"Azərbaycanda təhlükəli qida kifayət qədərdir"
Bu gün Azərbaycanda qida təhlükəziliyi ilə bağlı qanunvericilik bazası olmadığından ölkədə yetərincə tərkibi təhlükəli maddələr olan qidalar var.
Xeberinfo.com: Bunu Gununsesi.info-ya açıqlamasında Azad İstehlakçılar Birlyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, baxmayaraq ki, belə bir sənəd müzakirəyə çıxarılsa da, ölkədə qidanın təhlükəsizliyinə dair qanun qəbul edilməyib. “Lakin belə bir qanun hələ yoxdur. Ona görə də ölkədə təhlükəli qida kifayət qədər var. Bu da insanların həyatına öz mənfi təsirini göstərir”- deyə, E. Hüseynov bildirib. E.Hüseynov deyib ki,insanların sürətlə kimyalaşması, apteklərə müraciəti, klinikalarda növbələr bunun açıq-aydın sübutudur. “Təsadüfi deyil ki, ölkədə xərçəng xəstəliyinin cavanlaşması, sürətlə artması da bu amilləri bir daha sübut edir”- deyə, o, vurğulayıb. Ölkədə istehsal edilən qida məhsullarıının ekoloji cəhətdən təmiz olması ilə bağlı monitorinqlərə gəldikdə E.Hüseynov deyib ki, belə monitorinqləri heç kəs aparmır, heç bir dövlət qurumu aparmır: “2011-ci ldən bəri Azərbaycanda cəmi ekoloji təmiz qida istehsal edən 6 müəssisəyə bu nişan şamil edilib. Lakin çoxsaylı müəssisələr heç də ekoloji təmiz və standartlara uyğun məhsul istehal etmir. Bu vəziyyətdə təkcə yerli məhsullar yox, xaricdən gətirilən məhsullar da Azərbaycana böyük problemlə gəlir. Bundan başqa, Azərbaycan əmtəə bazarı sürətlə çirklənir və təsadüfi deyil ki, bu gün mən bütün dövlət orqanlarına, o cümlədən baş nazirə məktub göndərirəm. Hökumətin birtərəfli siyasəti, yəni istehlakçı hüquqlarını arxa planda qoyub. Dövləti də, ordunu da, biznes qurumunu da saxlayan, mövcud edən istehlakçını arxa planda qoyub, yalnız və yalnız biznesin dəstəklənməsi səhv bir siyasətdir. Dövlət mütləq üzünü istehlakçılara doğru çevirməlidir. Bizim ofisə təhlükəli məhsulların nümunələri də gətirlir. Məsələn, biz 2001-ci ildə Nazirlər Kabinetinin hətta, qərarını da aldıq ki, ölkədə təhlükəli, filtirsiz siqaretlərin istehsalı dayandırılsın. Lakin, bu şəraitdən, yəni, biznes qurumları üçün yaradılan şəraitdən istifadə olunur, artıq bir aydır ki, Şəkidə filtirsiz, təhlükəli siqaretlər istehsal edən müəssisələr işə başlayıb. Heç bir hüquqi sənədləri yoxdur. Bütün qanunları, standartları pozaraq təhlükəli siqaret istehsal edirlər. Eləcə də internet üzərindən əhalinin guya şəkər xəstəliyini sağaldan adı altında aldıqları cürbəcür dərmanlar, bitki əlavələri, məsələn sinir otu reklam olunur, onun şəkər xəstəliyinə heç bir xeyri yoxdur. Bu barədə Səhiyyə Nazirliyinin bizdə rəsmi məktubu var. Digər şikayətlərdə də əhalinin sürətlə aldadılması prosesinin getdiyi görünür. Yaxud, 2001-ci ildə “Duzun yodlaşdırılması haqqında” qanun qəbul edilib. Qanunda göstərilir ki, ölkədə yodsuz duzun istehsalı, satışı, hətta heyvanlara yem məqsədi ilə verilməsi qadağandır. Lakin, bu gün də bazarda yodsuz və təhlükəli duz, yəni küçələrə səpilən, dəri aşılayan duz qablaşdırılıb istehlakçılara təqdim olunur. Təəsüflər olsun ki, Azad İstehlakçılar Birliyi ictimai təşkilat olaraq öz resursları ilə çalışır ki, bu problemləri həll etsin, lakin dövlət orqanları böyük seyrçi mövqe nümayiş etdirir”.