Cəlilabad çiyələkləri GMO-dur?
Azad İstehlakçılar Birliyinin sədri: “Nə qədər ki, laboratoriyalara ictimai nəzarət yoxdur, bu vəziyyət davam edəcək”
Xeberinfo.com: Azərbaycanda geni dəyişdirilmiş bütün bitki və bitki materiallarının istifadəsi qadağan edilir. Bununla bağlı layihə Milli Məclisdə birinci oxunuşdan keçib.
Hər iki layihənin qeyd hissəsində deyilir ki, qadağanın pozulması Cinayət və İnzibati Xətalar məcəllələri ilə məsuliyyət yaradacaq.
Maraqlıdır, bu qərar da digər qərarlar kimi kağız üzərində qalacaq, yoxsa?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Milli Məclisin bununla bağlı fəaliyyətindən razı olduğunu dedi: “GMO-nun yayılmasının qarşısını almaq üçün yeddi ölkənin iştirak etdiyi Avropa İttifaqının maliyyəşdirdiyi layihənin icraçılarından biridir. Mən bu layihə çərçivəsində Hindistanda, Malayziyada, Pakistanda, Britaniyada və sairə yerlərdə olmuşam. Bunun qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatının sənədləri var. Lakin GMO ölkədə irəliləyir. Çox təəssüflər olsun ki, Azərbaycanda GMO-nun tərəfdarları da var.
Məni də GMO-nun tərəfdarı olmağa cəlb etmək üçün beynəlxalq təşkilatlar tərəfindən çoxlu təşəbbüslər göstərilirdi. Mən hazırda Milli Məclisdə aparılan bu işlərdən çox razıyam. GMO bəşəriyyətə sürətlə irəliləyir. Dövlətlər, o cümlədən də Azərbaycan çıxış yolu olaraq GMO mallarının markalanmasını nəzərdə tutub. Yəni 10 il öncə Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı haqqında qanun qəbul olunub. Bu qanunda göstərilir ki, GMO mallar markalansın və istehlakçıların seçim hüququ təmin olunsun.
Dövlətin bu sahədə atdığı addımlar hüququ cəhətdən çox önəmlidir. Hökumətin, dövlətin çoxsaylı addımları təəssüflər olsun ki, şirin xəyal olaraq kağız üzərində qalır. Məsələn, duzun yodlaşdırılmasına dair 2001-ci ildə qəbul olunmuş qanun bu gün də əcaib vəziyyətdədir və icra olunmur. Ölkədə yodsuz duzun satışı davam edir. Abşeron rayonunda Seyran adlı şəxs hələ də küçələrə səpilən duzu yodlaşdırıb əhaliyə satır. Təəssüflə qeyd edim ki, Azərbaycanda GMO əkinçiliyi var. Mən böyük ehtimalla deyirəm ki, İsraildən gətirilən və Cəlilabadda əkilən çiyələklər GMO-dur. Mən böyük gümanla deyirəm ki, Azərbaycanda satılan və yeddi növə qədər qarpızlar GMO-dur. Bu, sürətlə inkişaf edir. Dövlət bu sahədə nə qədər çox iş aparsa, o qədər yaxşıdır. Onu da təəssüflə qeyd edim ki, laboratoriyalar da susur.
Nə qədər ki, laboratoriyalar əcaib şəkildə işləyir, nə qədər ki, laboratoriyalara ictimai nəzarət yoxdur, bu vəziyyət davam edəcək. Azərbaycanda birtərəfli siyasət-biznesin inkişafı siyasəti yeridilir. Belə olan təqdirdə dövlətin bu xoş məramlı qərarları da kifayət qədər effektli yerinə yetirilməyəcək. Azərbaycanın ətraf mühit geomüxtəlifliyi sürətlə deformasiyaya uğrayır”. (Musavat.com)