Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ev bazarı “ölüb” -Evini daha çox kimlər satır?

 

Maklerlər sektorun çökməsindən narazıdır, ev sahibləri dəllalların yalanlarından...

Yenixeber.org:  İndi hər küçədə, hər tində bir neçə əmlak agentliyi yerləşir. Az qala işini-gücünü itirənlərin bir qismi özünü ev alıb satmaqda realizə etməyə çalışırlar. Evini satmaq istəyənlər də, mənzilinə alıcı tapmaq arzusunda olanlar da bu məkana üz tutur. Təbii, paralel olaraq internetin də xidmətlərindən istifadə etmək şərti ilə. Çünki indi bu sektorda ən azı maklerlər qədər ev elanı yayan saytlar da populyardır. Baxmayaraq ki, bir tərəf digərini daim inkar edir. Bu haqda bir qədər sonra...

Ötən il ev bazarı daha canlı idi


“Yeni Müsavat” hazırda ev bazarında olan durumu müəyyənləşdirmək üçün bir həftə boyunca şəhərin bir çox ev alqı-satqı ofislərində olub və ümumi mənzərəni aydınlaşdırmağa çalışıb. Öncə ondan başlayaq ki, hazırda ev bazarında ciddi durğunluq var. Bu, daha çox mövsümlə bağlıdır. Yay öncəsi ev alqı-satqısı avtomatik olaraq zəifləyir, səngiyir. Ona görə də alıcı-satıcı az qala qəhətə çevrilir. Amma bununla paralel evlərini satmaq istəyənlərin siyahısında da qəribə hekayələr var. İlk növbədə banklara borcu olan insanlar evlərini ucuz qiymətə satışa çıxarırlar. Amma alıcı tapmaq mümkün deyil. Bundan başqa, iki il öncə şəhərin bəzi yerlərində yeni tikintilərə görə çoxları başqa yerə köçürüldüyü üçün camaata pul verilir, onlar da ev alırdı. Amma indi həmin hallar olmadığı üçün bu, əmlak bazarında durğunluq yaradıb.


Evini daha çox kimlər satır - gəlini ilə yola getməyən, banka borcu olan...


Evini satlığa çıxaranlar isə bir neçə kateqoriyaya bölünür. Birincisi barədə yuxarıda danışdıq: borca görə evini ucuz qiymətə satanlar. İkinci kateqoriya ailə qurmağa hazırlaşan ailələrlə bağlıdır. Onlar ən yaxşı halda ikiotaqlı, qiyməti 50-60 min AZN-dən baha olmayan, evlərə üstünlük verirlər. Üçüncü kateqoriya kiçik evini satıb, daha böyük evə köçmək istəyənlərdir. (Bura bina evindən bezib, həyət evinə köçmək arzusuna düşənlər də aiddir-müəl.) Daha bir kateqoriya isə oğlu ilə bir evdə yaşamaq istəməyən, ailədaxili intriqalara görə evini satanlardır. Sonuncu daha geniş hal alıb. Rəyini soruşduğumuz maklerlər bildirirlər ki, çox vaxt ailələr kiçik oğullarını evləndirib, eyni evdə yaşamaq planları qursa da, bir müddət sonra “el elə sığır, ev evə sığmır” məsəli özünü doğruldur və gəlin-qayınana, ata-oğul arasında ciddi intriqalar başlanır. Bu isə evin satılmasına səbəb olur. Eyni hal iki ailəli qardaş və ya bacı-qardaş eyni evi bölüşəndə də baş verir.

Related image


Ev alıcılarının axtarışa çıxarkən ən çox diqqət etdiyi məqam isə heç şübhəsiz ki, evlərin sənədləri ilə bağlıdır. Məsələn, təkcə Binəqədi ərazisində fəaliyyət göstərən maklerlər bir qayda olaraq deyirlər ki, indi orada adına çıxarış deyilən (xalq arasında “domovoy” adlanan) sənədlə alqı-satqı prosesi keçirilir. Və bu məsələdə tərəddüd edən alıcılara verilən yeganə cavab da belə olur ki, “bəyəm sənədsiz olanlara neyləyiblər ki, sizə də neyləsinlər?”.


