Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

QÜDRƏT HƏSƏNQULUYEVDƏN SENSASİON AÇIQLAMALAR:"Konfliktin arxasında Rusiyanın durduğunu dediyimə görə, üstümə gəlirlər"

BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Ovqat.com saytının baş redaktoru Heydər Oğuza maraqlı müsahibə verib. Bu müsahibəsində o, son vaxtlar Dağlıq Qarabağ problemi ətrafında yaranmış durumla bağlı fikirlərini açıqlamaqla yanaşı, Milli Məclisin ötən iclasında deputat həmkarı Araz Əlizadə ilə mübahisəsinin səbəblərinə də aydınlıq gətirib.

Yenixeber.org həmin müsahibəni təqdim edir:

 

– Ötən həftənin ən önəmli hadisəsi Qarabağ Azadlıq Təşkilatının keçirdiyi mitinq idi. Mitinq barədə müxtəlif fikirlər irəli sürülür. Əsasən də aksiyada iştirak edənlərin sayı mübahisə predmetinə çevrilib. Siz nə fikirləşirsiniz bu barədə: iştirakçıların sayı qənaətbəxş idimi? 

– Əlbəttə, qənaətbəxş deyildi. Mitinqdən əvvəl mən özüm də ictimaiyyətə müraciət edərək bildirmişdim ki, aksiyaya geniş xalq kütlələri qatılmalıdır. Aksiyanın təşkilatçıları tərəfindən ictimaiyyətə elə mesajlar verilməli idi ki, insanlar mitinqin yalnız Qarabağ məsələsinə görə çağırıldığına əmin olsunlar. Əmin olsunlar ki, kimlərsə Qarabağ problemindən  istifadə edib siyasi hakimiyyət uğrunda mübarizə aparmayacaq. Nə yazıq ki, mitinqin təşkilatçıları cəmiyyətə bu mesajı verə bilmədilər. Mitinq zamanı edilən çıxışlar da sübut etdi ki, siyasi hakimiyyət uğrunda mübarizə daha ön plana çıxıb.

– Sizcə, Qarabağ problemi ilə bağlı etiraz aksiyası hansı zərurətdən doğmuşdu? Ehtiyac var idimi bu mitinqə?

– Çox böyük ehtiyac var idi. Azərbaycan həm dünya birliyinə, həm ermənilərə, həm ermənilərin arxasında dayanan Rusiyaya, həm region dövlətlərinə, həm də problemin həlli ilə məşğul olan Minsk qrupuna səbrimizin tükənməsi ilə bağlı mesajlar verməli idi. Və bu mesajlar Ermənistan hakimiyyətinə qarşı təzyiqləri stimullaşdırmalı idi. Hesab edirəm ki, haqqında danışdığımız aksiyaya onminlərlə etirazçı çıxsaydı, müsbət təsiri olardı. Erməni xalqı başa düşməlidir ki, Azərbaycan işğal faktı ilə barışmayacaq və Qarabağ problemi gec-tez böyük bir müharibəyə çevriləcək. Çox təəssüf ki, bu mesajı lazımınca verə bilmədik.

– Əslində, bu məsələdə hakimiyyət də maraqlı olmalıydı. Ən azı ona görə ki, beynəlxalq danışıqlarda ən çox təzyiqlərə məruz qalan tərəf Azərbaycan hakimiyyətidir. Niyə o zaman hakimiyyət bu mitinqin keçirilməsinə nəinki kifayət qədər dəstək vermədi, hətta həmin təşəbbüsün qarşısını almağa çalışdı?

– Aydın məsələdir ki, hakimiyyət müxalifət düşərgəsində gedən prosesləri, aparılan müzakirələri izləyir, necə ki, müxalifət də hakim komandanı eyni şəkildə müşahidə edir. Bir çox hallarda alınan qərarlarda, atılan addımlarda həmin müşahidələrin də mühüm rolu olur. Bildiyimiz kimi, mitinq müzakirələrinin getdiyi ilk dövrlərdə YAP rəhbərliyindəki bəzi yetkililər açıq şəkildə bu təşəbbüsü alqışladılar. Çünki aksiyanın təşkilatçıları iqtidara da müraciət etmişdi və bəyan olunmuşdu ki, mitinq iqtidara etiraz aksiyası kimi təşkil olunmur, siyasi hakimiyyət uğrunda mübarizə aparan siyasətçilər çıxış etməyəcəklər. Hakimiyyət biləndə ki, bu söz tutulmayacaq, istər-istəməz geri çəkildi. Məncə, hakimiyyətin bu mövqeyi başadüşüləndir. Özünüz fikirləşin: tutalım, mən tərəfdarlarımı toplayıb sizin aksiyada iştirak edirəm ki, siz mənim əleyhimə təbliğat aparasınız, bu, sağlam məntiqə sığırmı? Səmimi etiraf edək ki, iqtidarın dəstəyi olmasa, hazırda on minləri meydanlara toplamaq qeyri mümkündür. Mitinq təşkilatçılarının bəzi səhvləri və şəxsi ambisiyalarını kənara qoya bilməmələri bu çox önəmli aksiyanın iflasına, sönük keçməsinə yol açdı.

