SƏXAVƏT TORBAMIZ
VƏ KÜLƏYƏ QARŞI TÜPÜRƏN AVROPA İLƏ MAHMUD ABBAS, BİR DƏ ŞOVİNİST DOSTOYEVSKİ
Dünyanın ən döyüşkən milləti indi döyüşü çinlilərdən öyrənir. Halbuki əlbəyaxa döyüş növlərinin sirləri xeyli müddətdir ki, səs-səmiri eşidilməyən Altaf Güləhmədovun da dediyi kimi elə türklərdən başqalarına keçib. Adını unutduğum “HU” STİLİNİN YARADICISI güneyli soydaşımız da bunları təsdiqləyib. Fransız yazıçısı LAMARTİN deyir ki, TÜRKÇÜLÜK insanlığa şərəf verir. Türklərin “namuslu və mehriban, düzgün və mərhəmətli olması”nı da mən deməmişəm ki, aözıgöyçəklər bunu özünəvurğunluq kimi qiymətləndirərlər - RENUART deyib. Bizlərsə başqalarına - əfqanlara, çeçenlərə həsəd aparırıq. Qərblilər deyir ki, türklər döyüşlərdə şimşək kimi çaxır, quş kimi uçurlar, bizlərsə ucuzdan da ucuz təbliğatla dədəsi, nənəsi bilinməyən ruslardan xoxan obrazı yaradıb, “erməninin arxasında urus var” deyə öz insanımızı bir qorxu sindromu altında saxlamağa çalışırıq. BÖYÜKLÜYÜ daha çox qərblilər tərəfindən etiraf olunan bu millət kimdir? Dost-doğma məmləkətində kimliyini belə dilə gətirməkdən qorxan bu millətin adı –TÜRKDÜR, yəni BİZLƏR!..
Minillərin o qatından boylanan kitablar qalsın bir yana, heç oxumayın da. Oxumasanız da, Böyük Çin Səddi gözlərinizə girəcək. Çinin şimal sərhədləri boyunca uzanan, Qobi səhrasından keçən, tikilməsi eradan əvvəl 220-ci ildən başlayaraq yüz illərlə davam edən, qalınlığı 6, 5 metr, bəzi yerlərdə bundan da artıq, uzunluğu 8850 km, ən son hesablamalara görəsə 21 min 196 km olan BU SƏDD TÜRKLƏRƏ QARŞI çəkilmişdi. 25 mindən artıq gözətçi qülləsi olmasına baxmayaraq “döyüşdə şimşək kimi çaxan” türklər bu sədləri də ehmalca aşmaqla bütün dünyanı diz çökdürdülər. ƏRAZİSİ Sakit okeandan Xəzər dənizinə, Tibetdən, Kəşmirdən Şimali Sibirədək uzanan 20-dən artıq imperiya qurdular, bəşəriyyətə onların dərk edə bilmədikləri mədəniyyət bəxş etdilər. Atilla Avropanın lüt-ətcəbalalarının əyinlərinə şalvar geyməyi öyrətdi, əllərinə çəngəl, bıçaq, qaşıq verdi...Və, və indi də həmin Avropa bizləri soyundurmaqla özlərinin əvvəlki “vidləri”nə salıb, podiumlara çıxarmaqla bundan zövq alaraq nəşələnməkdədir...
Hardasan, ay Yetim Eyvaz, de gəlsin də!..
Vaxt var idi, Avropanın kralları geyəcəkləri dona görə türklərdən icazə alardılar, indisə bizlər elə həmin avropalıların qulluğunda dayanmaqdan ötrü cavan-cuvanlarımıza treninqlər keçiririk ki, bu əbləhlər “xoşnud” olsunlar. Bizim dərdlərimizə ikili standartlarla yanaşdıqlarına görə onlara əbləh deyirəm. Yoxsa mənim nə işim var ki, onlarla. Onsuz da avropalıları Allah vurub ki, Azərbaycanın HAQQ DAŞI da düşüb onların başına və ol səbəbdəndir ki, iylənən it ətinin iyini verən AT ƏT-ləri neçə illərdir ki, bu məsələ ilə bağlı nıqqana-nıqqana qalıblar.
Ancaq güc yenə də Azərbaycana düşməkdədir, çünki içimizi ağrıdan dərd bizimdir və bu dərdə çarə bulacaq yeganə qüvvə AZƏRBAYCAN ƏSGƏRİ olacaq.
Bizlər öz döyüş ənənələrimizi unudub həm də ÖZÜMÜZdən uzaqlaşmışıq. Dünyada Azərbaycan türkü qədər sitəmlərə sinə gərən ikinci bir millət yoxdur. Bu sitəmlərin önündə daş daşlığıynan əriyib yox olardı, amma biz yox olmamışıq. ÇÜNKİ, bu Yurdun “TORPAĞI OT DEYİL, KİŞİ GÖYƏRDİR”....
