“İslam dinində islahatlar aparılmalıdır”
“Cənət-cəhənnəm ideyası insanları mütiləşdirmək üçün uydurulub”
“Buddizm cəmiyyətin inkişafında daha önəmli rol oynayır”
"Xeberinfo.com": Məlumata görə, Azərbaycan parlamentinin eks-spikeri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev Modern.az saytının içində yaşadığımız Ramazan ayındakı dini mövzulu suallarını cavablandırıb.
Həmin müsahibəni oxuculara təqdim edirik:
- Rəsul müəllim, bir çox siyasətçi oruc tutur. İndi Ramazan ayıdır, siz də orucluq ayinlərini yerinə yetirirsinizmi?
- Mən orucluq fəlsəfəsi ilə əlaqədar fərqli düşüncəyə sahibəm. Orqanizmə özü-özünü təmizləməkdən ötrü şərait yaratmaq üçün ildə bir neçə dəfə `oruc` tuturam.
İslam dünyasındakı klassik orucluq, yəni gün çıxmazdan öncə durub çoxlu yemək və gün batanda yemədiyin saatlarının əvəzini də çıxıb, ikiqat artıq və kifayət qədər yağlı xörəklər qəbul etmək mərasimi mənlik deyil.
- Bəzi din adamları deyirlər ki, son illər Azərbaycanda oruc tutanların sayında kəskin artım müşahidə olunur. Buna inanmaq olar?
- Azərbaycanda oruc tutanların həqiqi sayı heç 10 faiz də olmaz.
- İslam dininə inamın təməl və əsas prinsiplərindən biri də namaz qılmaqdır. Siz necə, namaz qılırsınızmı?
- Namazın fəlsəfəsi artıq klassik əhəmiyyətini itirib. Mən doqma müsəlmançılıqdan uzağam.
İslam aləmində etiraf etməsələr də, azı 70 faiz müsəlman doqmalıqdan uzaqdır. Ona görə də təbii ki, namaz qılmıram.
- Ümumiyyətlə, dini-adət ənənələrlə bağlı mövqeyinizdə hansı təmayüllər var?
- “Qurani-Kərim” dini adət-ənənələri müəyyənləşdirən kitabdır. Oruc tutmaq, namaz qılmaq bu kitabın yüzlərlə qanun-qaydalarından cəmi ikisidir. Bunların heç birinə demək olar ki, əməl etmirəm. Bir çox qayda-qanunlar var ki, onlar sonradan kəşf edilib.
- Məsələn, nəyi nümunə gətirə bilərsiniz?
- Məhərrəmlik, aşura, şaxsey- vaxsey və sair. Onların heç birinə əməl etmirəm. Çünki İslamın fövqündə yaranıb. Mən düşünürəm ki, İslam 500 il, 7-ci əsrdən 12-ci əsrin axırınacan cəmiyyəti yüksək tərəqqiyə aparıb ,elmə xüsusi yol açıb. Amma bunlarla yanaşı, İslamın bəzi adət-ənənələrini qəbul edənlərdənəm.
- Fikirlərinizdə müəyyən mənada da olsa, ateizm elementləri var. Bilmirəm bunu etiraf edəcəksiniz ya yox.
- Düzgün başa düşmədiniz, ateizmə yox, aqnostikliyə daha yaxınsınız desəydiniz, daha ədalətli olardı. Amma bu da qismən, daha doğrusu 50 faizdir.
Mən ateistlərdən fərqli olaraq, dinlərin cəmiyyətin inkişafındakı rollarını çox yüksək qiymətləndirirəm. Təkallahlığı qəbul etmiş 3 dinin Musəvilik, Xristianlıq və İslamın içərisində sonuncunu ən proqressiv din hesab edirəm.
Xristanlıqda daha liberal protestantlığın yaranmasını mütərəqqi İslamın təsirinin nəticəsi kimi qəbul edirəm. Yəhudilərin Allahı birdir.
O, ancaq yəhudinin Allahıdır. Bu isə dinin geniş yayılmasına imkan verməyib və indi cəmi 30 milyona yaxın insan bu dinə mənsubdur. Xristianların da Allahı birdir, amma o, dünyaya idarəçiliyi İsa peyğəmbərə verib. Bütün bunlar bu gün də mübahisələr doğuran məsələlərdir.
- Yaxşı, İslam dini Rəsul Quliyevin baxışlarında hansı yeri tutur?
- İslam dininə görə, Allah fövqəladə bir qüvvədir, heç bir insan heç vaxt Allah ola bilməz.
“Allahın yerdə ancaq vəkili ola bilər” ideyası əsasdır. Müsəlman dini ilk dəfə qadınla kişinin bərabərhüquqlu olmasını, hakimiyyətin varisliklə yox, seçimlə formalaşdırılması prinsipini irəli sürən bir dindir. Onun mütərəqqi olmasını heç kim danmır.