– İndi soruşacağım suala nə cavab verəcəyinizi təxmin edirəm. Çünki aksiyada Sizin partiyanın rəhbər üzvlərindən bir çoxunu şəxsən gördüm. Amma Siz, deyəsən, orda deyildiniz. Hesab edirəm ki, oxucularımız indiyə qədərki fikirlərinizlə tanış olanda xəyalən Sizə bu sualı ünvanlayacaqlar: Qüdrət bəy, bir halda ki mitinq bu qədər önəmli idi, özünüz niyə iştirak etmirdiniz?

– Bəli, bizim bir çox üzvlərimiz aksiyada iştirak etdi. Mən özüm hətta mətbuatda da mitinqi dəstəkləyən mövqe ortaya qoymuşdum. Şəxsən özümün o aksiyaya qatılmamağıma gəlincə, bunun səbəbi mitinqin öz məramından kənarlaşacağını bilməyimlə bağlı idi. Bütün siyasi qüvvələr ora dəvət olunmuşdusa, deməli, qarşılıqlı ittihamlar və təhqirlər olmamalı idi. Həmin mitinqdə qaçqınlar çıxıb öz problemlərindən danışsaydılar, ata-baba yurdlarına qayıtmağı tələb etsəydilər, Qarabağ əlilləri, müharibə veteranları, şəhid ailələrinin təmsilçiləri çıxış etsəydilər, daha effektli olardı, nəinki  hansısa siyasi qüvvələrin Qarabağ mitinqini hakimiyyət uğrunda mübarizə vasitəsinə çevirməsi. Mən qarşıya qoyulan məramın dürüstlüyü şübhəli olan heç bir aksiyaya qatılmıram. Amma Qarabağ adına görə partiya üzvlərinə tövsiyyə etdim ki, qatılsınlar.

Bu sözlərlə demək istəmirəm ki, bu tipli aksiyalarda hakimiyyət tənqid olunmamalıdır. Əlbəttə, problemin indiyə qədər həll edilməməsi, istər-istəməz, vətəndaşların hakimiyyət qarşısında sırf bu məsələylə bağlı sərt tələblər qoymasını şərtləndirir. Eyni tələblər beynəlxalq vasitəçilər və təşkilatlar qarşısında da irəli sürülə bilər. Amma tələblər irəli sürülərkən müəyyən səviyyə qorunmalıdır. Mən də mitinqdən əvvəl xəbər almışdım ki, təşkilatçılar dedikləri sözü  tutamayacaqlar. Bilirdim ki, ümumxalq problemi olan Qarabağ məsələsini hakimiyyət uğrunda mübarizə predmetinə çevirəcəklər. Mitinqə özümün qatılmamağımın səbəbi bu idi.

– Qüdrət bəy, mən demirəm ki, kimsə Qarabağ problemindən siyasi hakimiyyət uğrunda mübarizə silahı kimi istifadə etsin. Amma məsələ burasındadır ki, bizdə siyasi hakimiyyət uğrunda mübarizəyə ən böyük cinayət, vətənə xəyanət kimi baxılır. Halbuki siyasi partiyaların ən önəmli vəzifələri də, hüquqları da budur. Heç uzağa getməyək, Siz prezidentliyə namizədlərdən olubsunuz. Deməli, ən yüksək siyasi post uğrunda mübarizə aparıbsınız. Bəs, niyə cəmiyyətimizdə hakimiyyət uğrunda mübarizəyə cinayət kimi baxılır?

– Heç kim siyasi hakimiyyət uğrunda mübarizəyə cinayət kimi baxmır. Kim istəyirsə, hakimiyyətin istənilən qanadında təmsilçiliyə iddia edə və mübarizə apara bilər. Amma bunu açıq bəyan etməli, siyasi tələblərini və məramlarını dürüst şəkildə ortaya qoymalı, hər kəsi bu məqsədlə özünə qoşulmağa çağırmalıdır. Məsələn, deməlidir ki, Azərbaycanda qanunun aliliyi, insan hüquqları, sosial-iqtisadi və s. məsələlərlə bağlı problem var, korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir və biz bununla əlaqədar hökumət əleyhinə mitinq keçiririk. Mən də bunu normal qarşılayaram. Amma deyirsən ki, mən sırf Qarabağla bağlı mitinq keçirirəm və bundan istifadə edib xalqı meydana toplayırsan, sonra isə onu iqtidar əleyhinə etiraz aksiyasına çevirirsən. Bizim qarşı çıxdığımız bu qeyri-səmimilik, hiyləgər mübarizə metodudur.

