Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ÇİN RUSİYA İLƏ SƏRT DAVRANMAĞA BAŞLAYIR –Putini Pekində nə gözləyir?

Çin rəhbəri Si Cinpinin Avropaya səfəri beynəlxalq medianın əsas gündəm mövzusudur və onun Fransada keçirdiyi görüşlər analitiklərin xüsusi diqqət mərkəzindədir. Belə ki, Rusiya-Ukrayna müharibəsi fonunda Avrasiya materikindəki böyük güclərin mövqeyi həlledicidir.

Yenixeber.org: Bəllidir ki, bu gün qlobal siyasi və iqtisadi proseslərə real təsir etmək imkanında olan üç böyük mərkəz var - ABŞ, Avropa və Çin. Əlbəttə, onların maraqlarının dərin ziddiyyətləri ilə yanaşı, üst-üstə düşən tərəfləri də var və ona görə də qlobal xarakterli qərarlar sözügedən mərkəzlərdən asılı olacaq.

           Bəs o zaman dünyada Rusiyanın yeri haradır? 

Axı, təkqütblü dünyadan ən çox Moskva şikayətlənir. Deməli, belə anlaşılır ki, Rusiya çoxqütblü dünya düzəni dedikdə, orada özünü öncül yerdə görür. Kreml təbliğatçıları bir tərəfdən deyirlər ki, SSRİ dağılandan sonra dünyada təkqütblülük hökm sürür və ABŞ başda olmaqla Qərb dünyası hökmran mövqeyini möhkəmləndirir. Digər tərəfdən isə bildirirlər ki, bu ədalətsizliyə son qoymaq üçün Avrasiya materikində Rusiya - Çin ittifaqına böyük ehtiyac var. Bir sözlə, Moskva Pekini özünə müttəfiq hesab edir. Çünki hər halda, Kremldə belə nəhəng qarşıdurmada tək qalmağın ağır nəticələri ola biləcəyini anlayırlar.

Pekin doğrudanmı Rusiyanı özünə bərabər səviyyədə tərəfdaş hesab edir? Hələ üstəlik, Çin Rusiyanın hansısa avantürist xəyalları naminə ABŞ və Avropaya qarşı çıxaraq, onlarla ticarət əməkdaşlığından vaç keçərmi? Bu, Çin iqtisadiyyatına sarsıdıcı zərbə vurar.

ABŞ Maliyyə naziri Cannet Yellen Rusiyanı dolayı yolla dəstəklədiklərinə görə dünyanın bir çox ölkəsinin toplam 300 şirkətinə qarşı sanksiya tətbiq etdiklərini bildirib. Bunların içərisində çoxsaylı Çin şirkətləri də yer alır. Məsələn, Hon-Konqun “Finder Technology Ltd” şirkəti Rusiyaya PUA-lar üçün detallar və mikroelektronika komponentləri satmaqda günahlandırılır.

Amerika Maliyyə Nazirliyi barıt, raket yanacağı və digər partlayıcı maddələr hazırlanmasında istifadə olunan pambıq selülozu və nitroselüloz istehsalçıları və tədarükçülərinə qarşı da ilk dəfədir ki, tədbirlər görməyə başlayıb. Cannet Yellen çinli məmurlara xəbərdarlıq edib ki, Rusiyaya hərbi komponent və ləvazimat almaqda yardım göstərən istənilən firmaya qarşı tədbirlər görüləcək. Yellen həmçinin deyib ki, ABŞ Çin banklarına qarşı sanksiya tətbiq edə bilər.

Elə bu səbəbdən də Pekinin reaksiyası gecikməyib və Çin ABŞ sanksiyaları ilə üzləşməmək üçün adekvat addımlar atıb. Belə ki, Çin Rusiyaya yüksək texnoloji məhsulların satılmasına sərt məhdudiyyətlər tətbiq edəcəyini elan edib. Çin bankları sanksiya təhlükəsi səbəbindən hələ bir neçə müddət öncədən də Rusiya ödəmə sistemini qəbul etmirdi. İndi isə bu istiqamətdə siyasətin daha da sərt olacağını açıq bəyan edib.

Əslində, Çinin özü də bir çox texnoloji malları, xüsusən də yükəskdəqiqlikli mikroelektronika məhsullarını idxal edir. Çin hazırda yarımkeçiricilər fizikasında ABŞ-dən çox geridədir və ona görə də hələ bu sahədə irəliləyənə kimi gözlənilmədən amerikalıların zərbələrinə tuş gəlmək istəmir. Beləliklə, Çin özünə qarşı ABŞ-nin sanksiya qoya biləcəyindən qorxur.

Andiçmə mərasimindən sonra Vladimir Putinin Pekinə səfəri başlayacaq. Hesab edilə bilər ki, Putin məhz bu sanksiya tədbirləri ilə bağlı Pekinə gedir, amma bu, birbaşa onunla əlaqəli deyil, səfər əvvəlcədən planlaşdırılıb.

