ÇİLİKLƏNƏN QADIN- GÜZGÜ
AZƏRBAYCAN QADININA ALİ BİR SƏCDƏYLƏ
QADINLIQ öz UCALIĞIndan endiyi gün dünyanın sonu çatar. Ana bətnində mışıl-mışıl yatarkən bəşər övladı göydə idi, sonradan yerə endi. Qadam, bizi Analar aldadıb bu dünyaya gətirməyiblər ki, QADINLIQ deyilən nəsnə də günümüzun Xudayar bəylərinin zoğal ağaclarının əsirinə çevrilib. Bizlər mələk timsallı bir varlıqkən Analara doqquz ay yük olduğumuzu tez bir zamanda unudub gümbəz görəndə içində imamzadə var deyənlər kimi davranırıq. AZAD İNSAN anlamını qadınlar canlarından can ayrılarkən bu dünyaya gətiriblər. Kişilərsə əksinə, gözləri yumulu halda AZADLIĞI qazandıqlarına görə bir çox hallarda bu AZADLIĞIN qədrini bilmirlər, Vətənin anasını ağlar günə qoyublar. Əli yaralı, dili yaralı, beli yaralı, bətni yaralı əsir qadın vətənə necə Ər Oğul və Qızlar doğa bilər? Elə ol səbəbdən də tarixi torpaqlarımızı günü-gündən itirməkdə, kiçilməkdəyik. QADINLIQ öz UCALIĞInda olarkən Tomris Anamız torpağımıza göz dikən Kiri qan çanağında boğmuşdu. Millətin bətninə kirli əllər uzanandan sonra qara durna balaları tək özü-özümüzə qənim kəsildik. İçində çömçə kimi fırlandığımız böyük qazana bənzəyən bu dünyanın təamlarından dada bilmədik. Özündənmüştəbehlikdən başlayan torpaq itkilərimiz ta bu günədək davam etdi və hələ ki. itirilən bir qarış torpağı belə geri qaytara bilməmişik. Torpaqlarımızı yadlara satansa kişilər omayıbmı?..Qadınlarsa hərdən qəzəbləndirici yestlər edib susmaqla böyük QƏLBLƏRİnin çiliklənmiş güzgülərində bizə özümüzü göstərirlər...
Uca Yaradana Azərbaycan Qadınına ağlamaqdan hifz olunması üçün yalvarıram. Anaların timsalında sıxıb suyunu çıxartmaqla müqəddəs sandığımız Göz Yaşlarımızdan uzaq düşürük. Ağlaya-ağlaya MÜQƏDDƏSLİYİMİZə qahmar çıxırıq. Yaralarımıza məlhəm əvəzinə duz basanlar da elə öz içimizdədir. ”Ana” deyə harayladığımız Vətənin könül şüşəsini sındırmışıq. Həsrət qaldığımız o yurd yerlərinin çiçəyisə erməninin, rusun, farsın ayaqları altındakı tozun zülmü altındadır. Köhnə Dərdlər unudulur. Azərbaycan Qadını lüt-üryanlaşdırılır. Bakının nöyüt iyi verən göbəyinə pərçimlənmiş, ətrafında Küçə İtlərinin hürüşdüyü pritonlarda qadın mənəviyyatını ehtiraslı baxışların diktəsilə alçaltmaqda kişilər milli olimpiada keçirirlər. Və bütün xərclər də bala boğazından kəsilən pulun hesabına!!! Bunları edən kişilərdir..., bəli, kişilər. Qadınlar deyil, qadınlara bu yolun asan gəlir mənbəyi olmasını eskiz formasında verən də kişilərdir...
Əcəba, heç kişi olanın da torpağı, yurdunun gözəlləri hansısa düşmən əlində olarmı??? Nədir bu şadlıq sarayları, nədir bu əyləncə mərkəzləri, nədir bu dəm-dəstgahlar? Bu millət nə vaxta qədər Dərdlərinə qol götürüb oynayacaq? Hey bu yurdun “kayfovat xaçu” deyənləri, siz milləti bir tikəyə möhtac etməkdəykən - bugünkü nəsil cəhənnəmə - gələcək nəslin ruzisini talamaqdaykən, saunalarda şəhvani ehtiyaclarınızı ödəməkdəykən “Böyük Ermənistan” iddiasında olan Livan, Suriya erməniləri də elə sizin kimi deyib, qara bəxtli Qarabağımızda azərbaycanlı gözəllərdən hətta yazılası belə mümkün olmayan həzzi alırlar!!!! Buxara papaqlarınızı bir az da dik qoyun qalxan dollarlarınızı saunalarda xərcləyəndən sonra...
Eşit, Azərbaycan Kişisi, bu kateqoriyadan olan saysız-hesabsız suallar Azərbaycan Qadınının ürəyində olan, ancaq dilinə gətirmək istəmədiyi həqiqətlərin cüzi bir hissəsidir. Göz ürəyin aynasıdır, bu həqiqət Onların gözlərindən oxunur. Ancaq qadınlar deyilənləri ona görə dillərinə gətirmirlər ki, bununla Azərbaycan Kişisini aşağılamasınlar. Di gəl ki, Azərbaycan Kişisi müqayisədə daha çox şəhvani hislərinin quluna çevrilərək QADINLIĞI aşağılamaqla “həyatın dadını çıxarır, kayfovat xaçu”- deyir. Paralellərin timsalında gördünüzmü fərqi, qadınlar və kişilər nəyin peşindədilər? Bax, budur QADINLIĞIN BÖYÜKLÜYÜ...
