, partiya sədri olaraq hesabat versin görək iki uşağı necə Londonda oxudursuz? Bundan əvvəl isə Bakıda çox bahalı məktəbdə oxuyurdular. Bu gün Bakıdan hansısa rayona getmək sıravi müxalifətçi üçün çox ciddi problemdir. İki uşağı Londonda oxutmaq, hansı xərclər hesabına başa gəlir? Gəlin şəffaf olaq, hesabatlı olaq. Lider belə olmalı deyil. Lider bütün resursları öz fərdi məqsədləri üçün cəmləməməlidir. Əli Kərimliyə əslində güclü təşkilat lazım deyil. Ona ancaq özünün fərdi reytinqi lazımdır. Mitinqə ona görə az adam gəlir ki, partiyanın idarəetməsində güclü fərdlər yoxdur. Təşkilat isə qartopu effekti ilə yaranır. Əli Kərimli təbii ki, prezident olmaq istəyir, ancaq bunu sistemli şəkildə etsə, artıq təhdidlə üz-üzə qalacaq. Təhdiddən çəkindiyi üçün zəif təşkilat yaradıb, hər kəsi gözdən salır. Ona alət kimi istifadə etmək üçün müvəqqəti adamlar lazım olur. Prosesin içərisində bir adam sağ, təhlükəsiz, həbsdən, maddi məhdudiyyətlərdən uzaq qalır ki, o da Əli Kərimlidir. Mən mübarizəmi sona qədər aparacağam. Bəlli bir mərhələdə üzvlüyümü bərpa edəcəyəm. Tanıdığım sürə bitdikdən sonra qurultayda Əli Kərimliyə alternativ olub, qalib gələcəyəm.