Sadəcə olaraq, indi bizim başımız ağzımızdan çıxarğımız sözə qarışıb ki, Azərbaycanda keçiriləcək ilk Avropa yay oyunları zamanı qonaq-qaraya səhər yeməyini özümüz verəcəyik. Hətta süfrədə Əbil Kişinin Axmaq Keçilərinin ətindən də olacaq. Motal pendirinin, şorun iyi artıq bölgələri deyil, paytaxt Bakını da bürüyəcək. Qoy yesinlər bu avropalılar, görsünlər bizimkilərin səxavətlərini, əks halda “90-60-90” olmazlar. Özlərinə qalsa başdan-başa homoseksualist olub gedəcəklər. Bizim kişiləri, bizim işləri görəndən sonra Avropa parlamentinin canı bir az dinclik tapacaq. Qaldı ki, bizim formamıza - əgər iaşə obyektlərimizə menyülər hələ təzə-təzə verilirsə, onda belə çıxır ki, bu vaxta qədər ya bizlər ağla qaranın fərqinə varmamışıq - nəyi və necə gəldi yemişik; ya da bizim başımızı boş qazanlarda yalxı su qaynatmaqla yamanca qatıblar ki, qoy yatsınlar, ayılanda səhər yeməyini yeyərlər, hələlik lazım deyil. Zatən bizim səhərimizlə günortamız, gündüzümüzlə gecəmiz bilinmir – nə vaxt tapırıq, bax onda yeyirik. Qərblilərdən fərqli olaraq şərqlilər zamanında çox yeyəndə sonradan qan qusurlar. Ancaq avropalılar şərqliləri yalamaqla öz qarınlarını yeməklə doyururlar və başqa fövqəladə şeylər olmasa bu adamlar yalamaqdan da doymurlar. Qəddafinin, Hüsnü Mübarəkin, Səddam Hüseynin və digərlərinin timsalında da dünya bunun şahidi olub. Ya elə götürək Hobel qardaşlarını. Bu adam neftimizi yeyə-yeyə doydu, öləndə də elə həmin Bakı pullarından özünə Fond yaradılmasını vəsiyyət etdi. İndi də Nobelin qohum-əqrəbaları həmin Fondun yağlı yerlərini yalamaqla məşğuldurlar ta o vaxta qədər ki, bizim də ayılan vaxtımız olacaq.
Amma nədənsə həmin Fonddan hansısa nominasiyalar üzrə bircə azərbaycanlılara pay düşmədi. Məgər bizim elmimiz yerində sayıb? Yerində sayıbsa bəs bu qədər akademiklərimiz haradan çıxıblar, indi nə olsun ki, çoxları qədim dillərdən (guya ki, indiki ana dilimizi lap “simiçka” kimi çırtdayırlar) bixəbərdilər ki, İqrar Əliyev kimi tarixçilər də soykökümüzü kimə və hara deyirsən aparıb çıxarır. Yaxud çoxları arxivlərin kif iyindən bezdiklərindəndir ki, “Məşədixanım Əzizbəyova kimi tarixçilər də ondan istifadə edərək dövlət əhəmiyyətli sənədlərin çoxunu məhv ediblər” - bolşevik, menşevik, kommunist, müsavatçı dədələrinin səhvlərini ört-basdır etmək üçün...
Belə götürəndə doğrudan da , avropalılar yeməyin ustalarıdırlar. Bizlərsə “işləməyən dişləməz” kimi atalar sözümüzün zibilinə düşmüşük. İşləməyin xəstələriyik. Ruslar avropalıları QAZa həsrət qoyduqlarından bu yazıqların da ağızlarının tamı, ağızlarının dadı tamam qaçıb. Qonşum Əbil Kişi deyir ki, indiki Avropa yerikləyən arvadı xatırladır. Biz də ona görə Allahımızdan qorxaraq tamarzı qalmamaları üçün avropalıları qoxusu çıxan bütün şeylərə qonaq edirik və edəcəyik də. Razı qalsınlar deyə indi də Azərbaycanın baş aşpazı Tahir Əmiraslanovun menyüsünü onlara təqdim edirik. Sən demə bu vaxta qədər bizim başımızı aldadıb yeyib-içdiklərimizi xarici mətbəxlərdə hazırlayıb isti-isti bizim boğazımıza tökürmüşlər. Əbil Kişi hər zaman deyir ki, yediyimizin, içdiyimizin, geydiyimizin tərkibi bizə bəlli olmadığındandır ki, elə ol səbəbdən də yazıq orqanizmimiz min cür xəstəliklərə yoluxub, milli mətbəximiz, milli geyimlərimiz də qalıb bir yanda.