Sirr deyil ki, bu gün millətimizin mənəviyyatı para hesabına zorlanmaqdadır. Mal yatağında yağışdan sonra göbələklər tək çoxalan “soumenlər” varlıqlarını həm xaricdəki, həm də daxildəki pullu kişilərin ayaqları altında palaza çevirib millətin qürurunu sındırmaqla məşğuldurlar. Efirə çıxardıqları və hamının da tanıdığı oğru doğruluqdan, əndamını oynadaraq poza göstərənlər də bu millətə əxlaqdan dərs deyirlər. Sonu olacaqmı bu oyunların?
Elə bunun nəticəsidir ki, Böyük Keçmişimizlə indinin arasında bir uçurum yaranıb. Uçurum yaranıb ki, bəylə gəlin zala girən kimi işıqlar söndürülür və demək olar ki, bədəninin bütün yerləri çöldə qalan gəlin “diskoteka”nın favoritinə çevrilərək 500-600 nəfərlik pyanıska dəstəsini feyziyab edir. Qeyrət dağarcığı olan bəy də “keçmişin qalığı” olan ata-anasına cip-cip öyrədir. Qınayanların da özləri qınanır. Heç yerli-yersiz plastik əməliyyatlar yapdıran YIĞMA ARVADLARı da qınamaq deyəsən lazım deyil. Çünki onların ətdən olan “zapçastları”nın dəyişdirilməsini etibarlı əllərə tapşıran kişiciyəzlərdə olmayan qürur bu hala rəvac verir. Və bütün bunlar QADIN UCALIĞIna yönəli bir hücumdur ki, əmri də elə həmin SAHİB KARLAR verib...
1910-cu ildə də belə olub. Nemes balası Klara Setkin hansısa SAHİB KARın istəyincə özləriyçün bir toplantı keçiriblər. Həmin günü də bayram kimi camaata sırıyıblar. Bunun üstündən yeddi il keçəndən sonra madmuazel Klaranın xətrinə bizim məmləkətdə də həmin günü Beynəlxalq Qadınlar Günü kimi qeyd etməyə başlayıblar.
İndi də qarşıdan həmin bayram gəlir – Qadınlar bayramı. O günü bir az uzaqlarda olacağım üçün bəri başdan ismarıcımı göndərirəm.
Mən qadınlarımıza Azərbaycan Kişisinin Qürurunun Özünə Qayıdacağı Günü görməyi arzulayıram! Klara xanımın ruhu məndən incisə də, virtual qaydada olsa belə, nə onun qəbri üstündə şam yandıracam, nə də uzun illərdən bəri onun toruna düşən Azərbaycan qadınının heç birinə hədiyyə verməyəcəyəm. Səbəbini deyim.
BİRİNCİSİ, heç buna imkanım da yoxdur. Hökumətimiz əynimizdən, başımızdan, qarnımızdan, balalarımızın boğazından kəsib olimpiadaya qatılacaq erməninin, rusun, farsın xərclərini ödəyəcəyimizi bəyan etdiyi bir vaxtda Klaranın vəsiyyətini önə çəkə bilmərəm. İçinə qan qussaq da, təki qızıl teştimizi nöyütü bizdən ucuz, pensiyası, əmək haqqı bizdən dəfələrlə çox olan ac-yalavaclara göstərməliyik. Danışmaq gücündə olmayan məmləkət əhlindən biri əl işarətlərilə başa salır ki, YEL DƏYİRMANIMIZINI CANIMIZ BAHASINA TİKMİŞİKSƏ, SUYUNU DA QANIMIZ BAHASINA OLSA BELƏ VERMƏLİYİK. Deyir, qonaq evə girincə utanar, ev yiyəsisə - sonra. Hələ ki, utanmaqda indi növbə qonaqlarındır, bizimkinin səsi sonra çıxacaq.
İKİNCİSİ və ƏN ƏSASI da, mənim ürəyimi partladan sual qadınlarımıza hədiyyə almağa heç cür imkan vermir. Əcəba, heç düşündünüzmü? GÖRƏN erməni əsirliyində olan Azərbaycan gözəllərini kim və necə təbrik edəcək!? GÖRƏN ermənilər hansı hədiyyə ilə sevindirəcəklər Azərbaycan gözəllərini!? Axı onlar da QADINdırlar. Onlardan imtinamı edirsiniz!? Bunları düşünməkdəykən hansı bayram ab-havası, hansı təbriklər şousu ilə ömrü bir gün qədərində olan çiçəklərlə əsirə çevrilənləri təbrik etmək olar?!...
Ay bu günümüzün Xudayar bəyləri, deməyim budur ki. gedin zoğal ağaclarınızın zərbini ermənilərə göstərin – sizlərə Azadlığı bəxş etmiş Qadınlara yox. Çilikləməyin onların qəlblərini. Çilikləyirsinizsə, qəlb adlı o sınıq güzgüdə gördüyünüz öz nankorluğunuzdan utanın. Yumulu gözlərinizi açıb Azərbaycan Qadınını azadlığına qovuşdurun ki, qan çanağında boğulmayaq...
P.S. Nə olsun ki, əynimizin donu yoxdur, biz papaq hayındayıq.