Yenixeber.org: Ana müxalifət liderilə prezident sarayında yox, iqtidar partiyasının baş qərargahında görüşməsi (xeyr, bu durum əsla yadınıza “mən jurnalisti daxili işlər naziri kimi yox, İsgəndər kimi döymüşəm” sözünü salmasın) Türkiyə siyasətinin və dövlət idarəçiliyinin ən təcrübəli şəxsiyyətinin üzbəüz qaldığı çətin vəziyyəti göstərirdi.
1 saat 35 dəqiqəlik 2 may görüşünü növbəti günlərdə əvvəlcə ana müxalifət lideri Özəl, daha sonra iqtidar partiyası lideri və dövlət başçısı Ərdoğan şərh etdi.
Müştərək fikir “siyasətdə yumşalma dövrünün başlaması” idi. Bu durumu həm iqtidar, həm də ana müxalifət partiyasının mənafeləri baxımından analiz edən siyasət şərhçiləri əslində dövlət başçısı Ərdoğanın ana müxalifət partiyasında qarmaqarışıqlıq salmaq niyyəti güddüyünü, bu görüşlərin əsas məqsədinin növbədənkənar və ya vaxtında keçiriləcək prezident seçkisində adları namizədlik üçün ən çox hallanan şəxslər olan Ankaranın bələdiyyə sədri Mənsur Yavaş və İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun arxa plana keçirilərək Özgür Özəlin adının ön plana çıxması olduğunu ifadə edirdilər. Yəni, bu yolla ana müxalifət partiyasında parçalanma yaratmaq.
Demokratik çoxpartiyalı sistemlərdə var olan taktikalardır və əsla qəribçiliyə salmamaq lazımdır. İllərdən bəri hər həftə cümə namazından çıxanda məscidin həyətində ana müxalifət partiyasına hücumlar etməyi ənənə halına gətirən hörmətli Ərdoğanın keçən həftə tərz dəyişdirərək “siyasətdə yumşalmaqdan” bəhs etməsi 31 mart məğlubiyyətinin konkret göstəricilərindən biri olsa da, bunun uzun müddət davam etməsinə səbəb ola biləcək yeganə faktor-iqtisadiyyatın bərbad durumudur. O qədər bərbad ki daxildə və xaricdə isti pul tapmaqda çətinlik çəkən iqtidar 31 marta qədər rəhmsiz şəkildə salvolar yağdırdığı ana müxalifət partiyasına koalisiya qurmağı belə təklif edə bilər-siyasi şərhçilər bunu da istisna etmirlər.
11 ayda iqtisadi vəziyyəti az da olsa, düzəltməyə müvəffəq olmayan hökumətin kəmər sıxma siyasəti tətbiq etməyə hazırlaşmasına dair söz-söhbətlər minimum əməkhaqqıyla yaşayan vətəndaşların tüklərini biz-biz edərkən inflyasiyanı nəinki aşağı çəkmək, qabağını almaq belə qəhrəmanlıq sayılacaq.
Yaz aylarında turizm gəlirlərilə nəfəs alması gözlənilən hökumətin (rusiyalı turistlərin Asiyaya üz tutmasına rəğmən ümid var) makroiqtisadi göstəricilərin normal hala gətirilməsində əhəmiyyətli dərəcədə uğur qazana bilməməsi halında ən gec oktyabrda erkən seçki üçün cəmiyyətdən təzyiqlər başlaya bilər.
Bu təzyiqlərin qabağını kəsə biləcək yeganə amil ana müxalifət partiyası ilə toplumun güclü dəstəyini almış bir koalisiya hökuməti olacaq. Vəziyyətin o nöqtəyə gəlməsi halında iqtidar partiyası səmimi hərəkət etməsə, Türkiyə böyük bir xaosun içinə sürüklənə bilər.
Seçkidə ağır məğlubiyyət almış bir mərkəzi iqtidarın xarici siyasətdə də gücünün azalması qaçınılmazdır. Necə ki əvvəlcə dövlət başçısının 9 may üçün nəzərdə tutulan Vaşinqton səfəri ləğv edilərkən İsrail ilə HƏMAS arasında əldə edilməsinə çalışılan ancaq müvəffəq olunmayan atəşkəs məsələsində Ankaranın heç bir rolu olmadı.
Son günlərdə ticarət sazişlərini dalbadal ləğv edən Ankaranın bu addımlarının İsrail iqtisadiyyatına müəyyən dərəcədə zərər vuracağı bəllidir. Ləğv edilən sazişləri gündəmə gətirən ”Korkusuz” qəzetinin yazarı Can Ataklı diqqəti bu nöqtəyə cəlb edir: “İsrail ehtiyacı olan neftin əsas hissəsini Azərbaycandan alır və neft Türkiyə ərazisindən keçən boruyla göndərilir. Yəni, birbaşa olmasa da, Türkiyə vasitəçilik edir və nədənsə Ərdoğan ən yaxın dostu kimi tanınan Əliyevə xəbərdarlıq etməyi lazım bilmir”.
Ancaq Qəzza zolağının Misirlə sərhəddəki Rifah şəhərinə İsrailin təşkil etdiyi əməliyyatın qabağının hətta ABŞ tərəfindən belə alına bilməməsindən Ankaranın manevr sahəsini daha da daraldıb.
ABŞ-ın ciddi xəbərdarlıqlarından sonra Rusiyanın bank sistemiylə əməkdaşlıq münasibətlərini hər gün məhdudlaşdıran Türkiyə banklarıyla yanaşı digər böyük şirkətlər də suyu üfürə-üfürə içirlər.
Rusiya dövlət başçısı fevralda Türkiyəyə gəlmək istəyirdi, ancaq “seçki səbəbilə” aprel və ya may aylarından birinə təxirə salınan səfər barədə hələ ki gündəlikdə gözə çarpan bir xəbər-ətər yoxdur. Ankaranın Qərbdəki müttəfiqlərilə ciddi problem yaşaya biləcəği məsələlərin başında Rusiya ilə münasibətlər gəlir.
1970-ci illərin Maoçusu Doğu Perinçekin 2024-cü ilin hərarətli Putinçisi olması vəziyyəti dəyişdirə bilərmi?
Arxasında güc-qüvvənin durmadığı sözlərin havadan asılı qalmasından təbii nə ola bilər?(Turan)
Mayis Əlizadə