Şükürlər olsun ki, artıq həm milli mətbəximizə, həm də milli qarderobumuza əməlli-başlı önəm verilməyə başlanılıb. “QAYNAR QAZAN”larımız yenə də buğlanacaq, yeməyimizin iyi bütün Avropanı bürüyəcək. Eyb eləməz, biz yeməsək də, Avropa oyunları öncəsi və oyunlar zamanı yeyiləcəklərin iyi bizlərə düz 50 il bəs edər. Artıq bütün bunları bizlər bir millət olaraq avropalılara təqdim edirik ki, ayə, baxın görün dünyada nələr var! Ancaq qorxuram ki, davranışlarında axmaq keçilərin, boş-boşuna banlayan “petux”ların hərəkət tərzlərini yaşam kredolarına çevirən avropalılar bu canlıların ətlərini yeyəndən sonra bir az da cana gəlib “yevroviyin”də olduğu kimi yeyiləni yeyəndən sonra yenə də özlərini küsülü kimi aparalar. Bax bunu nəzərə almaq lazımdır.
Əbil Kişi deyir ki, ümumiyyətlə Bakıda keçiriləcək Avropa yay oyunlarına barmaqarası baxmaq kökündən yanlışdır. Əksinə biz avropalılarla öz döyüş stillərində mübarizə aparmağın formatını təqdim edirik. Necə ki, Avropanın donor təşkilatları bizim bir çox qeyri- hökumət təşkilatlarımıza qrant adı altında paralar ayırmaqla onlardan da öz istəklərinin təminatını tələb edirlər. Eşq olsun bizlərə ki, indi də biz avropalılarsayağı davranaraq elə həmin üsulu yay oyunlarının naxışlarıyla bəzədilmiş səxavət torbamız vasitəsilə təqdim edirik. Axı Avropa düşüncəsinə görə şərqlilər demişkən, yemsiz torbaya at gəlməz. Ona görə də torbalarımız dolu olmalıdır ki, bizim QNT-lər onları mazata mindirdikləri kimi onlar da heç olmasa aradabir bizdən danışsınlar. Daha yolun ortasında piyada qalmayaq.
Piyada demişkən, eşitdiyimə görə Londondan təzə taksilər də gətirmişik ki, gələn qonaqları pulsuz-parasız mənzil başına çatdırsınlar. Özümüz də o maşınların böyür-başlarıyla kross qaçışıyla stadionlara doğru səmt alacağıq. Qoy görsünlər ki, biz necə də idmanı sevirik. Qoy görsünlər ki, biz piyada gedirik ki, at almağın sirlərinə yiyələnə bilək. Necə ki, BOZBAŞ iyinə toplaşan FƏLAKƏTLƏRİMİZ heç maşını almamış və durduğu yerin fərqinə varmadan Ağsu-Bakı marşrutuna “kliyentlər” toplayır. İndi biz bu idman yarışlarıyla dərdlərimizlə oynadıqları üçün avropalıların gözlərinə soxulası barmaqlarımızı bal edib onların ağzına soxuruq ki, qarın niyyətli olduqları üçün fələstinli Mahmud Abbas kimi küləyə qarşı tüpürməsinlər. Ərdoğanın türk balına qonaq etdiyi Mahmud Abbası da hansısa “erməni soyqırımı”nı tanımaqla başqaları tək tətiyi çəkib atdı, ancaq bu “tupoy” bilmədi ki, atmağı hamı ata bilər, əsas məsələ hədəfi vurmaqdır. Kİ, o da bunu bacara bilmədi. Və küləyə qarşı tüpürüb gündə ağarmış saqqalını bütövlükdə urvatsız etdi.
Döyüşkən millət olaraq bizlər də öz döyüş üslubumuzu dünyaya təqdim etməliyik. Yox əgər düşmənlərimiz hansısa gic bir ideya ilə çıxış edirlərsə və bizlər də buna müqabil addımlar sərgiləyiriksə, deməli biz hələ də kiminsə arxasınca sürünürük. Biz öz “HU” STİLİMİZə sahib çıxmalıyıq ki, onun da fəndlərini ancaq biz TÜRKLƏR bilirik. Öz üslubumuzla düşmənə endirəcəyimiz zərbə onun üçün sarsıdıcı ola bilər. Başqa üsullar üçün formalaşdırılan müdafiə xarakterli formatlar düşmənə çoxdan bəllidir. Və o da bəllidir ki, polyaka “palyaçişka”, yəhudiyə “yid”, Baltiklilərə “çuxanets” adı qoyub “tatarları faşistcəsinə qırmaq lazımdır” deyən şovinist Dostoyevskiləri kumirə çevirib, ondan törəmələrdən xoxan obrazı yaratmağın, onlardan çəkinmənin zamanı artıq keçib. Babalarımızın DİLƏK DUALARINA SARILMAQLA öz ÖMÜR KİTABIMIZA sahib çıxmalıyıq...
İGİD TEYMURLU