Natiq Cəfərli: “Qərbin bəzi dairələri anlayır ki, indiki müxalifət “Gürcü arzusu”nu uda bilməyəcək, etirazlar yolu ilə vəziyyətin dəyişdirilməsinə çalışır”
Yenixeber.org: Bir neçə gündür ki, qonşu Gürcüstanda vəziyyət gərginləşib. Belə ki, aprelin 29-da gürcü deputatlar “Xarici agentlər” haqqında qanun layihəsini ikinci oxunuşda qəbul ediblər. Qanun QHT və və medianın illik gəlirlərinin 20 faizi xaricdən gəlirsə, bunu qeydiyyatdan keçməni tələb edir. Lakin onların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur.
Qanunun qəbulunun səhəri paytaxt Tiflisdə etirazçılar mitinq keçiriblər. Polis parlament binası yaxınlığında toplaşanları dağıtmağa başlayıb və bibər qazından istifadə edib. Aksiyaçılarla polis arasında toqquşmalarda yaralananlar olub. Aksiyalarda yaralanmış 15 nəfər müxtəlif xəstəxanalara yerləşdiriliblər. Ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, yaralılar arasında polis əməkdaşları da var. Onlardan bəzilərinin artıq xəstəxanadan buraxıldığı vurğulanıb.
Qonşu ölkədə baş verənləri bizimlə müsahibəsində şərh edən REAL Partiyasının icra katibi, əslən Gürcüstandan olan siyasətçi Natiq Cəfərli bildirib ki, Gürcüstandakı etirazlar, xaotik vəziyyət ən çox Rusiyaya sərf edir. Onun sözlərinə görə, Moskva Tiflisdə gərginliyin davamlı olmasında maraqlıdır:
- Hesab edirəm ki, indiki etiraz aksiyaları bir növ bilməyərəkdən də olsa, Rusiyanın maraqlarına xidmət edir. Bəzən bizim liberallar hər dəfə Tiflis küçələrində etirazlar görəndə sevinirlər, hesab edirlər ki, bu yaxşı bir şeydir. Alt qatında nələrin yatdığını, niyə bu etirazların baş verdiyini anlamırlar. Nəzərə almaq lazımdır ki, Gürcüstanda seçkilərə beş ay qalıb. Oktyabrdə Gürcüstan Parlamentinə seçkilər keçiriləcək. Qəbul olunacaq qanunu xalq olaraq, siyasi müxalifət olaraq bəyənmirlərsə, oktyabrda “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasını hakimiyyətdən uzaqlaşdırsınlar, yeni parlament də həmin qanunu ləğv etsinlər. İndi ölkədə qarışıqlıq, xaos yaratmağa nə ehtiyac var ki?!
- Aksiyalarla, etirazlarla indidən bunun qarşısını almaq istəyi təbii deyilmi? Yəni ki, niyə xalq istəmədiyi qanunun qəbulunun qarşısını almaq üçün oktyabrdakı seçkiləri gözləsin ki...
- Müxalif qüvvələr, QHT-lər şüarlar səsləndirir ki, xalq “Gürcü arzusu”nun hakimiyyətinə qarşıdır. Lap yaxşı, demək ki, xalqın müxalifləri dətəklədiyini düşünürlər. O zaman oktyabrda seçkilər vasitəsilə indiki hakimiyyəti uzaqlaşdırsınlar. Yəni ki, özlərinə inanırlarsa, bu yolu tutmalıdırlar. Qəbul olunan qanun Quran ayəsi deyil ki... Yeni parlamentin bunu ləğv etməsi mümkündür.
Ümumiyyətlə, az-çox seçki sistemi, seçki institutu çalışan ölkələrdə küçə inqilabı cinayətdir. Bu, ölkənin sabitliyinin pozulmasıdır. Ölkədə sabitlik pozularkən də xarici qüvvələr bundan öz maraqları naminə istifadə edirlər. Yəni bu, istifadəyə münbit şərait yaradır. Mən “Gürcü arzusu”nun nümayəndələrinin bir çoxu ilə bu barədə şəxsən danışmışam, nə baş verdiyi ilə maraqlanmışam. Əmin edirəm ki, indi küçələrdə aksiya keçirənlərin 99 faizi qəbuluna etiraz etdikləri qanunu oxumayıb. Onların etiraz etdikləri məsələ başqadır.
- Demək istəyirsiniz ki, etirazlar haqsızdır?
