“ELİT TURİZM”İN GÖYƏRÇİNLƏRİ

VƏ AZADLIĞI OV MÖVSÜMÜNƏ DÜŞƏN QIRQOVULLAR
Düşdüyüm çətin durumda ələkçinin qıl verənləri mənim beynimə yeridirdilər ki, işlətdiyin KOMBİNİN, TELEVİZORUN, SOYUDUCUNUN ARTIQ DƏYİŞMƏ ZAMANI YETİŞİB. Əyri deyil, elə düz oturub düz danışsaq mən bu deyimləri bir dəyirman səsi zənn etmişdim. Dəyirman səsindən qaçansa un üyütməz. Üyüdəcəyimiz unun eşqisə bizi həm də dəyirman çax-çaxına öyrəncəli edib...
Biz öz evimizdə hamılıqla ona- KOMBİYƏ ümid bəsləyirdik. Canımızı qızdırar, qışın şaxtasından, sazağından bizi qoruyar –deyirdik. Onsuz da xəstə olan canımızla ah-vayla illəri yola salmışdıq. İLLƏRİN İSTİSİ əhdimizi kəsdiyi kimi SOYUĞU da damarlarımızda qanımızı dondurub... Soyuqdan büzüşüb, cır-cındıra bürünmüşük ki, içimiz-içalatımız buz bağlamasın. Di gəl ki, namərd KOMBİ yaman yerdə qoyub bizi və yaman GÜNƏ salıb bizi... Səhvsiz filansız işləyərək etdiyi neçə illərin ibadətini qazın bircə dəfə “stuk” eləməyilə bada verdi...
Heç bizi fikirləşmədi... Fikirləşmədi ki, onun işi təkcə EVİMİZİ qızdırmaq deyil, başqa şeylər də var. Daha fərqinə varmadı ki, HAMAMın, MƏTBƏXin, “TYOPLI POL”un “kaprizləri”nə də dözmək ONUN boynuna düşən vəzifələrdir. İnda bütün bədənimi kir basıb, kirin içindəyəm – içim özümü yandırır, çölüm özgəsini – görənlər də deyir, bunun KOMBİSİ var, nə vecinə.
DAHA BİLMİRLƏR Kİ, evdə KOMBİMİZ ola-ola soyuq su ilə işləməkdən əllərimiz partdaq-partdaqdır...
DAHA BİLMİRLƏR Kİ, evdə KOMBİMİZ ola-ola hisin-pasın içindəyik...
DAHA BİLMİRLƏR Kİ, evdə KOMBİMİZ ola-ola evin içində də “potava” ilə gəzirik...
DAHA BİLMİRLƏR Kİ, evdə KOMBİMİZ ola-ola mətbəximizdə bulaşıq qablar dizə cıxıb...
DAHA BİLMİRLƏR Kİ, evdə KOMBİMİZ ola-ola künc-bucağı bəyənmədiyimiz sovet dönəmində adına zavod olan və 8 mindən artıq soydaşımızı işlə təmin edən, indisə öz qiymətindən də artıq gömrük rüsumu verib xaricdən alıb gətirdiyimiz kondinsionerin şotuna qızınırırıq...
DAHA BİLMİRLƏR Kİ, evdə KOMBİMİZ ola-ola elə həmin kondisionerin şotuna hər ay “tok idarəsi”nə 80-90 manat pul ödəyirik...
DAHA BİLMİRLƏR Kİ, evdə KOMBİMİZ ola-ola isinmədik istisinə, kor olduq tüstüsünə. Yəni, bu kondinsioner deyilən şey Hadı müəllimgilin dedikləri “125 manatlıq ehtiyac meyarı”nın başını onu əzaba saldığımıza görə “xıx” eləyir. Və beləliklə, başından kəsilən “ehtiyac meyarları”, başından ayağınacan banklara verilən kreditlər adamı əbədi olaraq borcun əlində əsir-yesir qoyur, birdəfəlik düşürsən borca....
Bu, nə olan şeydir, ay “deputatxana işçiləri”?
