Hücum diplomatiyasının -yeni mərhələsi başlayır...
Hücum diplomatiyasının yeni mərhələsi başlayır...
Son dövrlərdə dövlət idarəetmə sistemində həyata keçirilən struktur islahatları çərçivəsində müasir düşüncəli, milli maraqları əsas tutan kadrlara rəhbər korpusda yüksək etimadın göstərilməsi həm xalq, həm də beynəlxalq təşkilatlar tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir.
Yenixeber.org: Rəsmi “Azərbaycan” qəzeti “Hücum diplomatiyasının yeni mərhələsi başlayır” başlıqlı yazı dərc edib. Yazıda bildirilir ki, iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən dövlət başçısı bir daha vurğuladı ki, kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidirlər.
“Yeni dövlət idarəçiliyinin tələblərinə cavab verən islahatlarla bağlı qətiyyətli mövqe ortaya qoyan Prezidentin struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir.
Hazırda dünyada gedən mürəkkəb iqtisadi problemlər fonunda Azərbaycanda reallaşan islahatlar əlbəttə ki, ilk növbədə, dövlət idarəçiliyinin təkmilləşməsi deməkdir”.
Qəzet yazır ki, ötən həftə ölkənin xarici siyasət idarəsinə yeni rəhbər təyin edən İlham Əliyev həm yeni nazir qarşısında xarici siyasət sahəsində, kadr məsələsində ciddi tələblər qoydu, həm də bəyan etdi ki, hücum diplomatiyası dəyişməz olaraq qalır.
“Əlbəttə ki, bu diplomatiyanın daha da şaxələndirilməsi, gücləndirilməsi üçün ölkənin xarici siyasət idarəsinin, Azərbaycanı xaricdə təmsil edən səfir və konsullarının üzərinə böyük vəzifə düşür.
Ancaq son vaxtlar xaricdəki bəzi diplomatlarımızın bu istiqamətdə həyata keçirdikləri siyasət ölkə Prezidentini ciddi narahat edir. Belə ki, Azərbaycanın xaricdə fəaliyyət göstərən bəzi diplomatik nümayəndəlikləri ölkəmizə qarşı aparılan çirkin kampaniyalara, qarayaxmalara, iftiralara diqqət yetirmir, yalnız yaşadıqları ölkənin maraqlarını qorumaqla kifayətlənirlər. Yəni xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər.
Bu da, əlbəttə ki, milli maraqlarımızın hər zaman üstün tutulmaqla həyata keçirilən dövlətin uğurlu xarici siyasətinə tamamilə ziddir. Ona görə də Prezident vurğuladı ki, diplomatlar Azərbaycana əleyhinə aparılan bütün kampaniyalara qarşı fəaliyyət göstərməlidirlər və bunun üçün də ölkəmizə peşəkar, milli ruhda, milli dəyərlərə bağlı, maraqlarımızı müdafiə edə bilən diplomatik kadrlar lazımdır. Ona görə də, Azərbaycanın xarici ölkələrdəki nümayəndəliklərində görülən işlər ciddi təhlil olunmalıdır, səfirliklərin işinin səmərəlilik əmsalı müəyyən edilməlidir”.
Qəzet bildirib ki, dövlət başçısı Azərbaycana qarşı aparılan çirkin kampaniyaların səbəblərini də göstərdi və bildirdi ki, xalq bu məkrli olayların mənbəyinin, səbəbinin nə olduğunu yaxşı bilir. İlk növbədə bunun səbəbi Azərbaycanın tam müstəqil, ləyaqətli siyasət yürütməsidir.
“Dövlət başçısı hesab edir ki, ölkəmizə qarşı aparılan çirkin kampaniyaya diplomatlarımızın adekvat cavab verməmələri antiazərbaycançı qüvvələrin xeyrinə işləyir. Bu səbəbdən də diplomatlarımız tərəfindən Azərbaycana qarşı olan istənilən təxribata dərhal adekvat cavab verməli və təxribatçılar həmin ölkənin qanunları çərçivəsində cəzalandırılmalıdırlar.
İlk prioritet işğalçı Ermənistan istisna olmaqla, qonşu ölkələrlə münasibətlərin və bunun çox sağlam zəmində qurulmasıdır. Eləcə də qonşu ölkələr tərəfindən də Azərbaycana qarşı olan siyasət çox müsbətdir. Çünki Azərbaycan bu siyasəti dostluq, mehriban qonşuluq prinsipləri əsasında qurub.
Bir çox ölkələrlə strateji tərəfdaşlığı olan Azərbaycanın dünyanın nəhəng dövlətlərindən Amerika Birləşmiş Ştatları ilə də münasibətləri çox böyük əhəmiyyət daşıyır və bu münasibətlərin böyük tarixi var. Həmçinin Azərbaycanın strateji investorlarından biri Böyük Britaniyadır. Bu ölkə ilə Azərbaycan arasında çox sıx tərəfdaşlıq münasibətləri mövcuddur.
Bu əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı ciddi tapşırıqlarını verən dövlət başçısı dedi ki, xarici siyasət idarəsinin fəaliyyətinin ən əsas hissəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə istiqamətləndiriləcək. Çünki bu, milli məsələdir və son illər görülmüş tədbirlər nəticəsində bütün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoyublar. Əgər münaqişə getdiyi dövrdə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edibsə, ondan sonrakı dövrdə bütün digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər.
Bir sözlə, Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri ilə bağlı ciddi tapşırıq və göstərişlərini verən Prezident əminliklə vurğuladı ki, yürüdülən diplomatiya siyasəti ölkəmizin maraqlarını tam təmin etmək üçün öz sözünü deyəcək”.