"Ailə" TV-nin ofisinə basqın edən şəxs:"Dostumun "Topaz"a 20 min borcu var idi"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Ailə" TV-nin ofisinə basqın etməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Kamil Əliyev, 1995-ci il təvəllüdlü Asib Kambarov, 1997-ci il təvəllüdlü Kamran Süleymanov, 1995-ci il təvəllüdlü Rəşad Əhmədzadə və 1995-ci il təvəllüdlü Orxan Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib
Yenixeber.org: Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə A.Kambarov özünü təqsirli bilmədiyini, istintaqda yazılanlara sadəcə qol çəkdiyini söyləyib.
O qeyd edib ki, oğurluq telefon alıb: "Həmin axşam Kamilgil qalmağa ev axtarırdılar və mənə zəng elədilər. O, "satdıq telefon" olduğunu dedi. Ondan telefonu alanda oğurluq olduğunu bilmirdim".
Təqsirləndirilən K.Süleymanov ifadə verən zaman "Ailə TV"yə basqın etdiklərini etiraf edib. Onun sözlərinə görə, hadisə günü axşam 11-də "Ailə TV"nin ofisinin qapısını döyərək içməyə su istəyib: "Sonra əl-üz yumaq üçün də müracit etdim. Mən içəri keçəndə Kamil də arxamca girdi. Mən mühafizəçini tutub, içəri apardım. Kamil də seyfdən pul götürdü, sonra qaçıb getdik".
O bildirib ki, həmin vaxt A.Kambarov orada olmayıb: "Mən bu işə dostum Kamilin ehtiyacı üçün getmişəm. Kamil "Topaz"a 20 min borcu olduğunu dedi. Qaytaracağına dair söz verib, pis söyüş söyüb. Dostum olduğu üçün, xətrini çox istədiyim üçün razılaşdım. Mənim heç kimə borcum olmayıb. Asibə zəng elədik ki, gizlənməyə ev axtarırıq".
Məhkəmədə digər təqsirləndirilən R.Əhmədzadəyə də ifadə vermək təklif edilib. Amma o heç nə xatırlamadığını söyləyib.
Təqsirləndirilən Orxan Əliyev isə özünü təqsirli bilmədiyini deyib.
Məhkəmənin növbəti iclası aprelin 9-na təyin edilib.
İttiham aktına əsasən, təqsirləndirilən şəxslər bir qrup şəxs halında əvvəlcə Xətai rayonu ərazisində yerləşən “Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçıblar.
Bundan başqa, adı çəkilən şəxslər Nizami rayonu ərzasində lombarda daxil olaraq orada işləyənlərə hədə-qorxu gələrək 1250 manat pulu ələ keçiriblər.
həmin şəxslər Cianyət Məcəlləsinin 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 228-ci (qanunsuz olaraq soyuq silah gəzdirmə) və 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddələri ilə təqsirli bilinirlər.