Kim deyir ki, mən hakimiyyət uğrunda siyasi mübarizəyə pis baxıram? Əksinə, hakimiyyətin iqtisadi, məhkəmə-hüquq islahatları, sosial, təhsil, hərbi quruculuq siyasəti ilə bağlı tam fərqli konsepsiyalar ortaya qoymuşam. Adı ilə mahiyyəti bir-birindən fərqlənən siyasi manevrlərlə məqsədə çatmaq olmaz. Əksinə, həm öz mübarizəni, həm də adından istifadə etdiyin dəyərləri gözdən salar, ona ictimai marağı azaldarsan. Necə ki, Qarabağ mitinqdə bu, baş verdi. Qarabağ bizim ümumi bəlamız olduğu halda, bəzilərinin məkrli taktikaları bu siyasi aksiyaya daha az adamın qatılmasına yol açdı.

Bilirsinizmi, Qarabağ mitinqini təşkil edən bəzi adamların bu məkrli taktikaları mənə nəyi xatırlatdı? 2008-ci ildə rəhmətlik Heydər Əliyevin doğum günü münasibətilə “Gülüstan” sarayında bir tədbir keçirilirdi. Tədbiri keçirən “Avrasiya Dialoqu” adlı Fəthullah Gülən tərəfdarı təşkilat idi. Mən də o tədbirə dəvətli idim. Tədbirə qatıldıq. Gördük ki, həmin toplantı ilə bağlı xüsusi jurnal buraxıblar. İçərisində yalnız bir-iki məqalə mərhum Heydər Əliyevə həsr olunmuşdu. Jurnalın qalan hissəsi Fəthullah Gülən və onun hərəkatından bəhs edirdi. Sanki Heydər Əliyevin adıyla insanları “Gülüstan” sarayına toplayıblar, amma orda Gülənçilik təbliğ olunurdu. Bu, əlbəttə, doğru hərəkət deyildi. Dürüst insanlar belə davranmırlar.

Eynilə bu mitinq də bənzər məntiqlə hazırlanmışdı. Ümummilli problem adıyla Qarabağ məsələsi əldə rəhbər tutulacaq, hər kəs, o cümlədən iqtidar mənsubları ora dəvət olunacaq, mitinqdə isə hakimiyyətin əleyhinə sərt şüarlar səsləndiriləcəkdı…

– Təsvir etdiyiniz tablo lap “O olmasın, bu olsun” filmindəki bir epizoda bənzədi. Məşədi İbadın təbirincə desək, “mənə “meymun” deməyin bəs deyil, hələ bir əl də uzadırsan?”…

-Bəli, Heydər bəy, məhz bu məqam qəbulolunmazdı. Yoxsa, heç kim heç kimə “siyasi mübarizə aparma”, demir.

– Yeri gəlmişkən, bayaq “Avrasiya Dialoq”un məlum toplantısını xatırlatdınız. Eşitdiyimə görə, Siz o toplantını nümayişkarənə şəkildə tərk edibsiniz. Digər rəsmi dəvətlilər isə başını aşağı salıb FETÖ-çülər mouzələrini sonuna qədər dinləyiblər. Bununla da özlərini “Hoca əfəndi”nin müridlərinin yanında şirin salmağa çalışıblar. Azərbaycan hakimiyyətinin Türkiyənin tələbləri ilə FETÖ-çülüyə qarşı mübarizə apardığı indiki zamanda belə, həmin hər kəsə şirin görünən rəsmilər yenə öz postlarındadırlar…

– Bu məsələyə bir daha qayıtmaq istəmirəm. Sadəcə onu demək istəyirəm ki, dürüst olmayan bu hərəkətə etiraz edərək toplantını tərk etmişdim. O ki qaldı orda sonuna qədər iştirak edənlərə, fikrimcə, məsələyə bu qədər maksimalist yanaşmamalıyıq. Həmin toplantıya qatılanların hər biri Fəthullah Gülənə duyduğu məhəbbətə görə yox, mərhum prezident Heydər Əliyevə görə ora gəlmişdi.

İkincisi, o zamanlar Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanla Gülənçilər arasında yaxın münasibətlər var idi. Toplantıda axıra qədər iştirak edənlər də Türkiyənin iqtidar partiyasına və Ərdoğana simpatiyalarını büruzə vermək üçün orda idilər. İnanmıram ki, həmin adamların hamısı hansısa ideologiyaya bağlıdırlar. “Avrasiya Dialoqu” adlanan qurum o vaxt Ərdoğanı ciddi şəkildə müdafiə edən təşkilatlardan idi. Fəthullah Gülənin müridləri seçkilərdə ciddi şəkildə Ərdoğana dəstək verirdilər. Ərdoğanın İsraillə münasibətləri korlanandan sonra Fəthullah Gülənlə də yolları ayrıldı. O vaxta qədər isə həmin qüvvələr bir yerdə olublar və bir-biriləri barədə yaxşı sözlər deyiblər, ehtiramla danışıblar…

Bu baxımdan, mən ora qatılanları qınamıram. Qınanacaq olanlar təşkilatçılar idi.  Amma onu da deyim ki, etiraz edən tək mən deyildim. Məndən sonra ən ciddi etiraz edənlərdən biri də Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov olmuşdu. Xatırlayıram ki, Əli Həsənov o zaman tədbirin təşkilatçılarını bu əməllərinə görə ciddi tənqid atəşinə tutmuşdu.