Ehtimal ki, Putinin qarşısına tələb və şərtlər qoyulacaq və ona deyiləcək ki, üç ildir tapşırığı yerinə yetirə bilmirsən, hələ üstəlik, ABŞ Ukraynaya altı aydan çoxdur heç bir silah verməyib. Biz isə ABŞ ilə ciddi problemlər yaşamaq məcburiyyətində deyilik. Si Cinpinlə Putin arasında söhbət təxminən bu tərzdə gedə bilər. Amma Rusiyadan nə istəniləcəyini də söyləmək çətindir. Putinin Pekində daha böyük güzəştlərə getməsi üçün Çin həqiqətən də ona qarşı ciddi cəza tədbirlərinə əl ata bilər.

Hazırda Rusiya hərbi texnikasının “beyni” Qərbin mikroelektronika sənayesinin məhsulları sayəsində işləyir. Qərb bu sahədə sanksiyalar tətbiq etsə də, görürük ki, bu sanksiyalardan rusların yayınmasına hələ də müxtəlif bəhanələrlə göz yumur.

Bəs ABŞ Maliyyə Nazirliyinə ikili sanksiyalar tətbiq etməsi üçün indiyədək nə mane olurdu? Əlbəttə, deyə bilməzlər ki, Respublikaçılar əngəl törədirdi. Deməli, sadəcə istəməyiblər. Hələ amerikalıların yeni sanksiyalara necə nəzarət edəcəyini də zaman göstərəcək.

                      Çinin Rusiya ilə bağlı planı

Çin dünya fabriki rolunu oynayır və qlobal ticarətin lideridir. Çinin Rusiya ilə bağlı nə düşünməsi onun qlobal məkanda tutacağı yerlə bağlıdır. Çin uzun illərdir ki, “Bir zolaq, bir yol” layihəsi əsasında Avropanı Avrasiya ilə birləşdirməyə çalışır. Hegemonluq uğrunda Çinin Amerika ilə toqquşmaq niyyətində olması inandırıcı görünmür və onun Tayvan siyasəti hələ ki, sırf ritorikadır. Çin Tayvan məsələsindəki mövqeyindən geri çəkilə bilməz, çünki bu, Kommunist partiyasının və xüsusən də Si Cinpinin nüfuzuna ciddi xələl gətirər.

Pekin rəhbərliyi Rusiyanın zəifləməsini və özündən asılı olmasını istəsə də, yaxın perspektivdə onun dağılmasına razı deyil. Çinə hələlik bütöv, lakin ona möhtac qalan Rusiya lazımdır. Hadisələrin gedişi göstərir ki, Çin öz maraqları naminə Rusiyaya qarşı sərt rəftardan çəkinməyəcək. Yəni, Çin Rusiya ilə bundan sonra istədiyi kimi davranacaq, Kreml isə səsini çıxara bilməz. Vladimir Putin deyir ki, bir qütblü dünya düzəninə son qoymaq lazımdır. Bir çox politolqlar isə yazır ki, Si Cinpin Putinin qələbəsini ona görə istəyir ki, hər iki dövlətin ABŞ-yə qarşı mübarizəsi daha effektli ola bilər və Çinin Tayvanı ələ keçirmə imkanı yüksələr. Əslində bu reallıqdan uzaq yanaşmadır.

Əvvəla, Çin Qərb dünyası ilə Tayvana görə qarşıdurmaya getsə, böyük ziyan görəcək.

İkincisi, belə bir işdə Rusiya kimi “distrofik”i özünə niyə müttəfiq seçməlidir ki? Rusiya ən yaxşı halda Çinin yedəyi ola bilər. Məgər Pekin görmürmü ki, dünyanın ikici ordusu hesab edilən Rusiya silahlı qüvvələri Qərbdən doza ilə məhdud yardımlar alan Ukrayna ilə iki ildən artıqdır ki, döyüşür və hələ də istədiyinə nail ola bilməyib?

Geostrateji kontekstdə qlobal müstəvinin yenidən paylaşılması məsələsi sözsüz ki, aktualdır və Çin özünə müvafiq imkan yaradılmasını istəyir. Pekin dünyanın istehsal nəhəngi olmaqda davam etmək niyyətindədir, lakin çox böyük ehtimalla, ABŞ və Avropa coğrafi məkan baxımından onun daha geniş meydanları zəbt etməsinə qarşı çıxırlar.

Sözsüz ki, qlobal güclər arasında nə qədər ciddi və dərin ziddiyyətlər olsa da, hər halda kompromisə gəlmək imkanları da tükənməyib. Ona görə də müzakirə apara bilərlər. Böyük güclər yaxşı dərk edirlər ki, qlobal müstəvinin paylaşılmasında əhali potensialı baxımından ən çox paya malik ölkə Rusiyadır. Tarixin inkişaf prosesi elə gətirib ki, əhalisi 1,5 milyard olan Çin və Hindistanın, ümumi əhalisi 500 milyon olan Avropanın ərazisi və buna müvafiq surətdə təbii resursları Rusiya ilə müqayisədə xeyli azdır. Texnoloji cəhətdən geridə qalan Rusiyanın qlobal piroqdan pay tələb etməsi, yumşaq desək, əndazəni aşmaqdır. Ona görə də Çin Rusiyanın tarixi ədalətsizlik, təkqütblü dünya barəsindəki şikayətlərinə istehza ilə yanaşır və səbrlə lazımı fürsəti, anı gözləyir.(Azpolitika)

Vaqif Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam