Türkiyə-Almaniya qarşıdurması:Ərdoğan Berlini hədəf aldı
Ərdoğan: “Mən nasizmin Almaniyada bitdiyini düşünürdüm, amma hələ də davam edirmiş”
Yenixeber.org: Türkiyə ilə Almaniya arasında ötən həftədən başlayan gərginlik səngimək bilmir. Hər iki ölkə arasındakı əlaqələrə ciddi kölgə düşdüyünü görməmək mümkün deyil. Türkəsilli alman jurnalistin qardaş ölkədə həbsi və ardınca referendumla əlaqədar Türkiyə hökumətinin Almaniyadakı türklər qarşısında planlaşdırdığı mitinqə icazə verilməməsi hər iki ölkəni üz-üzə qoyub.
“Mən istəsəm, Almaniyaya gələrəm. Əgər ölkəyə girişə icazə verməsəniz, yaxud çıxışıma qadağa qoysanız, dünyanı ayağa qaldıraram”.
Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı deyib.
“Mən nasizmin Almaniyada bitdiyini düşünürdüm. Amma hələ də davam edirmiş. İndi də baxırıq digər Avropa ölkəsinin də naziri türk nazirlərin AB-də çıxışının qadağan edilməsini təklif edir. Ay yazıq! Bunlar öz iradələri ilə hərəkət etmirlər. Bunlar elə düşünürdülər ki, Ərdoğan Almaniyaya gələcək. Mən istəsəm, sabah gələrəm. Qapıdan buraxmadığınız, yaxud çıxışıma icazə verilmədiyi təqdirdə dünyanı ayağa qaldıraram”.
İş o yerə çatıb ki, Almaniyada türk nazirlərin çıxışı qadağan edildikdən sonra Avstriya baş naziri Kristian Kern Türkiyə siyasətçilərinin tədbirlərinin Avropa Birliyi miqyasında qadağan edilməsini təklif edib. Avstriya Türkiyənin bu ölkədə hər hansı referendum kampaniyası aparmasına qadağan qoyub.
Ekspertlər baş verənləri Türkiyənin Rusiya ilə yaxınlaşması ilə əlaqələndirirlər. Avropa dövlətlərinin artıq bunun üçün hərəkətə keçdiyi, Ərdoğan hakimiyyətini daha da gücləndirəcək 16 aprel referendumuna mane olmaq üçün bu cür cəhdlərin ediləcəyi bildirilir.
Politoloq Elxan Şahinoğlu Ərdoğanın Almaniya ilə bağlı dediklərində haqlı olduğunu düşünür: “Almaniya Ərdoğanı avtoritar, hətta diktator kimi qəbul edir. Doğrudur, Almaniya kansleri Angella Merkel tez-tez Ərdoğanla görüşür, ancaq bu görüşlər iki ölkə arasında buzların əriməsinə şərait yaratmır. Ərdoğan rəsmi Berlinə tənqidində haqlıdır. Berlin illərdir PKK uzantılarına dəstək verir, terrorçular Almaniyada rahat yaşayır və Türkiyədə insanları qətlə yetirən terrorçular üçün xərac yığırlar, həmin pulla da Türkiyə ərazisində qətliamlar törədirilir. Almaniya Gülən şəbəkəsinə də qucaq açır. Rəsmi Berlin Türkiyədə ötən ilin iyulun 15-dəki hərbi çevriliş cəhdinə kəskin reaksiya bildirmədi. Halbuki həmin gün yüzlərlə günahsız insan qətlə yetirildi. İndi də Berlin Ankarada həbs olunan bir jurnalistin azad olunmasını tələb edir. Həmin şəxs jurnalist qiyafəsində olan terrorçudur, PKK ilə əlaqəsi var. Sadəcə, həmin jurnalistin ikili vətəndaşlığı olduğundan Berlin onun azad olunmasına çalışır. İki ölkə arasında vəziyyət bu qədər qəlizdir. Türkiyə-Rusiya yaxınlığının bu məsələlərə dəxli yoxdur. Sadəcə, Rusiyanın özünün də Almaniyanın indiki hakimiyyəti ilə münasibətləri soyuqdur. Ona görə də Rusiya ilə Türkiyə eyni dərddədirlər. Bu dərd isə istər-istəməz Türkiyə ilə Rusiyanı bir-birinə daha çox yaxınlaşdırır. Rəsmi Berlinin Ərdoğanın Almaniyada referendum öncəsi mitinqlər keçirməsini qadağan etməsi anlaşılan deyil. Almaniyada 3 milyona yaxın türk yaşayır və onların böyük əksəriyyəti həm də Türkiyə vətəndaşıdır. Bu o deməkdir ki, onlar həm də Türkiyənin elektoratıdır və referenduma səs verəcəklər. Ona görə də həm Ərdoğan, həm də Türkiyə müxalifəti Almaniyada öz tərəfdarları qarşısında mitinqlər keçirə bilərlər. Bəziləri yazır ki, bu, Almaniyanın daxili