Onu da xatırlayıram ki, həmin tədbirdən iki gün sonra MM-in sessiyası keçirilirdi və mən bəhs etdiyim jurnalı özümlə parlamentə gətirmişdim. Çıxış edərək söyləmişdim ki, axı, bizim qanunlara görə, din dövlətdən ayrıdır. Amma “Gülüstan” sarayında keçirilən toplantıda iştirakçılara paylanan jurnalda açıq şəkildə  din siyasiləşdirilir. Fikrimi əsaslandırmaq üçün jurnaldakı bir məqalədən sitat da gətirmişdim. Sitatda deyilirdi: “Beyni biliklə, qəlbi  nurla dolmayan insanlar ədalətli cəmiyyət qura bilməzlər”. Fikrimcə, bu, sırf açıq çağırış idi ki, hakimiyyətdə yalnız dini dünyagörüşlü nurçular təmsil olunsalar, ədalətli cəmiyyət qurmaq olar. Bu isə nurçuluğun ideoloji əsasları idi.

– İstərdim, yenidən Qarabağ məsələsinə qayıdaq. Paşinyan hakimiyyətə gələndə bizim bir çox siyasi xadimlərimiz, o cümlədən də Siz belə bir fikir səsləndirmişdiniz ki, bu hadisədən sonra Rusiya ilə Ermənistan  arasında gərginliklər yaranacaq və Azərbaycan bundan faydalanıb öz torpaqlarını geri qaytara bilər. Amma deyəsən, tam tərsinə oldu. Paşinyandan sonra Ermənistanın da, Azərbaycanın da Qarabağla bağlı ritorikası dəyişdi. Əvvəl biz savaş ritorikasından çıxış edirdiksə, indi Paşinyan bizi hədələyir. Bizim Xarici İşlər Nazirliyinin rəsmiləri isə daha təmkinli görünməyə çalışırlar. Bu mövqe dəyişikliyini necə izah edərdiniz?

– Səhv etmirəmsə, bu fikri sizin sayta müsahibəmdə demişdim.

– Bəli.

– Heydər bəy, mən hər zaman söyləmişəm ki, dövlət başçılarının bir-biri ilə münasibətləri dövlətlərarası münasibətlərə də öz təsirini göstərir. Amma bu fakultativ bir səciyyə daşıyır. Beynəlxalq münasibətləri müəyyənləşdirən əsas  amil isə dövlətlərin milli maraqlarıdır. Dövlətləri yaxınlaşdıran da, uzaqlaşdıran da bu maraqlardan qaynaqlanır. İnsanları maraqlar birləşdirdiyi və ya düşmən etdiyi kimi, dövlətlər də öz maraqlarının tələblərilə hərəkət edir. Məsələn, insanlar siyasi partiyalarda niyə birləşirlər? Öz siyasi maraqları, ideyaları üst-üstə düşdüyünə görə. Bu birləşmə nəticəsində komandalar hakimiyyətə gəlir və komanda üzvülərinin hərəsi bir vəzifə tutur…

– Sözünüzün qüvvəti, Adam Smitin belə bir fikri var: “Londondakı hansısa çörəkçi çörəyi ona görə bişirmir ki, bu şəhərin sakinlərinə xidmət etsin. O, pul qazanmaq üçün öz işini görür. Amma nəticədə London sakinlərinə xidmət edir”. Hansısa gizli əl fərdi maraqları ümumi maraqlarda birləşdirir.

– Bəli, əsas məqsəd orda xalqa xidmətdən çox, öz yaşayışını təmin etməkdir. Siyasi münasibətlərdə də belədir. İstənilən komanda öz üzvünü özündən uzaqlaşdırırsa, həmin adam əvvəlki komandasına eyni sədaqətlə bağlı qala bilməz.

2016-cı ilin aprel savaşında Rusiya Azərbaycanın irəliləməsinə 3 gün susdu. Ona görə ki, Rusiya Qərbə meyllənən Ermənistan rəhbərliyinin cəzalandırılmasında maraqlı idi. Maraqlı idi ki, Azərbaycan Ermənistana qulaqburması versin, torpaqlarının bir hissəsini işğaldan azad etsin. Bunun nəticəsində isə Sarkisyanı hakimiyyətdən uzaqlaşdırsın. Hamı bilirdi ki, Kreml artıq Sarkisyanın timsalında İrəvana inanmır. Çünki Sarkisyan hakimiyyəti Avropa İttifaqı ilə assosiativ üzvlük sazişi imzalamağa hazırlaşırdı. Rusiyanın ciddi təpkisi olmasaydı, Sarkisyan bu addımı atacaqdı. Moskvanın fikrincə, Sarkisyanı qovmaq üçün xarizmasını sındırmaq lazım idi. Sarkisyan hərbi səhra komandirliyindən böyük siyasətə gəlmişdi, məğlubedilməz, Azərbaycan üzərində qələbə çalan sərkərdə imici qazanmışdı. 4 günlük aprel döyüşləri bu imicin sabun köpüyündən başqa heç nə olmadığını ortaya qoydu. Putin bizə imkan yaratdı ki, onun bu imicini sındıraq. Bundan sonra Moskva həm bizim, həm də Ermənistan hərbi rəhbərliyini çağırıb atəşkəsi bərpa etdi. Çünki artıq öz istəyinə nail olmuşdu. Moskva Sarkisyanı hakimiyyətdən uzaqlaşdırmaqla, həm də Paşinyanın iqtidara gəlməsinə yol açdı. Burada da məqsəd eyni idi: Qərbə bağlı və təcrübəsiz birini hakimiyyətə gətirib, uğursuz siyasəti nəticəsində nüfuzdan salmaq. Təcrübəsiz Paşinyan ətrafında güclü komanda formalaşdırmaq iqtidarında da deyil. Moskvanın fikrincə, Paşinyan və onun təcrübəsiz komandası təcili hakimiyyətə gətirilərək tez bir zamanda nüfuzdan salına bilər. Beləcə, bütün Qərbyönümlü qüvvələr iflasa uğrayar. Necə ki, eyni ssenarini 1992-93-cü illərdə Azərbaycanda sınaqdan çıxartmışdı.

