Gülər Əhmədova -deputatlığa namizəd oldu
Keçmiş deputat Gülər Əhmədova da 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılıb.
Yenixeber.org: Gülər Əhmədova namizədliyini 16 saylı Yasamal ikinci seçki dairəsindən irəli sürüb. O, artıq imzatoplama mərhələsini başa çatdıraraq imza vərəqələrini DSK-ya təqdim edib.
Gülər Əhmədova ikinci, üçüncü və dördüncü çağırış Milli Məclisin deputatı olub. O, sonuncu dəfə Xətai rayonundan deputat seçilib.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin 2012-ci ilin sentyabrında yaydığı “mandat alveri” ilə bağlı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Daha sonra ona Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham sürülüb və 2013-cü ilin fevralında Gülər Əhmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclas zamanı vəkil Əfsər Talıbov məhkəmənin istintaqla aparılmasına dair, eləcə də əlavə digər vəsatətlər verib. Lakin vəsatətlər təmin edilməyib. Bunun üçün prosesin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət olunub. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasını ləğv edib. Məhkəmə kassasiya şikayətini də qismən edib. Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən dindiriləcək. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarını ləğv etdiyi üçün prosesə sədrlik edəcək hakim də dəyişdirilib. İş hakim İlqar Murquzovun icraatından çıxarılaraq hakim Əflatun Qasımovun icraatına verilib.
2014-cü ildə Gülər Əhmədovaya Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza təyin edilib və o, azadlığa buraxılıb.
Ötən il verdiyi müsahibədə bu qalmaqala aydınlıq gətirən Gülər Əhmədova baş verənlərin arxasında keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun dayandığını iddia edib.