Yəqin sizdəki KOMBİLƏR, KONDİNSİONERLƏR, SOYUDUCULAR, TELEVİZORLAR sizə yaxşı baxırlar...
YƏQİN siz heç xəstələnmirsiniz də - həkimin qəbuluna düşmək üçün 50-120 manat civarında pul vermirsiniz, qan analizini 80 manata, anyünü 500 manata elətdirmirsiniz...
YƏQİN SİZ göylə uçursunuz ki, xəbər dalınca qaçan yurnalistin gündəlik yol puluyla reraşki pulunun 6-7 manat elədiyini dərk eləmirsiniz,...
YƏQİN sizin uşaqlar dəftər-kitaba pul vermirlər ki, kitabın birini 15-20 manatdan alan yazıq tələbənin halından bixəbərsiniz...
YƏQİN sizin körpələriniz Aydan, Satyrndan gəliblər ki, ona görə də yerdəki uşaqların “vardı, yoxdu” düşüncəyə malik olmadıqlarını dərk edə bilmirsiniz....
Günah KOMBİMİZdədir ki, bu, “YƏQİN”lərlə mənim zəhləmi töküb. Bizim evə gələndən O, bu şərəfli öhdəliyin dışıyıcısına çevriləcəyinə söz vermişdi. KOMBİNİ bizə sırıyan SATICILAR da Allah şahididir. ...
Ancaq nə yazıq ki, artıq ah çəkmək məcburiyyətindəyəm...
Deyəsən, KOMBİMİZ öz gücünü itirib - daha əvvəlki KOMBİ deyil. Ordan-burdan gələn ustalar da, guya ki, PROBLEMİMİZİ ARADAN QALDIRACAQLAR iddiasıyla “filan-filan şeylər”i aldırmaqdan artıq bizi bezdiriblər. Daha “filan-filan şeylər”i almağa nə pulumuz, nə də təhəmmülümüz qalmayıb. Astarı üzündə baha başa gələn bu REMONT PULLARInı yığcaydım, Əbil Kişi demişkən, qət təzə bir kombi alardım. Ancaq mən almadım, imkansızlığımdan (lütfən, yazını oxuyarkən, bu sözü simiclik kimi dəyərləndirməyin) “bəlkə də düzəldi” ümidiylə elə hey ustaların kaprizlərinə boyun əydim...
NƏTİCƏ də ortalıqda, buna bələdçi lazım deyil: kor kor, gor, gor.
YENƏ DƏ, həmin KOMBİ və yenə də, içinə sığınsaq da, ancaq istisinə qızına bilmədiyimiz som-soyuq daş-divar;
YENƏ DƏ, qaşınmaqdan bizi cana doydurmuş həmin KİRİMİZ;
YENƏ DƏ, həmin soyuq su ilə işləməkdən CADAR-CADAR OLMUŞ həmin ƏLLƏRİMİZ;
YENƏ DƏ, bütün bu DƏRDLƏRİMİZin əlindən bükülən həmin BELİMİZ;
YENƏ DƏ , “sən HAQQ ol, HAQQ səninlə olacaq” ümidiylə çırpınan həmin ürəyimiz;
YENƏ DƏ, mətbəxdə yığılıb qalmış bir anbar BULAŞIQ QABLAR; YENƏ DƏ, bum-buz sifətilə ayaqlarımızın anasını ağladan TYOPLI POL....
Və YENƏ DƏ dərdlərimizə inanmaq istəməyən biganə əhlikeflər....
Və YENƏ DƏ, dərdlərilə baş-başa qalmaqdan artıq başını itirmiş insanlar.....
...Və, və YENƏ DƏ, belini qaşımağa əli olmayan, əlini isitməyə cibi olmayan, ciblərində siçan oynayan, siçanı öldürməklə milli pişiklərimizə tələ quran, tələsdiyindən kündəsi küt gedən insanlar...
Və YENƏ DƏ - 12-ci mərtəbə....
Və YENƏ DƏ - ən böyük günahlardan olduğu anlaşılsa da, ancaq zorən sevginin ərsəyə gətirdiyi intiharlar seriyası....
Və YENƏ DƏ - “Koroğlu” stansiyası...