Mənim istəyim odur ki, Azərbaycan indiki halda Rusiya ilə çox intensiv danışıqlar aparsın və Paşinyanın cəzalandırılmasında rol oynasın. Bunun müqabilində isə öz torpaqlarını qaytarsın. Necə ki, bizdə hakimiyyət çevrilişi baş verəndə ermənilər bundan istifadə edib Qarabağ ətrafındakı rayonları da ələ keçirdi. Eyni fürsət artıq bizim üçün doğub…

– Amma, Bəy, görünən odur ki, Rusiya heç də Paşinyanın ya ümumiyyətlə, ya da bizim vasitəmizlə cəzalandırılmasını istəmir…

– Paşinyan mütləq hakimiyyətdən qovulacaq, amma məsələ burasındadır ki, Ermənistandakı Qərbyönümlü hakimiyyətin devrilməsi naminə Rusiyanın bizə Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etməyimizə imkan verəcəyini  düşünmək sadəlövhlük olardı. Hesab edirəm ki, Azərbaycan öz siyasətində Rusiyanın regiondakı maraqlarını nəzərə alacağına  dair müəyyən təminatlar verməlidir.

Biz bilirik ki, Rusiya böyük dövlətdir, regional hədəfləri var və biz Cənubi Qafqazda öz maraqlarımızı bu hədəflərlə uzlaşdıra bilərik. Mən ona görə söyləyirəm ki, Azərbaycan öz suverenliyinə zidd olmayan müəyyən güzəştlərə gedə bilər. Məsələn, Rusiyanın liderliyi altındakı bəzi ittifaqlara – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Avrasiya Birliyi və s. kimi qurumlara qoşula bilərik. Əgər kimsə hesab edirsə ki, daha qabiliyyətlidir, bunlarsız Rusiyanın Qarabağ probleminin ədalətli həlli istiqamətində razılığını ala bilər, buyursun, bunu necə edəcəyini söyləsin, biz də onun ətəyindən yapışaq. Amma mən bir praqmatik siyasətçi kimi, möcuzələrə inanmıram və hesab edirəm ki, Rusiya Qarabağ kartını Paşinyanın devrilməsi naminə əlindən verməz. Bunun üçün Azərbaycan gərək daha təşəbbüskar olsun ki, Dağlıq Qarabağın işğaldan azad edilməsinə nail olaq. Düşünürəm, bunun üçün çox əlverişli vəziyyət yaranıb. Çünki dəfələrlə söylədiyim kimi, Paşinyan hakimiyyətə iflas üçün gətirilib və biz də bundan yararlanmalıyıq. Bizsiz də, bizli də Rusiya onu rahatlıqla çökdürə biləcək. Biz bu prosesdə yer alsaq, müəyyən dividentlər əldə edərik. Yaxşı olardı ki, bu proses bizim iştirakımızla həyata keçirilsin.

– Siz hesab edirsiniz ki, bizim hakimiyyətin Rusiyaya bağlılıq zəmanətinə ehtiyac var? Onsuz da Rusiya nə istəsə, bizimkilər dərhal yerinə yetirir…

– Yox, bu fikirlə razılaşmıram. Rusiya  böyük məmnuniyyətlə istəyərdi ki, Azərbaycan KTMT-nın üzvü olsun, Avrasiya İttifaqına girsin. Azərbaycan isə  bunları etmir.

– Bəs, niyə bunarı etmir? Onsuz da istəsək də, istəməsək də Moskvanın təsir dairəsində, orbitindəyik.

