Rektorun “ailə universiteti” niyə bağlandı?
Təhsil Nazirliyi tərəfindən fəaliyyətinə xitam verilən İctimai-Siyasi Universitetin rəhbəri Rasim Nəbiyev haqda məlumat yayılıb.
"Xeberinfo.com": Məlumata görə, təhsil ocağının bağlanmasına səbəb rektor Rasim Nəbiyev barəsində toplanan şok dosyedir.
İddialara görə, Nəbiyev keçmiş təhsil naziri Misir Mərdanovun himayəsində olub, bu əlverişli imkandan istifadə edərək təhsil müəssisəsində bazar açıb, rüşvət yığılmasını adi hala çevirib. Mərdanovla sıx münasibətləri olan Nəbiyevin “qara günləri” də məhz sabiq nazir istefa verəndən sonra başlayıb.
Yeni nazir Mikayıl Cabbarov universitetdə yoxlamaların həyata keçirilməsinə əmr verib. Bu araşdırmaların nəticəsi kimi AİSU lisenziyasız qalıb. Məlum olub ki, universitetdə qanunsuz tələbə köçürməsi, saxta diplom satışı, hər semestrdə rüşvət yığımı ilə məşğul olan R.Nəbiyev Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin taleyindən ibrət dərsi götürməyib.
O da məlum olub ki, R.Nəbiyevin ən yaxın qohumları AİSU-da rəhbər vəzifələrdə çalışırlar. Belə ki, onun köməkçisi qardaşı Nazim Nəbiyevdir. Bu şəxs əvvəllər qarmon ifaçısı kimi fəaliyyət göstərsə də, qardaşının dəstəyi ilə köməkçi vəzifəsinə təyin olunub.
Rektorun həyat yoldaşı, filoloq Zöhrə Nəbiyeva universitetdə prorektor işləyir. AİSU rəhbərinin qudası Əvəz Şirəliyev də prorektordur. Beləliklə, “ailə universiteti” açan Nəbiyev post-Mərdanov dövründə hədəfə gəlib.
Məlumata görə, keçmiş nazirin özü də yaxın dostu olan Nəbiyevi qoruya bilməyib. Çünki Nəbiyevin yuxarıda sadalanan fəaliyyətindən əlavə, Türkiyənin Bakıdakı səfirliyinin keçmiş mətbu müşaviri Turqut Ərlə illərə söykənən əlaqələrinin olduğu öyrənilib, bu məsələ yuxarı dairələrin diqqətinə çatdırılıb.
Bundan sonra Mərdanov köhnə dostunun arxasından çəkilib, ASİU qapadılıb.
Onu da deyək ki, Rasim Nəbiyev eyni zamanda paytaxtın ən böyük çörək istehsalçısı olan “Bakıxanov” çörək zavodunun direktorudur. İnsafən, Bakıda ən təmiz, etibarlı çörək istehsalçısı bu zavoddur. ASİU bağlanmazdan əvvəl, iyunun 4-də Nəbiyev rəhbəri olduğu zavodun qarşısındakı “Ülvi” şadlıq evinin həyətində mağar qurub, oğluna toy etməsi ilə gündəmə gəlib.
Qəribədir ki, zavod direktoru restoranda yox, onun həyətində çadır qurub oğluna toy çaldırmışdı. Bundan başqa, Bakıxanov qəsəbəsində onun “Səhram” marketi fəaliyyət göstərir. Göründüyü kimi, biznesmen-rektorun çörəyi təkcə çörək zavodundan çıxmayıb, həm market, həm də ASİU-da böyük bazar açıbmış.
R.Nəbiyev isə azvision.az-a açıqlamasında nazirliyə irad tutub: “Təhsil Nazirliyi hər 5 ildən bir universitetin lisenziya müddətini uzadırdı. Lakin bu dəfə uzatmadı. Haqqımızda deyilən səbəblər tamamilə əsassızdır. Gəlib hər kəs şahid ola bilər”.
Rektor Təhsil Nazirliyinin ali təhsil müəssisəsinin şəraitinin əlverişsiz olması barədə iradlarını qəbul etməyib: “Gəlib özünüz baxa bilərsiniz. Bizim qapılarımız hər kəsə açıqdır. Dərslərimiz kimlərdənsə götürülən ayrı-ayrı mənzillərdə yox, Topçubaşovun evində keçirilir. Topçubaşovun da evi elə-belə ev ola bilməz axı?! Köçürmə məsələsinə nazirlik baxır. Tələbələr hansı universitetlərə istəsələr, onlara da köçürüləcək”.