Maklerlərin bazarını ev elanı saytları “öldürür”


Söhbətləşdiyimiz maklerlərdən biri, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən Vəli Qarayev bildirdi ki, indi onların bazarını daha çox ev elanı saytları “öldürür”. Belə ki, insanlar əllərinə telefonu alır, evlərinin şəklini çəkir, ona telefondakı proqramlarla xüsusi effekt verir və müştəri tapmağa çalışırlar: “Ağıllarına gələn qiyməti də yazırlar ora. Halbuki o evə makler baxandan sonra orta qiymətini deyə bilər. Kimin nə qədər borcu, problemi varsa, onun pulunu da gəlir evin üstünə. Adı da olur ki, ev satıram. Yeganə məqsədləri odur ki, təki maklerə faiz verməsinlər. Amma elə bilirlər ki, sayta elan verməklə dərhal alıcı tapa biləcəklər. Makler real alıcı ilə işləyir, saytlar isə çox vaxt avara adamların baş vurduğu yer olur”.


“Yeni Müsavat” xatırladır ki, nəinki Azərbaycanda, dünyada da ev elanları saytları daha çox oğruların izlədiyi saytlar siyahısındadır. Belə ki, oğrular evləri, onların içindəki əşyaları, onun satılma xəbərini oxuyan kimi əməliyyata başlayırlar. Bir dəfə evə müştəri kimi baxır və onun bütün detallarını öyrənirlər. Ev yiyəsinin saat neçədə evdə olub-olmadığını öyrənəndən sonra isə.... proses daha da asanlaşır. Amma bu, o demək deyil ki, ev elanlarını saytlara yerləşdirmək olmaz.

Image result for Ev bazarı


Alıcılar indi daha çox köhnə tikililərə üstünlük verir, çünki...


V.Qarayev onu da dedi ki, hazırda müştərilər daha çox ucuz evlər axtarırlar. Dolların qiymətinin tez-tez oynaması isə bazardakı vəziyyəti qeyri-müəyyən duruma salıb. Belə ki, əvvəl ev bazarında ucuz evlərə rast gəlmək olurdu, amma indi bu, mümkün deyil. Ümumiyyətlə, insanların ən çox tələbatı 1 və 2 otaqlı evlərdir.


Qara Qarayev prospektində fəaliyyət göstərən Tariyel Səfərov isə dedi ki, hazırda yeni tikili binalardakı mənzillər köhnələrlə müqayisədə 20-30 min manat bahadır. Onun sözlərinə görə, insanlar bir çox hallarda maddi durumlarına uyğun hərəkət etsələr də, seçim daha çox köhnə binalarla bağlı olur: “Camaat indi gələcəyini fikirləşir. Yeni tikililərdə kommunal xərclərin çox olduğunu görüb böyük əksəriyyət daha çox köhnə binalara meyl edirlər. Bundan da başqa, alıcılar daha çox ”əlim yandıda" satılan evlərin üzərində çox dayanır. Çünki bilirlər ki, bu halda qiyməti aşağı endirmək ehtimalları güclüdür. Bundan başqa, satıcılar da çalışmalıdır ki, evi sata biləcəyindən 5-6 min manat baha desin. Qiymətin aşağı salınması alıcını daha çox cəlb edir. Neft pulları çox olan vaxt adamların vəziyyəti yaxşı idi. Bahalı, qarajlı həyət evi axtaranlar daha çox idi. Yeni binalarda iri sahəli evlərin axtarışında olanlar da həmçinin. Amma indi adamlarda pul azdır. Birdən-birə kimdir 70-80 min manatı tapan?"


50 min manatın yoxdursa, ev almağı düşünmə


Hazırda daha çox mənzillər mikrorayon ərazisində satılır. Kiçik həcmli, bir-iki otaqlı mənzillər hazırda revanşdadır. 50 min manatdan başlanan qiymətlərlə 1-2 otaqlı mənzilə sahib olmaq mümkündür. 3 otaqlı evlər isə 75-95 min manat civarında satılır. Mənzilin təmiri, hansı mərtəbədə olması, küncdə yerləşib-yerləşməməsi...bütün bunlar qiymətə ciddi təsir edən faktorlardır.