– Mən onu deyə bilmərəm ki, hansı səbəbdən Azərbaycan hakimiyyəti bu ittifaqlarda yer almaq istəmir. Amma bir onu bilirəm ki, mən də prezident olsaydım, Qarabağsız bunların heç birini etməzdim. Hər zaman söyləmişəm ki, Qarabağın azadlığı qarşılığında Rusiyanın liderlik etdiyi ittifaqlarda yer ala bilərik. Görünür, Rusiya Azərbaycanın indiki statusda qalmasını daha məqbul sayır və Qarabağın bizə qaytarılmasını istəmir. O bilir ki, Qarabağ problemi mövcud olduqca, hər iki respublika ondan asılı vəziyyətdə qalacaq. Buna görə də Azərbaycan, Qarabağ işğaldan azad olmayacağı təqdirdə, nə KTMT-yə, nə də Avrasiya İttifaqına girməməlidir. Əgər Azərbaycan Rusiyanın bu istəklərinə Qarabağsız razı olarsa, əvvəllər də dediyim kimi, bu, bizim üçün birbaşa kapitulyasiya olacaq. Azərbaycan bu məsələdə ciddi təminat almayacağı müddətcə, nə KTMT-yə, nə Gömrük Birliyinə, nə də Avrasiya İttifaqına qoşulmamalıdır və Rusiya ilə müəyyən məsafədə dayanmalıdır.

Mən demirəm ki, biz Rusiya ilə münasibətlərimizi pozmalıyıq, amma onunla aramızda məsafə mütləq olmalıdır və bu məsafəni bir az da artırmalıyıq. Ona görə ki, bizim topraqlarımızın işğal altında qalmasının səbəbkarının Rusiya olduğunu uşaqdan-böyüyə hər kəs bilir. Mən məhz bu faktı əsas gətirib o gün parlamentdəki çıxışım zamanı bildirmişdim ki, bəzi insanlar iqtidara torpaqları niyə azad etməməsini irad tutur, amma bu məsələdə söhbət Ermənistandan getmir. Təkcə Ermənistan olsaydı, əminəm ki, Azərbaycan çoxdan Qarabağı azad etmişdi. Sadəcə olaraq, biz hamımız bilirik ki, Ermənistanın arxasında hərbi müttəfiq kimi Rusiya dayanır. Rusiya ona ən böyük dəstəyi verir, güclü və müasir silahlarla təchiz edir, zaman-zaman bizi hədələyir. Yadınızdadırsa, 2008-ci ilin avqustunda Rusiya Gürcüstan torpaqlarını işğal edəndə Kollektiv Təhlükəsizlik Müqaviləsinin Baş katibi də, Rusiyanın prezidenti də, baş naziri də, digər rəsmiləri də dəfələrlə region dövlətlərini xəbərdar edirdilər ki, hər kəs bundan nəticə çıxarmalıdır. Biz hamımız bilirik ki, Rusiya bölgədə status-kvonun dəyişdirilməsinə imkan vermir, müxtəlif vasitələrlə bölgə dövlətlərinə təsir göstərir. Heç uzağa getməyək, Aprel savaşında Azərbaycanı Rusiya dayandırdı. Baş Qərargah rəislərini Moskvaya dəvət edib onlara yenidən atəşkəs sazişi imzalatdı…

– Bəli, heç uzağa getməyək, Moksvanın iradəsinə qarşı çıxan Ukraynanın başına gələnlər də region dövlətləri üçün bir dərsdir.

– Tamamilə doğrudur. Bəziləri məni siyasətçi kimi populist çıxışlar etməməkdə günahlandırırlar. Amma mən Ali qanunvericilik orqanın – Milli Məclisin deputatıyam. Mən xalq qarşısında öz məsuliyyətimi başa düşürəm və kimlərəsə xoş gəlmək üçün populist çıxışlar etmirəm və etməyəcəyəm. Bir qrup siyasətin dərinliyinə vara bilməyən populist insanların “sağ ol”una görə “Qarabağa hücum etməliyik”, “biz güclüyük” və s. kimi real əsası olmayan şüarlar səsləndirmək fikrində deyiləm. Bir çoxları kimi, dilimdə dediyimə beynimdə inanmayacaq qədər ikiüzlü həyat yaşamaq istəmirəm.

Özü də bu cür təkliflər Azərbaycanı çətin vəziyyətə sala bilər.  Rusiyanın tərəfsizliyini təmin etmədən hərbi əməliyyatlara başlamaq Azərbaycanın intiharına bərabərdir.

O ki qaldı Ukrayna dərsinə, mən sizə bəzi məsələləri xatırlatmaq istəyirəm. Yadınızdadırsa, SSRİ dövründə azərbaycanlılar hərbi xidmətdən yayınmağa çalışır, rüşvət verib övladını ya çörəkkəsən etdirir, ya da tikinti sahələrinə göndərirdilər. Amma rus ordusunun ən aparıcı sahələrində xidmət göstərənlərin böyük hissəsini ukraynalılar təşkil edirdi. Generallar, yüksəkçinli zabitlər arasında xeyli sayda ukraynalılar var idi. Ukraynanın özündə böyük hərbi sənaye kompleksləri qurulmuşdu. Bu gün belə, Ukrayna dünyaya silah ixrac edən ölkələrdəndir. Ağır silahlar, raketlər istehsal edir və s.

– Bir sözlə, hərbi dövlətdir.

