"Ermənistan baş nazirinin söylədiklərini onun öz əhalisini yanıltmaq cəhdi kimi xarakterizə etmək olar. Bunun başqa cür qiymətləndirilməsi mümkün deyil".
Yenixeber.org: Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş naziri Nikol Paşinyanın Milanda azərbaycanlı bloggerin sualına cavabını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Nikol Paşinyan növbəti dəfə SSRİ Konstitusiyasına istinad edərək guya Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Konstitusiya ilə ayrılmaq hüququnun olduğunu iddia edir: "Öz tərəfimizdən növbəti dəfə xatırladırıq ki, SSRİ Konstitusiyasının 78-ci Maddəsinə əsasən müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Eyni zamanda, erməni millətçilərinin DQMV-nin Azərbaycan SSR-dən ayrılmasına yönəlmiş qanunsuz hərəkətləri ilə əlaqədar, SSRİ ali qurumları öz qərarlarında mövcud sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyünü birmənalı şəkildə təsdiq etmişdi. Misal üçün, 1990-cı il 10 yanvar tarixində SSRİ Ali Sovetinin Prezidiumunun qəbul etdiyi və Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrılması cəhdlərinin qanunsuz olduğunu vurğulayan “Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağa dair 1 dekabr 1989-cu il və 9 yanvar 1990-cı il tarixli qərarlarının SSRİ Konstitusiyasına uyğun olmaması barədə” qərarı. Bu mövqe eynilə SSRİ Dövlət Şurasının 27 noyabr 1991-ci il qərarı və növbəti gün SSRİ Konstitusiya Nəzarət Komitəsinin qəbul etdiyi qərarda da öz əksini tapdı. DQMV ermənilərinin birtərəfli qaydada ayrılmasının sovet qanunlarına zidd olduğu bir halda, baş nazirin bunu SSRİ Konstitusiyası ilə əsaslandırmaq cəhdləri öz əhalisini yanıltmaq deyil bəs nədir? Nikol Paşinyan DQMV yerli şurasının öz müqəddəratını müəyyən etmək hüququndan istifadə etdiyini qeyd edir, lakin baş nazir Dağlıq Qarabağda 1991-ci il dekabrın 10-da separatçıların keçirdiyi “müstəqillik referendumunun” muxtar vilayətin hüquqi baxımdan tərkib hissəsini təşkil etdiyi Azərbaycanın razılığı olmadan və bu bölgənin azərbaycanlı əhalisinin iştirakı olmadan keçirildiyini söyləmir".
"Xocalı soyqırımını təkzib edərək bunu yalan adlandıran baş nazir demək Ermənistandan da daxil olmaqla çoxsaylı müstəqil mənbələr, yerli və beynəlxalq kütləvi informasiya vasitələri və bu faciənin şahidlərinin ifadələrini yalan hesab edir. Görünür, öz müqəssirliyini utanmadan etiraf edən Ermənistanın o dövrdəki müdafiə naziri və keçmiş prezidenti Serj Sarkisyan xarici jurnalistə müsahibəsində dediyi “Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq” ifadələrdən də Nikol Paşinyanın xəbəri yoxdur. Maraqlıdır, öz sələflərindən fərqli olaraq Nikol Paşinyan beynəlxalq ictimaiyyət qarşısında özünü demokratik dəyərlərin tərəfdarı kimi təqdim edir. Belə olduğu halda, bunu təsdiq etməli və Azərbaycanın ərazilərinin işğalına son qoymalıdır ki, insanlar öz doğma torpaqlarına geri qayıtsınlar", - deyə L.Abdullayeva qeyd edib.