“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bildirdi ki, Təhsil Nazirliyi AİSU-da tədris prosesinin formal xarakter daşıdığını, elmi-pedaqoji heyətin pozuntularla komplektləşdirildiyini və kafedraların mövcud qaydalara zidd təşkil olunduğunu müəyyən edib.
“Təhsil Nazirliyi onu da qeyd edir ki, lisenziyanın geri alınması özü-özündə hüquqi şəxs kimi universitetin ləğvi demək deyil və qanunvericiliklə müəyyən edilmiş şərtlər yerinə yetirildiyi halda, bu qurum ali təhsil fəaliyyətinin göstərilməsi məqsədilə lisenziya üçün yenidən müraciət etmək hüququna malikdir”.
E.Əliyev bunu belə şərh edir: “Lisenziya müddəti uzadılmayan ali məktəbin bütün tələbələrinin başqa ali məktəblərə köçürülməsi elə ali məktəbin ləğvi deməkdir. Bundan sonra kim bu adda ”sıfırdan” ali məktəb formalaşdıra bilər. Bu ali məktəbin rektoru yəqin ki, bundan sonra belə işə baş qoşmaz”.
Ekspertə görə, Təhsil Nazirliyi bundan sonra təhsil müəssisələri haqqında hansısa qərarı qəbul etmək istədikdə lisenziya vaxtının başa çatmasını gözləməməlidir:”Neqativ halların daha çox baş verdiyi ali məktəblərdə qərarlar qəfil şəkildə qəbul olunmalıdır. Mən təhsil eksperti kimi belə ali məktəblərin bağlanmasının tərəfdarıyam. Bu cür ali məktəblər ölkə üçün mütəxəssis hazırlamaqdan çox şəxsi maraqlara xidmət edir”.
E.Əliyevin sözlərinə görə, bu universitetin rektoru Rasim Nəbiyev YAP-ın aparıcı fiqurlarından biri və keçmiş təhsil nazirinin dostu idi: “O bunlardan bəhrələnib istədiyini edirdi. Bu ali məktəb yaranandan qüsurlu yaranmışdı. Məncə, bu proses tək sözügedən universitetlə bitməməlidir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2013/2014-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi statistik təhlilində Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti, Bakı Biznes Universiteti, Bakı Qızlar Universiteti kimi ali məktəblər Azərbaycan İctimai Siyasi Universiteti ilə təxminən eyni reytinqə malikdirlər. Hesab edirəm ki, bu cür ali məktəblərin də fəaliyyətinin dayandırılmasının vaxtıdır”.
Müsahibimiz AİSU ilə bağlı maraqlı bir fakta da diqqəti çəkdi: “Maraqlıdır ki, Təhsil Nazirliyi 2008-ci ildə bu ali məktəbdə təhsilin keyfiyyətini müsbət qiymətləndirib. İndinin araşdırmaları göstərir ki, nazirlik akkreditasiyada saxtakarlığa yol verib.
Necə olur, təhsilinin keyfiyyəti müsbət qiymətləndirilən bu universitetdə belə qısa vaxtda ciddi qüsurlar aşkar olunur? Bu onu göstərir ki, nazirlik hansısa maraqlar çərçivəsində bu ali məktəbə müsbət qərar verib”.
Qeyd edək ki, “AzPolitika.info”-ya verilən bigiyə görə. Rasim Nəbiyevin arxasına Misir Mərdanovdan da yuxarı dairələr dayanıb. Əks halda Misir Mərdanovla konfliktdə olduğu heç kimə srr olmayan TQDK sədri Məleykə Abbaszadə qəbul planında bu “universitetə” yer verilməsinin qarşısını alardı. Ən azı bu məsələni içtimailəşdirərdi. Ancaq biznesmen-rektor daha yuxarılarla “hesablaşdığından” bu haqda indiyədək danışılmayıb. Mətbuatda yazılanllar isə görməzliyə vurulub. Ta nazir dəyişənə qədər. Paşayevlərə bağlı olduğu bildirilən yeni təhsil naziri Mikayıl Cabbrov isə bəzən özündən “yuxarıların” sözünü eşitməməyi də bacarır. Xüsusən də bu “yuxarılar” rəqib düşərgədə olarsa…