– Bəli. Açıq deyək, biz kənd təsərrüfatı sahəsində ixtisaslaşdığımız kimi, onlar da hərbi sənaye sahəsində xeyli irəli gediblər. Üstəlik, əhalisi də bizdən dəfələrlə çoxdur – 44 milyon. Arxasında da ABŞ, Avropa İttifaqı  durub. Bilirsiniz ki, ABŞ son vaxtlar Ukraynanı Rusiyaya qarşı ən müasir silahlarla təchiz edir, ərazi bütövlüyünü tanıyır. Dəfələrlə ABŞ və Avropa rəsmiləri çıxışlarında Krımın Ukraynanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan ediblər. Bizim üçün eyni sözləri deyən isə yoxdur. 44 milyonluq hərbiləşmiş bir xalqı bu gün Rusiya zəlil gününə qoyub. Krımı bir güllə atmadan onun əlindən alıb. Donetskidə də vəziyyəti görürsünüz. Belə bir vəziyyətdə 44 milyonluq bir xalq öz ərazi problemini həll edə bilmirsə, Azərbaycanın Rusiyanın razılığı olmadan müharibəyə başlaması nə dərəcədə ağlabatandır?

2008-ci ildə Gürcüstanı da Avropa və ABŞ dəstləklədi, Sarkozi Tbilisiyə gəldi və müəyyən bir barış yaratdı. Nəzərə alaq ki, o zaman Rusiya ilə Avropa arasında müəyyən dialoq var idi. İndisə Rusiya heç bir ölkəylə hesablaşmır. Ona söz deyə biləcək elə bir ölkə qalmayıb. ABŞ-la, Avropa Birliyi ilə münasibətləri tamamilə korlanıb. Hər ikisi ona qarşı sanksiyalar tətbiq edib. Belə bir vəziyyətdə Rusiyanın iradəsinin əksinə getmək Azərbaycan üçün ölümcül nəticələr doğura bilər. Bəzi ağzı köpüklənə-köpüklənə mənim üstümə gələn adamlar bu reallıqları unutmamalıdırlar…

– Söhbətləşə-söhbətləşə ən maraqlı məqama gəlib çıxdıq. Açığı, planımda bu sualı da soruşmaq var idi. Maraqlıdır ki, hər zaman Rusiyanın kuklası kimi tanınan Ayaz Mütəllibovun komandası sizi Moskvaya işləməkdə günahlandırır. Bir tərəfdən də bu komandanın əsrarəngiz cəngavəri kimi tanınan Hacı Əbdül Azərbaycanın əleyhinə yalan olduğu şübhə doğurmayan müsahibələrilə media orqanlarında at oynadır. Ölkədə nə baş verir?

– Hər bir insanın kimliyini müəyyənləşdirən əsas amil onun keçmişidir. Mənə qarşı olan, mətbuatda fikirlərimi təhrif edən bu adamların da kimliyini müəyyənləşdirmək üçün keçmişinə nəzər salmaq kifayətdir. Araşdırsanız, görərsiniz ki, bu adamlar Ayaz Mütəllibov tərəfindən zamanında yüksək vəzifələrə təyin olunmuşlardır və indi də hökumətdə kifayət qədər yüksək vəzifə tutanları var. Eləcə də Ali qanunverici orqanın özündə də belələri var. Bu adamların mənim üstümə gəlmələrinin səbəbi odur ki, mən Qarabağ konfliktinin arxasında Rusiyanın dayandığını deyirəm. Bu da onları qıcıqlandırır və ağalarına nə qədər sadiq olduqlarını nümayiş etdirməyə çalışırlar. Deyirlər ki, sən Rusiyanı niyə Azərbaycan xalqının gözündən salırsan. Bunlar istəyirlər ki, Rusiya Azərbaycanda sülhpərvər, stabilliyin və təhlükəsizliyin təminatçısı olan bir dövlət kimi tanınsın. Bu adamlar öz məramlarına hiyləgərcəsinə milli-vətənpərvərlik donu geyindirirlər. Yadınızdadırsa, 2016-cı ilin Aprel döyüşlərində də həmin şəxslər hökuməti qınayırdılar ki, niyə atəşi dayandırdı, irəli gedilmədi. Deyirdilər ki, nə olsun, Şoyqu çağırmışdı, Putin belə istəmişdi, biz gərək savaşı davam etdirərdik…

İndi də mənə qarşı çıxış etməklə iki məqsəd güdürlər. Biri məni xalqın gözündən salmaqdır. Əsas məqsədləri isə Azərbaycanı müharibəyə təhrik etməkdir. Bilirlər ki, bu müharibədə Azərbaycanın qarşısında Rusiya dayanacaq və məğlubiyyəti qaçılmaz olacaq. Ermənistan-Rusiya ittifaqının əks-hücumu nəticəsində Azərbaycan, ola bilsin ki, yenə torpaq itirsin və indiki hakimiyyət xalqın etirazları ilə qarşılaşsın. Bilirsiniz ki, ermənilər növbəti hədəflərinin Kür çayı olduğunu bildirirlər. Azərbaycanı müharibəyə təhrik edənlərin məqsədi də budur. Fikirləşirlər ki, erməni-rus hərbi birləşmələri bu müharibədən istifadə edərək, Gəncəni, Yevlaxı işğal edə bilərlər və nəticədə bu avantürist müharibəyə qərar vermiş siyasi hakimiyyətin iqtidarda qalması mümkün olmaz. Sonra Rusiyanın dəstəyi ilə bu qüvvələr hakimiyyətə gələr və danışıqlar yolu ilə o ərazilərin bəzi qismini geri qaytararlar. Tutaq ki, Kreml  onun əlini öpməyə hazır olanlardan birini hakimiyyətdə oturdar və erməniyə deyər ki, əvvəlki sərhəddinə çəkil…

