Bakıdan başqa ölkəyə 29 avroya uçmaq mümkün olacaq
Ekspert: “Bu dəyişikliklər ölkədə turizmin inkişafına müsbət təsir göstərəcək”
Yenixeber.org: Uzun müddətdir Bakıdan digər xarici ölkələrə uçuşun qiymətinin baha olması ilə bağlı sosial şəbəkələrdə müzakirələr aparılırdı. Artıq sentyabrın 1-dən etibarən Bakıdan Moskva, Kiyev, Antalya, Kazan, Mineralnıye Vodı, Tiflis və Tehrana, oktyabrın 29-dan isə tətbiq ediləcək qış uçuş cədvəlinin başlamasıyla Bakıdan İstanbula və Sankt-Peterburqa, eləcə də Gəncədən Moskvaya uçuşlar olacaq.
Bütün istiqamətlər üzrə minimal tarif bir tərəfə 29 avro təşkil edir. “Buta Airways” tipik lou-koster sxemi üzrə fəaliyyət göstərir və baqajın daşınması, təyyarədə isti yeməklər, yer seçimi və digər xidmətlər əlavə ödəniş müqabilində təklif ediləcək.
Avqustun 25-də prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin nəzdində yaradılan “Buta Airways” aviaşirkətinin Bakıya gətirilən ilk “Embraer 190" təyyarəsi ilə tanış olub. ”Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov “Buta Airways” aviaşirkətinin yeni “Embraer 190" təyyarəsi barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, ekonom sinif modifikasiyalı bu təyyarə 106 sərnişin tutumuna malikdir.
Yaxın günlərdə şirkətin daha bir yeni “Embraer 190" təyyarəsinin Bakıya gətirilməsi nəzərdə tutulur. Ümumilikdə isə aviaşirkətin havagəmiləri parkındakı ”Embraer-190" təyyarələrinin sayı 8-ə çatdırılacaq.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Yeni Müsavat”a açıqlamasında “Buta Airways”in milli rəmzlərlə bəzədilmiş təyyarələrinin Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edəcəyinə inandığını bildirdi. Onun sözlərinə görə, bu, eyni zamanda ölkədə turizmin daha da inkişaf etməsini təmin edəcək. O, qiymətlərin məsafədən asılı olaraq dəyişəcəyini dedi: “Lakin bütün istiqamətlər üzrə minimal tarif bir tərəfə 29 avro təşkil edir”.
Qeyd edək ki, minimal “Büdcə” tarifi ilə alınan aviabiletlər qaytarıla və ya dəyişdirilə bilməz. “Standart” tarifi ilə alınan aviabiletləri dəyərinin 50 faizi tutulmaqla dəyişmək və ya qaytarmaq mümkün olacaq. Yuxarıda da qeyd edildiyi kimi, Lou-kost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək.
Bundan başqa, üç ölçünün cəmi üzrə 110 santimetrdən artıq olmayan ölçüdə və çəki məhdudiyyəti tətbiq olunmayan əl yükünün daşınması 25 avro təşkil edəcək. Analoji qiymətə çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə qeydiyyatdan keçirilən baqajı daşımaq mümkün olacaq. Saytda və ya kassada öncədən baqaj yeri üçün ödəniş edildikdə qiymət 20 avro təşkil edəcək.
“Buta Airways”in reyslərində əlavə opsiyalar kimi təyyarə salonunda komfortlu yerlər təqdim olunacaq. Birinci sırada və qəza çıxışının yanında ayaqlarınız üçün daha geniş sahəsi olan yerlər 25 avro, ön sıralarda prioritet yerlər 15 avro təşkil edəcək. Uçuşa qeydiyyat aviaşirkətin saytında və müstəqil qeydiyyat köşklərində pulsuz olaraq mümkün olacaq. Bu, hava limanındakı qeydiyyat masalarında isə 3 avro təşkil edəcək.
Yaxın zamanda aviabiletlərin saytda, kassalarda və həmçinin rəsmi agentliklərdə satışına başlanılacaq. Bütün ödənişlər uçuşun başladığı ölkənin yerli valyutasında Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsi ilə həyata keçiriləcək.
Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz təqdim olunacaq. İsti yeməyi aviabiletin alınması prosesi zamanı 7,90 avro ödəniş etməklə öncədən sifariş etmək mümkün olacaq. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkün olacaq.
“Yeni Müsavat”a danışan iqtisadçı Fikrət Yusifova görə, bu, doğrudan da ölkədə turizmin inkişafına təkan verəcək: “Ölkədə turizmin inkişafına təkan verəcək bir sıra amillər var. Bunlardan biri də gəliş və gediş xərcləridir. Bu gün turizmin inkişafı üçün çox ciddi zəruri addımlar atılıb. Artıq ölkədə Turizm Şurası da yaradıldı və bu istiqamətdə ölkə prezidentinin sərəncamı qəbul edildi, turizm zonaları müəyyənləşdi. Yəni inkişaf üçün xeyli sayda tədbirlər görülür. Bütün bunların hamısı ölkəyə daha çox turist cəlb etmək məqsədləri güdür. Bu kontekstdə atılan addımlardan biri də hava daşımaları zamanı yeni tariflərin tətbiqidir. Turist bir ölkəyə getmək qərarını verirsə, bütün şərtləri saf-çürük edir. Bunlardan ən başlıcası ölkədəki ictimai siyasi sabitlikdir ki, Azərbaycanda bu baxımdan vəziyyət ürəkaçandır. Son dönəmlərdə Türkiyədə, Misirdə baş verən hadisələr fonunda orada turizm xeyli gerilədi. İnsanlar ora turist kimi getmək qərarından vaz keçdilər. Azərbaycanda isə ictimai-siyasi vəziyyət sabitdir. Ölkəyə gəlmək üçün viza rejiminin sadələşdirilməsi istiqamətində də addımlar atılır. Nəticə etibarilə qeyri-neft sektorunun əhəmiyyətli bir hissəsi olan turizmin inkişafının yüksək səviyyəyə çatdırılması istiqamətində işlər görülür. Turistlərin sayını 6-8 milyona çatdırarıqsa, hesab edirəm ki, bu sahənin inkişafı istiqamətində qarşıya qoyduğumuz məqsədlərin birinci mərhələsini yekunlaşdırmış olarıq. Buna gedilir və gözlə də görünür ki, paytaxtda nə qədər əcnəbi vətəndaş var. Lakin bir neçə il öncə belə deyildi. Deməli, yaradılan ab-hava turizmin inkişafına meydan açıb. Eyni zamanda hava daşıması sahəsində rəqabət mövcuddur. Məsafə eyni olub, qiymətlər fərqli olanda turist artıq pul xərcləmək istəmir. Təkcə turist yox, bunu hər bir vətəndaş düşünür. Məndə olan məlumata görə, bəzi vətəndaşlar qiymətlər baha olduğu üçün Gürcüstan vasitəsilə uçurdular. Bunun qarşısını almaq üçün yeganə yol düzgün qiymət siyasəti yürütməkdir. Ona görə də atılan addım məqbul sayılmalıdır”.