Yenixeber.org: Qızıl və gümüş üçün idxal rüsumu 30 dəfə artır. Gələn il yanvarın 1-dən Azərbaycana satış məqsədilə idxal ediləcək qızıl və gümüş məmulatları gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumuna cəlb ediləcək. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb. Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən qızıl birləşmələri və gümüş 0,5 faiz gömrük idxal rüsumuna cəlb olunur.
Rüsumun artması zərgərlik məlumatlarının bahalaşmasına səbəb olacaq. O da məlumdur ki, rüsumların artırılması, büdcəyə daxil olan vəsaitlərə nəzərəçarpacaq dərəcədə təsir edəcək. Ekspertlər hesab edir ki, qızıl istehlakında yerli istehsalın payı azdır. Azərbaycan qızıl hasil edən ölkələrdən biridir. Xaricdən gələn qızılın bahalaşması, yerli qızıla olan marağı artıracaq. Bu da yerli istehsalın təşviq edilməsini və mərhələli şəkildə bazara daha çox yerli məhsulların çıxarılmasına imkan yarada bilər.
İqtisadçı-ekspert Vüsalə Əhmədova "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycana əsasən Türkiyə, Rusiya və İtaliyadan qızıl-zinət əşyaları idxal olunur: "Manatın sonuncu devalvasiyasından sonra qızılın qiymətlərində 25 faizlik artım qeydə alındı ki, İtaliya istehsalı olan 750 əyarlı qızılın bir qramı 85-90 manata, Türkiyə istehsalı olan 585 əyarlı qızılın bir qramı 75-80 manata, Rusiya istehsalı olan 583 əyarlı qızılın bir qramı isə 70-75 manat arasında satılmağa başlandı. Daha sonra isə dünya bazarında qızılın qiymətinin ucuzlaşması və manatın məzənnəsinin müəyyən qədər stabilləşməsi fonunda, qızılın qiymətlərində də hər qrama görə təxminən 5 dollara qədər azalmalar müşahidə edildi. Manatın məzənnəsi sabit qaldıqca sözsüz ki, əmtəəyə konkret qiymətin qoyulması mümkün olur. Bazarda qiymətin bir qədər ucuzlaşması, alıcılıq qabiliyyətinə də öz təsirini göstərdi, bazarda canlanma yarandı, qızıl almağa maraq göstərənlərin sayında artım qeydə alındı. Ölkədə kiçik və orta sahibkarlığın olmadığı bir şəraitdə insanların yatırımlarını daha çox qızıla istiqamətləndirmələri təbii qarşılanmalıdır”.
İqtisadçı qeyd edib ki, Azərbaycanda baş vermiş iqtisadi böhran şəraitində yaranmış çətinliklər zinət əşyalarının alışı məsələsini həmişə arxa plana keçirib: "Artıq növbəti ildən satış məqsədilə ölkəyə gətiriləcək qızıl və gümüş məmulatları gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumuna cəlb ediləcək. Yalnız 2 ədəd eyni və eynicinsli malın ödənişsiz ölkəyə keçirilə biləcəyini nəzərə alsaq, üçüncü mal artıq satış məqsədi daşıdığı üçün gömrük rəsmiləşdirməsinə tabe tutulur. Tariflərin bu dərəcədə artırılması qızıl və gümüş məmulatlarının qiymətində də öz əksini tapacağı qaçılmazdır. Nəticədə, bu, əhalinin alıcılıq qabiliyyətinə kəskin təsir göstərəcək.
Məsələn, hazırda 300 dollar dəyərində olan hər-hansı bir qızıl-zinət əşyasının ölkəyə keçirilməsi üçün 1,5 dollar rüsum ödəndiyi halda, yanvar ayından etibarən həmin dəyərdəki əşyanın idxalı üçün 45 dollar rüsum ödənəcək. Fərqin nə dərəcədə böyük olduğunu aydın görmək mümkündür. Azərbaycanda orta aylıq əmək haqqlarının 300-400 manat arasında dəyişdiyini nəzərə alsaq, qızıl-zinət əşyalarının qiymətləri əhalinin gəlirlərinə qeyri-adekvatdır”.
Vüsalə Əhmədova onu da vurğulayıb ki, dövlət büdcəsi kəsirinin örtülməsi üçün hökumətin böyük ölçüdə vergiyə və rüsumlara yönəldiyi hər kəsə bəllidir: "2017-ci ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin icra vəziyyətinə baxsaq, görərik ki, daxilolmaların 44,9 faizi AR Vergilər Nazirliyinin, 15,1 faizi isə AR Dövlət Gömrük Komitəsinin payına düşür. Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə daxil olan gəlirlərin müvafiq dövr üzrə proqnoz göstəricilərinə qarşı icrasının əsasən artıqlaması ilə təmin edildiyi, kəsirin ancaq aksizlər üzrə yarandığı göstərilir. Əvvəlki ilin yanvar-aprel aylarına nisbətən cari ilin eyni dövründə Komitə tərəfindən dövlət büdcəsinə təmin olunan malların idxalına əlavə dəyər vergisi 513897,4 min manat təşkil etməklə 70003,6 min manat (15,8%) artdığı, malların idxalına aksizlər 23775,8 min manat təşkil etməklə 2250,8 min manat (10,5%) artdığı, xarici dövlətlərin avtonəqliyyat vasitələri sahiblərinin yol vergisi 9592,4 min manat təşkil etməklə 2266,0 min manat (30,9%) artdığı, gömrük rüsumları 210210,1 min manat təşkil etməklə 48804,8 min manat (30,2%) artdığı, Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa yol vergisi isə 616,9 min manat təşkil etməklə 9543,6 min manat (93,9%) azaldığı qeyd edilir. Gömrük rüsumlarında nəzərdə tutulan növbəti artımlar bu rəqəmləri daha bir neçə dəfə yüksəldəcək”.
Ekspert onu da diqqətə çatdırıb ki, Azərbaycan ərazisi qızıl yataqları ilə zəngindir: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Göygöl rayonunun eyni adlı kəndi yaxınlığında, rayon mərkəzindən 45 km məsafədə yeni qızıl yataqlarının kəşf edildiyini bildirir. Buradakı qızıl resurslarının (qızılın 0,4-33,5 qram/ton, gümüşün isə 0,5 - 48,4 q/t arasında dəyişməklə) hazırda istismar olunan Gədəbəy qızıl-mis və Çovdar qızıl yataqlarının ehtiyatlarına yaxın olduğu və istismar üçün daha əlverişli olduğu deyilir. Son illərdə, Goranboy rayonunda yerləşən Başqışlaq sahəsində də axtarış zamanı qızıla, gümüşə və misə perspektivli sahələr müəyyən olunub.
Göygöl rayonunun Əzgilli sahəsində də qızıla və gümüşə müsbət nəticələr alınıb. Azərbaycanın sahib olduğu zəngin qızıl yataqları üzərindəki inhisar aradan qalxarsa, qızılın dünya bazarındakı qiymətlərinə adekvat yerli istehsal həyata keçirilə bilər. Yeri gəlmişkən, hazırda COMEX-də (Commodity Exchange) sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,70 dollar ucuzlaşaraq 1289,50 dollara (1 qram = 41,59), gümüşün qiyməti isə 0,04 dollar azalaraq 17,18 dollara (1 qram = 0,55) satıldığı göstərilir”.