– Sözlərinizdən belə çıxır ki, Kremlin də bu cür planı var. Putin öz “dostlarını” Azərbaycanın növbəti məğlubiyyəti sayəsində hakimiyyətə gətirmək istəyir…

– Hesab edirəm ki, bu, Moskvanın planıdır. Moskvanın göstərişi ilə buradakı tərəfdarları Azərbaycanı avantürist savaşa təhrik edirlər. Cəsarət yaxşı şeydir, amma həddində. Axı sən bilirsənsə ki, girəcəyin savaşda qələbə ehtimalı yoxdur, niyə bu avantüraya gedirsən? Bu gün Avropa Birliyi, Amerikanın özü Rusiya ilə üzbəüz savaşa girmək istəmir. Bir milyondan artıq əsgəri, nüvə silahı, uzaqmənzilli raketləri olan bir ölkəylə necə savaşacaqsan? Biz nə qədər böyük hərbi potensial yaratsaq belə, bu savaşı qazana bilmərik…

-ABŞ belə, bu güclə savaşa girmək istəmir…

– Bəli, savaşa girmək istəmir və onunla hesablaşmaq  məcburiyyətindədir. Belə olduğu halda, biz Rusiya-Ermənistan ittifaqına qarşı necə döyüşə bilərik? Ukraynanı misal gətirmişdim. 44 milyonluq hərb ölkəsi olan Ukraynanı zəlil gününə qoyan Rusiyaya qarşı bizim dirəniş gücümüz varmı? Bu mənasız müharibə Azərbaycanın igid, qəhrəman övladlarını döyüş meydanında öldürməkdən başqa bir şey deyil.

Digər tərəfdən, biz  Rusiyanın razılığını almadan bu avantürist müharibədə torpaqlarımz üzərində nəzarəti tam bərpa  etməsək, Avropa Birliyi də, ABŞ da Qarabağın müstəqilliyini tanıya da bilər. Mən bunu sizə dəqiq deyirəm: bəzi Qərb dairələri açıq şəkildə Azərbaycanı hədələyirlər ki, yeni hərbi əməliyyatlara başlayacağımız təqdirdə, Qarabağı tanıyacaqlar və Ermənistana hərbi yardımlar edəcəklər. Ona görə də, mənim fikrimcə, Qarabağda hərbi əməliyyatlar o zaman olmalıdır ki, biz ən azı Rusiyanın neytrallığını təmin edək, torpaqlarımızı azad etdikdən sonra Qərb ölkələri istədikləri qərarları versinlər. Qarabağa nəzarəti tam təmin etdikdən sonra, onun müstəqilliyinin kim tərəfindənsə tanınmasının heç bir əhəmiyyəti yoxdur.

– Qüdrət bəy, sizin bu fikirlərinizi dinlədikcə, ağlıma qorxunc bir ssenari gəlir. Bir tərəfdən Azərbaycanın Rusiyapərəst qüvvələri, digər tərəfdən isə Ermənistan bizi savaşa təhrik edir. Paşinyanın verdiyi bəzi müharibə ritorikalı bəyanatlar, atdığı konkret addımlar da sırf buna hesablanıb. Sanki Azərbaycanı zorla müharibə meydanına çəkirlər. Sizə elə gəlmir ki, Rusiya bu ssenari ilə bir daşa iki quş vurmaq istəyir. Həm əvvəlcə Ermənistan vasitəsilə bizə məğlubiyyət daddırıb Azərbaycan hakimiyyətini, daha sonra yeni Azərbaycan hakimiyyətinə qələbə qazandırıb Paşinyanı devirmək istəyir…

– Açıq sizə deyim: hazırda iqtidar komandasının içərisində şəxsi mənafeləri naminə hər şeyə hazır olan destruktiv şəxslərin olmasına baxmayaraq, İlham Əliyev öz komandasına nəzarət edə bilir və hakimiyyət güclüdür. Bunu xüsusi qeyd etmək lazımdır. Ona görə də Azərbaycanda Rusiyanın təxribatları keçərli deyil. Mənim çıxışlarım da əhalini nə baş verməsi barədə məlumatlandırma xarakteri daşıyır. Rusiya Azərbaycanda mövqelərini yalnız səmimi münasibətlər qurmaqla və bizim ərazi bütövlüyümüzə hörmət etməklə gücləndirə bilər. Belə olacaqsa, biz də bunu alqışlayacağıq.

Söhbətləşdi: Heydər Oğuz

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?