işlərinə qarışmaqdır. Necə olur ki, əvvəlki illərdə Türkiyə siyasətçiləri rahatlıqla Almaniyanın şəhərlərində mitinqlər keçirirdilər və bu, Almaniyanın daxili işlərə qarışmaq kimi qiymətləndirilmirdi, indi isə buna imkan verilmir? Məsələ burasındadır ki, Berlin bilir ki, Almaniyada Ərdoğan tərəfdarı çoxdur və onlar Türkiyədə aprelin 16-da keçirilən referendumda konstitusiya dəyişikliyinə ”hə" deyəcəklər. Ona görə də Berlin mümkün qədər Ərdoğanın Almaniyada çoşquyla keçirilməsi planlaşdırılan mitinqlərinə icazə vermir. Ötən il də Ərdoğanın Berlində mitinqinə icazə verməmişdilər və Berlin bunu belə əsaslandrımışdı ki, guya bu qədər insanın təhlükəsizliyinə təminat verə bilmir. Ancaq ortada ikili standartlar var idi. Çünki Ərdoğanın tərəfdarlarına video ilə müraciətinə də imkan vermədilər. Bunun əvəzinə rəsmi Berlin eyni gündə PKK-nın başkəsənlərindən Cəmil Bayıkın Berlindəki tərəfdarlarına video ilə müraciətinə şərait yaratdı. Ona görə də Ərdoğanın Berlin tənqidini haqlı hesab edirəm. Angela Merkel Ərdoğanın Almaniyadakı mitinqlərinə icazə verməsə də, Almaniyada yaşayan türklərin böyük əksəriyyətinin Türkiyədə konstitusiya dəyişikliyinə “hə” deyəcəyi proqnozlaşdılır. Ancaq Almaniyada PKK simpatizanları da az deyil. Onlar referendum günü müəyyən pozucu fəaliyyətlər də göstərə bilərlər".
Politoloq hər iki ölkə arasındakı soyuq münasibətlərin hələ bir müddət də davam edəcəyini qeyd etdi:“Almaniya ilə Türkiyə arasında soyuq münasibətlərin qısa müddətdə ortadan qaldırılacağını düşünmürəm. Əlbəttə, referendumdan sonra mitinqlərə qoyulan qadağalar unudulacaq. Ancaq münasibətlərin tam normallaşması üçün Almaniyada PKK və Gülən simpatizanlarının Türkiyə əleyhinə fəaliyyətləri qadağan edilməlidir. Rəsmi Berlin bu addımı atmağa hazır deyil. Bu baş verməyincə isə iki ölkə arasında buzların əriyəcəyini gözləmək əbəsdir. Almaniyanın yürütdüyü ikili standartlar bu ölkədə yaşayan türklərin həyatına da mənfi təsir edir. Almaniyada millətçi kəsim fəallaşır, islamafobiya güclənir. Almaniyada ən ağır işlərdə türklər çalışır. Yaxşı yadımdadır, 1980-ci illərdə tanınmış almaniyalı jurnalist türk qiyafəsinə girərək aylarla türklərin iş şəraitini tədqiq etmişdi. Araşdırmalar nəticəsində bəlli olmuşdu ki, bəzi fabriklərdə xərçəng xəstəliyinə tutulma riski olan işlərdə türklər çalışırlar. Daha sonra həmin jurnalistin bu mövzuda kitabı nəşr olundu. Bundan sonra isə həmin almaniyalı jurnalist millətçilərdən gizlənmək üçün bir neçə il gizli şəraitdə yaşamaq məcburiyyətində qaldı. Əlbəttə, Almaniyada özünü təsdiq etmiş türklər də az deyil, çalışqanlıqları hesabına müxtəlif sahələrdə uğur qazanıblar”.
E.Şahinoğlu Avstriya baş nazirinin dediklərinə də aydınlıq gətirdi: “Kristian Kernin Türkiyə siyasətçilərinin tədbirlərinin Avropa Birliyi miqyasında qadağan etməsi təklifi artıq islamafobiyanı da vurub keçir, bunu artıq Türkiyəfobiya adlandırmaq olar. Bir sıra avropalı siyasətçi Türkiyəyə nifrətlərini gizlətmirlər. Bu gün hakimiyyətdə Ərdoğan deyil, Kamal Kılıçdaroğlu olsa belə, Avropanın Türkiyəyə münasibəti dəyişməyəcək. 50 ildir Türkiyə kimi ölkəni Avropa İttifaqının qapısında gözlətdirirlər. Türkiyənin üzərindən Avropa İttifaqına onlarla üzv qəbul olundu. Halbuki bütün kriteriyalara görə Türkiyə bütün namizədlərdən üstündür. Bu onu göstərir ki, Türkiyəni Avropada görmək istəmirlər. Bu cür vəziyyətdən ən çox itirən Avropa olacaq. Çünki Türkiyə alternativ axtarışında Rusiya ilə yaxınlaşır, Şərq dünyası ilə inteqrasiyanı gücləndirir”.