ABŞ-n NEFT NƏHƏNGİNDƏN AZƏRBAYCANA SABOTAJ - 100 milyard dollarlıq müqavilə təhlükədə
ABŞ-ın “Exxon Mobil” şirkəti Azərbaycanın Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun istismarı üzrə bağlanmış “Əsrin müqaviləsi”nin uzadılmasına qarşı əngəllər yaradıb.
Xeberinfo.com: Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı az əvvəl “Reuters” agentliyi “neft sahəsindəki üç ayrı yüksək rütbəli mənbəyə” istinadən yayıb.
Agentliyin məlumatında deyilir ki, Azərbaycanın nəhəng neft yataqlarının istismarına dair müqavilənin uzadılması məsələsi ətrafında “Azəri-Çıraq-Günəşli” konsorsiumuna operatorluq edən BP şirkəti ilə həmin konsorsiumun ortağı, ABŞ-ın Exxon Mobil şirkəti arasında gərgin münasibətlər mövcuddur.
Bildirilir ki, həmin yataqlar BP-nin illik neft hasilatının 10 faizini verir və Britaniya şirkəti Azərbaycan hökuməti ilə hasilatın pay bölgüsü müqaviləsinin daha 30 il uzadılmasına dair ilkin razılaşma əldə edib. Lakin konsorsiumda 8 faizlik paya malik olan və buna müvafiq olarq hasil edilən neftin 1 faizini əldə edən Exxon Mobil şirkəti müqavilənin daha sərfəli şərtlərlə uzadılmasında israr edir. Şirkət bunu əsas gətirir ki, 2014-cü ildən bəri neftin qiyməti iki dəfə aşağı düşüb.
“Reuters” bildirir ki, Exxon Mobil şirkətinin bu mövqeyi ucbatından danışıqlar dalana dirənib. Hansı ki, müqavilənin uzadılması indiki qiymətlərlə bu yataqlardan daha 100 milyard dollarlıq neftin hasil edlməsinə imkan verəcək. Məlumata görə bu məsələ üzündən Exxon Mobil şirkətinin icraçı direktoru Reks Tillersonla BP-nin icraçı direktoru Bob Dadli arasında münasibətlər gərgindir.
“Dəfələrlə danışıqlarda BP və Azərbaycan hökumətinin razlaşdırdığı yeni şətlər əsasında anlaşma əldə etməyə cəhd olunub, lakin hər dəfə Exxon təklifləri rədd edib. Bu, iki ildir ki, davam edir. Exxon daha sərfəli şərtlərdə israrlıdır”-Qərbin neft sənayesindəki yüksək rütbəli mənbə bildirib.
Azərbaycandakı yüksək rütbəli mənbə isə bunları deyib: “Exxon daha sərfəli şərtlər istəyir, onun konsorsiumun necə işləməli olduğuna dair öz təsəvvürləri var və bunlar operator şirkət olan BP-nin mövqeyindən fərqlənir”.
“Azəri-Çıraq-Günəşli” yataqlarına dair müqavilənin başa çatmasına hələ 8 il var. Lakin agentlik qeyd edir ki, bu cür iri müqavilələlərin yenilənməsinə dair razılaşmaları haradasa on il əvvəldən əldə edirlər. Çünki gələcək irihəcmli investisiyaları indidən planlaşdırmaq lazımdır. İndiyə qədər konsorsium iştirakçıları layihəyə 32 milyard dollar qoyublar.
Yataqlardan hazırda sutkada 600 min barrelə qədər neft hasil olunur, bu dünya neft hasilatının 0.7 faizidir. BP şirkəti müqavilənin uzadılmasına dair danışıqları şərh etməyib. Şirkətdən ancaq onu deyiblər ki, 1994-cü ildən bəri BP-nin rəhbərliyi ilə yataqlardan 155 milyard dollar dəyərində 2.9 milyard barel neft hasil olunub. “Biz Azərbaycanda konsorsium üzrə parntyorlarımızla birlikdə yerli bazarın sonrakı inkişafını dəstəkləyərək bu uğuru davam etdirməyə sadiqik”-BP bildirib.
Exxon Mobil şirkəti isə “kommersiya danışıqlarını şərh etmədiyini” bəyan edub. BP-nin yataqlarda 35.8 faiz, SOCAR və ABŞ-ın digər neft şirkəti Chevron-un isə hərəyə 11 faiz payı var. Yaponiyanın İmpex şirkəti 11 faiz, Norveçin Statoil şirkəti isə 8.6 faiz paya malikdir. Qalan səhmlər Türkiyənin TPAO, Yaponiyanın İthochu və Hindistanın ONGC şirkətlərinə aiddir.
Agentlik xatırladır ki, 2010-cu ildə BP ilə Azərbaycan hökuməti arasında gərginlik yaratmışdı. Azərbaycan rəhbərliyi şirkəti neftin qiymətinin yüksək olduğu bir vaxtda qəsdən hasilatı azaltmaqda ittiham edirdi. Lakin sonra tərəflər anlaşdılar və BP müqavilənin 2040-cı ilə, ola bilsin 2060-cı ilə qədər uzadılmasına dair danışıqlara başladı. Məqsəd yataqlardan daha 2 milyard barel neftin çıxarılmasıdır. Bu, bütün dünya üzrə neft şirkətlərinin uzunmüddətli investisiya planlarını təxirə saldığı bir vaxtda baş verir.
Məlumata görə Exxon-un mövqeyi 2014-cü ildən sonra sərtləşməyə başlayıb. Danışıqlara yaxın mənbə deyib ki, Tlillersonla Dadlinin münasibətlərində “mürəkkəb suallar” yaranıb. “Məsələni yüksək səviyyədə yoluna qoymaq mümkün ola bilərdi. Lakin Reksin və Bobun münasibətləri uzun illərdir ki, donub”-mənbə deyib.
Mənbələr Tillersonla Dadlinin münasibətlərinin korlanmasına səbəb olan bir neçə hadisəni qeyd edirlər. (Onların hər ikisi amerikalıdır). Bunlardan biri BP-nin Meksika körfəzindəki platformasında 2010-cu ildə baş vermiş ölümcül qəza olub. Tillerson həmin qəzaya görə Dadlini tənqid edib. Habelə bundan bir il snra BP Rusiyanın Arktika şelfində müqaviləsini itirib, onun yerini Exxon tutub.
Agentlik qeyd edir ki, əslində Azərbaycan konsorsium üzvləri arasında bu ziddiyətdən istifadə edərək ümumiyyətlə müqaviləni uzatmaqdan imtina edə bilər. Lakin Azərbaycandakı mənbə deyib: “Biz heç bir ultimatum vermirik. Hələ də ümid edirik ki, sentyabrın sonuna qədər anlaşma əldə olunacaq”.