Ancaq mən dinlərin heç birinin fövqəlbəşər olduğunu qəbul etmirəm. Təkallahlılığı qəbul etməyən buddizmi cəmiyyətin inkişafında xüsusi rolu olan bir din hesab edirəm.
Kiçik bir həqiqəti anlamamaq qəbahətdir. Dünyanın 7 milyard əhalisinin təqribən 30 faizi xristian, 30 faizi müsəlman 40 faizi isə buddizmin müxtəlif formalarından olan qollarına qulluq edir.Əgər biz dediyimiz kimi, Allah hansı isə bir dinə üstünlük versəydi, bu faizlər belə olmamalı idi. Məsələn, müsəlmanlar 80 faiz olardı. Dünya əhalisinin təqribən 80 faizi başqa dinlərə mənsub olmalarına baxmayaraq, mənim kimi düşünür.
- Spirtli içkilərlə aranız necədir?
- Bir çox gizli içən din xadimlərindən fərqli olaraq, müəyyən qonaqlıqlarda və ya toplantılarda az da olsa, içirəm. Fikirləşirəm ki, Azərbaycanda 90 faiz adam spirtli içki içir, ancaq məndən fərqli olaraq çox içirlər və danışıq tərzlərini itirirlər.
- Bildirdiniz ki, fikirlərinizin 50 faizi aqnostsizmə yaxındır . Aqnostiklər Tanrının var olub-olmaması məsələsində tərəddüd edənlərdir. Maraqlıdır, digər 50 faiz payda özünüzü hansı dinin nümayəndəsi kimi görürsünüz?
- Mən ateist deyiləm, təkAllahlıq dininə üstünlük verən şəxsəm. İsanın xristianlıqdakı kimi, Allaha çevrilməsi əfsanəsini isə qəbul etmirəm. Məhəmməd peyğəmbərin dahi olduğuna və proqressiv bir din yaratdığına inananlardanam.
Amma “İslam mükəmməl dindir, bu dində heç bir şeyi dəyişmək olmaz” kimi fikirləri düzgün hesab etmirəm. Necə yazılıbsa, məsələn “Günəş yerin ətrafında fırlanır” ideyasını elə də qəbul etməyi əbləhlik sayıram.
Söhbət cəmiyyətin formalaşmasında İslam dininin rolundan gedir və bu rol danılmazdır. Ancaq ömrünü nəyəsə sitayişlə keçirsən, həyat keçib gedəcək və sən onu görməyəcəksən.
- İslam dinində islahatlar aparılmalıdırmı?
- İslam dinində reformaların başlanması çox vacibdir. Xristianlıqda bu, bir neçə dəfə baş verib. İslamdakı “islahatlar” isə bu günə qədər dini daha da radikallaşmağa aparıb. Şiəlik, onun ardınca vəhhabilik kimi fundamentalist qüvvələr meydana çıxıb. Hər halda Məhəmməd peyğəmbər kimi yeni bir liderin yetişməsinə və reformaları başlamasına böyük ehtiyac var. Ola bilər ki, bu tipli islahatlar, məsələn, daha tolerant ölkə olan İndoneziyadan başlasın. Bu günkü doqma İslam dinində inkişafın qarşısını alır.
- Azərbaycanda olan din xadimlərinin çağırışları, bəzən hər şeyə şəriət yönündən yanaşmaları 21-ci əsrin texnoloji yenilikləri, praqmatik düşüncələrilə ayaqlaşa bilirmi?
- Söhbəti təkcə Azərbaycandakı din xadimlərinə yönəltməyək. Ümumiyyətlə, müsəlman dünyasının din xadimlərinin içərisində dünyanı qarışdıran çağrış edənlər az deyil. Cihad, terrorizm heç bir çərçivəyə sığmır. Məgər normal müsəlman onları qəbul edə bilərmi?..
- Cənnətlə cəhənnəm ideyası bir xəyal məhsuludur, yoxsa həqiqətən də “Qurani-Kərim”də deyildiyi kimi, yaxşı və ya pis insanların öldükdən sonra əməllərinin qarşılığında təsvir olunan müvafiq məkanlara düşəcəyinə inanırsınız?
- Cənnət, o biri dünya ideyaları insanların ağır yaşamaqları nəticəsində formalaşan üsyankar xarakterlərini cilovlamaq üçün tətbiq olunan ideologiyadır. Bu ideyaların mayası insanların mütiləşməsi, hüquqlarını tələb etməməsi xəmirindən yoğrulub.
Sivil ölkədə, qanunların mövcudluğu şəraitində dini qaydalarla yaşamağa edilən çağrışlar cinayət səviyyəsindədir.