Xəstəxananın şöbə müdirinə "nurçu" ittihamı
"Xeberinfo.com": Əldə etdiyimiz məlumata görə, "Laçın rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin müdiri Cəbrayılov Orxan Əfqan oğlu bağlanmış Beynəlxalq Universitetin saxta diplomuyla fəaliyyət göstərir. Eyni zamanda şöbə müdiri dövlət tərəfindən verilən dərmanları mənimsəyərək satır".
Həmçinin məlumatda bildirilir ki, Orxan Cəbrayılovun ata tərəfdən ermənilərə qohumluğu çatır: "Orxan Cəbrayılov ata tərəfdən ermənilərə qohumdur. Həmçinin "Nurçu" təriqətinin üzvüdür və laçınlı gəncləri də türkçülük adıyla bu qrupa üzv edir. Bu barədə hüquq-mühafizə orqanları və Səhiyyə Nazirliyi isə heç bir tədbir görmür".
Məsələ ilə bağlı Qaynar.info-ya danışan Orxan Cəbrayılov bu məlumatları təkzib etdi: "Bu məlumatlar bir neçə gündür ki, mediada dolaşır. Məlumat üçün deyim ki, may ayının 21-də Laçın rayon İcra Hakmiyyyətində Gənclərin forumu keçirilib. Orda çıxış edib gəncləri radikal dini qruplaşmalara qoşulmammağa, yalnız milli maraqlara xidmət etməyə çağırmışam. Demişəm ki, son günlər ayrı-ayrı dini qruplar gəncləri yoldan çıxarıb Suriyaya aparır. Hər gün mətbuatda xəbər yayılır ki, Suriyada azərbaycanlılar ölür. Həmçinin çıxışımda bildirmişəm ki, Azərbaycan dövlətinə xəyanət etmiş Vəkil Mustafayev adlı şəxs facebook-da gəncləri yoldan çıxarır. Özü isə qaçıb gedib xaricdə oturub. Həmin adamın ermənilərlə əlaqəsi olub. Bu çıxışımdan sonra mənə qarşı hücumlar başlayıb, haqqımda mətbuata yalan informasiyalar ötürülür. Diplomumun saxta olması ilə bağlı deyilənlər cəfəngiyyatdır. Hazırda diplomumu İcra Hakimiyyətinə təqdim etmişəm, araşdırırlar".
Şöbə müdiri "Nurçu" təriqəti ilə bağlı iddiaya da cavab verib: "Mən türkçüyəm, nurçu yox. Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun əsərlərini oxuyuram, onların ideyalarına xidmət edirəm. Məni Səid Nursinin və ya Fətullah Gülənin davamçısı kimi təqdim edənlər özləri o yolun yolçusudur".
"Ermənilərə qohumluğunuz çatır?" sualına isə Orxan Cəbrayılov belə cavab verib: "Mən 12 arxa dönənimi tanıyıram. Laçının Ələkçi kəndində doğulmuşam. Bizi "Qasım uşağı" nəsli kimi tanıyırlar. Azərbaycanın ilk müdafiə naziri olan Xosrovpaşa bəy Sultanovun nəslindənəm. Atamın adı Əfqan, babamın adı Novruz, babamın atasının da adı Novruz, onun atasının adı Cəbrayıl (soyadımız onunla bağlıdır. O.C), Cəbrayılın atasının adı Kəblə İsmayıl, onun da atasının adı Qasımdır. Oğuzların Salur boyunun Təkə-türkman qəbiləsindənik. Baxın, görün, məni necə ləkələmək istəyirlər? Bu adamların vicdanı olsa, mətbuata yalan informasiya ötürməzlər".