- Mən demirəm ki, etiraz etməkdə haqsızdırlar. Gürcü xalqı etirazçı xalqdır, 20 ildir ki, gürcü xalqı siyasi cəhətdən aktivdir. Ona görə də, etirazlar təbiidir. Mənim demək istədiyim odur ki, indi etiraz aksiyalarına çıxanların biri sosial məsələdən narazıdır, biri işsizlikdən narazıdır, biri rusların ölkəyə gəlməsindən narazıdır, biri torpaqların işğalda qalmasından narazıdır, biri qiymətlərin artmasından narazıdır və s. “Xarici agent” haqqında qanunun qəbulunu bəhanə edirlər, etirazlarını başqa məsələlərə bildirirlər. Bu, yaxşı bir şeydir, demokratiyanın formalarından biridir. Amma aksiyadan istifadə edib ölkədə qarışıqlıq yaratmaq, ölkəni xaosa yuvarlamaq doğru yanaşma deyil. Qarşıdan seçki gəlir, getsinlər iştirak etsinlər, narazı olduqları hakimiyyəti dəyişsinlər.
Etirazçılar bildirirlər ki, sözügedən qanun “Rusiya qanunu”dur. Amma “Gürcü arzusu”ndan olan deputatlar deyirlər ki, bu, “Rusiya qanunu” deyil, qanun 1937-ci ildə ABŞ-da qəbul edilmiş qanunun gürcü dilinə tərcüməsidir. Adolf Hitler Almaniyada hakimiyyətə gəldikdən sonra ABŞ-da neo-nasist qruplar yarandı, onları Almaniya maliyyələşdirməyə başladı. O zaman ABŞ-da qanun qəbul edildi ki, xaricdən maliyyə alan QHT-lər, media, siyasətçilər mütləq agent kimi qeyd olunmalıdır. Yəni ki, ilk dəfə “Xarici agentlər” haqqında qanun ABŞ-da qəbul olunub. Gürcüstan hakimiyyətinin nümayəndələri iddia edirlər ki, bu qanunu qəbul etməklə istəyirlər ki, Rusiyadan gələn pullar işarələnsin. Çünki bu gün Rusiyada 8-9 siyasi partiya var ki, açıq-aşkar Rusiyaya meyilli çıxışlar edirlər. Ruspərəst QHT-lər var ki, onların təsirlərini azaltmaq lazımdır. Məlumdur ki, Gürcüstanda ilk dəfə seçkilər “barajsız” olacaq, bir faiz belə səs qazanan parlamentdə yer qazanacaq. Təsəvvür edin ki, Rusiyanın maliyyələşdirdiyi partiyalar maliyyə hesabına hərəsi iki-üç, yaxud beş mandat qazanacaqsa, Gürcüstan Parlamenti nə günə düşəcək?!
- Müxalifət bu qanunun Gürcüstanın Avropaya inteqrasiyasının qarşısını alacağını iddia edirlər...
- İnsaf naminə deyək, Gürcüstanın indiki hakimiyyəti Avropaya inteqrasiya siyasətindən nə vaxt imtina edib? Əksinə, Avropa İttifaqına üzvlüyə namizədlik bu hakimiyyətin dövründə qazanılıb. Üzvlüklə bağlı tədbirlər anşlaqla keçirildi. Gürcüstan bayrağının yanında mütləq Avropa İttifaqının bayrağı dalğalanır. Yəni ki, “Gürcü arzusu” Avropaya inteqrasiyadan imtina etməyib.
Hesab edirəm ki, gürcü müxalifəti seçkilərlə hakimiyyətə gələ bilməyəcəyini anlayır, görür. Seçkilərə beş ay qalmış küçə inqilabına cəhd göstərir, etirazlarla hakimiyyəti dəyişmək istiqamətində addımlar atır. Bunun başqa izahı yoxdur. Demokratiya odur ki, xalq seçkilərdə gedib səs verir, çoxluq qazanan hakimiyyətə gəlir və onlar da öz qanunlarını, ideyalarını həyata keçirirlər. “Gürcü arzusu” pisdirsə, getsinlər seçkilərdə əleyhinə səs versinlər, bu siyasi qüvvələri hakimiyyətdən uzaqlaşdırsınlar. Demokratiya elə bu deməkdir. Küçələrdə etiraz etmək, polislə toqquşmaq demokratiya deyil.
- Dediniz ki, Gürcüstanın indiki hakimiyyəti Avropaya inteqrasiyadan imtina etməyib. Amma Qərb dairələri də bu qanuna qarşıdır və Gürcüstan hakimiyyətinin etirazçılara qarşı davranışını pisləyir...
- Qərbin də yanaşması qəribədir. Qərb görmür ki, ölkədə qeyri-sabitlik yaranır? Onda belə çıxır ki, Qərbin bəzi dairələri də anlayır ki, indiki müxalifət “Gürcü arzusu”nu uda bilməyəcək, etirazlar yolu ilə vəziyyətin dəyişdirilməsinə çalışır. Bu, yersiz yanaşmadır, demokratiya prinsiplərinə ziddir. Etirazlar hər zaman olmalıdır. Mən gürcü xalqının aktiv olmasını alqışlayıram. Amma hansı oyunların aləti olduqlarını da görməlidirlər.(AYNA)