Və YENƏ DƏ - “Atın məni dənizlərə”....
Və YENƏ DƏ - bir butulka nöyütlə dövlət instansiyalarının qarşısı...
Və YENƏ DƏ - qataraltı seyrəngahlara dalma....
Və YENƏ DƏ - həmin “AzTV”, həmin “ANS”, həmin “SPASE”, həmin “Lider”, həmin “Xəzər”, həmin “Mədəniyyət”, həmin “İctimai”, həmin “ATV”....
Və YENƏ DƏ – həmin AparıCI, həmin verilİŞ, həmin gölməçə həsrətilə gözləri bərəli lüt əndamlılar, həmin kifli düşüncəli, müsbət mənada dediklərinin tam tərsini gündəlik həyatında yaşayan riyakar münsiflər....
Və YENƏ DƏ – körpələrin içinə ....daha doğrusu içini zay etdikləri televizor....
AHAAA, YENƏ DƏ elə həmin televizorda məktəblilərin öz pullarıyla bazardan alıb Bərdə çöllərində havayı olaraq havaya buraxdıqları QIRQOVULLARIN azadlıq eşqiylə cəmada qanad çalmalarını əks etdirən görüntüylə bağlı bir süyetin təqdimatı.....
Və YENƏ DƏ həmin süyetin üstündən heç 10 dəqiqə keçməmiş Azərbaycana təşrif buyurmuş və con günlərdə “ELİT TURİZM”in göyərçini kimi yaddaşlara həkk olan ƏRƏB MİLYARDERİnin Bərdə UŞAQLARININ AZADLIQ BƏXŞ ETDİKLƏRİ QIRQOVULU OVLAYARAQ həzmi-rabedən keçirmə səhnəsi....
Və YENƏ DƏ bir daha anlaşıldı ki, milyardlərin ucbatından azadlığımız hər an təhlükə altındadır - Bərdədən Hacıqabula qədər olan məsafənin zaman kəsiyində olduğu kimi...
SübhanAllah, heç deyəsən o zəhrimara qalmış SOYUDUCUya da artıq ehtiyacımız olmayacaq. Çünki “ELİT TURİZM”in GÖYƏRÇİNLƏRİ sübut etdilər ki, başqalarının bir həftəyə yeyib-içdiyini, xərclədiyini onlar “bircə şam yeməyində” Azərbaycanın büdcəsinə verə bilərlər. Deyəsən SOYUDUCUYA nəyisə qoyub sabahçün saxlamağa ehtiyac yox prinsipini gününü yola ver tendensiyası ilə çulğalaşdırmanın zamanıdır.....
Ona görə də, dəyməyin..., cərimələməyin...., toxunmayın, əksinə bir az da şirnikləndirin ki, qoy milyarderlər bala gəlsinlər, milyardlarını kafelərimizə, barlarımıza, restoran şəbəkələrimizə, otellərimizə xərcləsinlər.. Pul başqa yerə getmir ki, burda qalır...Məgər otel, restoran sahibinin cibi elə dövlətin büdcəsi kimi bir şey deyil. İstədiyin vaxt pul al, qusdur, istədiyin vaxt pul ver, sərmayə yatırsın. Gələn də ora gəlir, gedən də oradan gedir....
Ancaq doğrudan da, DÖZÜM, SƏBİR, İNSAF yaxşı şeydir .KOMBİlərimiz, TELEVİZORlarımız, SOYUDUCUlarımız ürəyimizin başını çatlatsa da, yenə də səbir daşından yapışmalıyıq. BÜTÜN MÜŞKÜLLƏRİN AÇARI BİR ALLAHIN ƏLİNDƏDİR. Zənn etdiklərimizə aldanmayaq. Bu dünya da bir dəyirmandır. Və bu dəyirmanda dəni olmayana un vermirlər...
P. S. Mən heç nəyi dəyişmədim – çünki küləkli havada xırman spvurmazlar. Arzularımla, Dərdlərimlə baş-başa Bir olan Allaha sığınıram. Çünki Allah var, Onun rəhmi də var.
İGİD TEYMURLU









AZ
RU