Image result for Ev bazarı


Mikrorayon qiymətləri ilə şəhərin “Neftçilər” və “Q.Qarayev” metro stansiyaları həndəvərindəki evlərin qiyməti də aşağı-yuxarı eynidir. Burada da 50 min manatdan başlanan qiymətlərlə ev tapmaq mümkündür. “Elmlər Akademiyası” metrosu həndəvəri isə şəhərin bahalı məkanı sayılır. Burada kiçik həcmli, iki otaqlı evləri 80 min manatdan ucuz tapmaq mümkün deyil. Yasamal rayonunda 1 otaqlı mənzillər 60-70 min manata, “Xruşşovka” binalarda 2 otaqlı mənzillər 60-90 min manata, 3 otaqlı mənzillər isə 100-160 min manata təklif olunur.


“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin açıqladığı son rəqəmlərə görə, ötən ilin noyabrında ilkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzillər Səbayel (2412 AZN), Nəsimi (1806 AZN) və Nərimanov (1724 AZN) rayonlarında qeydə alınıb. Ən ucuz mənzillər isə Sabunçu (951 AZN) və Suraxanı (923 AZN) rayonlarında yerləşir. Qaradağ, Xəzər və Pirallahı rayonlarında ilk mənzil bazarında təklif yoxdur.


Makler əmanəti və hiylələri barədə bilmədiklərimiz...


Əgər evinizin satışını və alışını maklerə etibar etmisizsə, maksimum diqqətli olmalısınız. Birincisi və ən önəmlisi, əgər makler evinizi sata bilsə, ümumi satışdan 2 faiz, sizə almağa ev tapsa, ümumi satışdan 1 faiz əldə edir. Rəqəmi gözünüzdə kiçiltməyin, çünki söz konusu minimum 60 min manatlıq evdirsə, bunun 2 faizi olduqca böyük rəqəm sayılır. Bundan başqa, maklerlər evin satışının cəld həyata keçirilməsi üçün sizin anlamadığınız üsullardan da istifadə edə bilər. Başqa maklerlərə ev barədə məlumat verə, evi onların vasitəsilə satışa çıxarıb, ikiqat faiz tələbi irəli sürə bilər. Evin həm satışından, həm alışından qazanc əldə edəcək maklerlərdən isə maksimum ehtiyatlı olmaq lazımdır. Çünki onlar hər iki tərəfdən qazanclı çıxacaqları üçün prosesi sizin ziyanınıza da yönləndirə bilərlər. Məsələn, evi dəyərindən daha ucuz qiymətə satmaqla. Və ya psixoloji gedişlər etməklə. “İndi camaatda pul yoxdur, nə verirlər, razılaş”, “Hamı yeni binada ev almaq istəyir, kimdi köhnə binaya baxan” (bunu əks arqumentlə deyənlər də var), “sənin evindən qat-qat təmirli və gözəl evi keçən həftə bundan 5 min manat ucuza satmışam, niyə naz edirsən?”... Bu və bunun kimi məqamlar. Evə müştəri gətirib, səni qırağa çəkərək, “qiymətdə bir az güzəşt elə, satılsın” deyib, müştəri ilə birgə qapıdan çıxan kimi qulağın eşidə-eşidə “qələt edir, qiyməti salacam aşağı. Kimdi onun evini alan?” deyə də bilər.


Yəni bu işi maklersiz, təkbaşına, küçələrə, qəzetlərə, saytlara elan yerləşdirməklə təkbaşına görmək istəyirsinizsə, sizə alqışlar. Amma maklerin köməyi ilə bu işə başlamısızsa, əmin olun ki, bu cür hallar qaçılmazdır. Və bu, təkcə Azərbaycanda deyil. Ev bazarı öz hiylələrinə görə dünyanın əksər ölkələrində bənzərdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam