Məşğulluq Mərkəzinin qarşısında izdiham - VİDEO+FOTOLAR
Son zamanlar işsizliyin artması, iş yerlərində ixtisarların aparılması, insanların Məşğulluq Mərkəzinə axın etməsinə səbəb olub.
Xeberinfo.com: Bu gün Suraxanı rayonundakı, Məşğulluq Mərkəzinin qarşısında insan izdihamı müşahidə olunurdu. İş tapmaq ümidi ilə gələn insanlar saatlarla növbə gözləməli olub.
Onların dediyinə görə, Məşğulluq Mərkəzinin təklif etdiyi iş yerlərində aylıq maaş 120-160 manat civarındadır. Bundan əlavə bəzi vətəndaşlar Məşğulluq Mərkəzindən onlara saxta sənəd verərək, iş yerlərinə yönəltdiklərini dedilər. Nəticədə geri qayıdaraq, yenidən günlərlə növbə gözləməli olurlar.
Musavat.com-un müxbiri Suraxanı rayonu, Məşğulluq Mərkəzində olub və iş axtaranlarla həmsöhbət olub.
Məşğulluq Mərkəzinin qarşısında işə düzəlmək üçün 100-ə yaxın adam toplaşmışdı və qəbula düşmək mübarizəsi gedirdi. İnsanların simasında narazılıq və yorğunluq hiss olunurdu. Özlərinin dediyinə görə, məşğulluq mərkəzində qəbul işini cəmi 1 nəfər şəxs aparır.
Bu səbəbdən qəbula düşmək üçün saatlarla gözləmək lazım gəlir. İş həvəsi ilə gələnlər erkən saatlardan idarənin qarşısında növbə tuturlar. Hətta öz aralarında tutduqları cədvəldə sıra qeydləri də aparırlar.
Adının çəkilməsini istəməyən şəxs aylıq 120 manata iş təklif olunduğunu dedi: “Səhər saat 6-dan Məşğulluq Mərkəzinin qarşısında gözləyirəm. Soyuq olduğu üçün ocaq qalayıb, ətrafına toplaşıb, qızınırıq. Bizə yalan vədlər verirlər ki, sizi işlə təmin edəcəyik. Mənə Səngəçalda ev ustası işi təklif edirlər. Aylıq maaş isə 120 manata... Bu maaşla ailə saxlamaq olarmı?”
İş üçün müraciət edən Ramin Ələkbərov isə ixtisası üzrə normal iş tapa bilmədiyini dedi: “Ali təhslim var. Lakin bitirdiyim ixtisas üzrə iş tapa bilmirəm. Burada ali təhsil nəzərə alınmır. Məni aşağı əmək haqqı ilə əl-ayaq işlərinə göndərirlər. Tanıdığım adamlar var ki, Məşğulluq Xidməti onları aylıq 100-150 manata yer belləməyə, fəhlə işlərinə göndərir. Bu isə onların tələbatını ödəmir”.
Vətəndaşlar Məşğulluq Mərkəzinin onları aldatdığını dedi: “Artıq 2 dəfə qəbulda olmuşam. Hər dəfə də yola veriblər. Bizə verdikləri əlaqə nömrələrinə isə cavab vermirlər. Vətəndaşları yalnız bir nəfər qəbul edir. Hazırda cədvəldə 261 nəfər var. 1 saata 10 nəfər adam qəbul olunur. Bu yolla camaatı bezdirirlər. Bundan əlavə siyahıdan kənar Məşğulluq Mərkəzinə camaatdan 5 manat alıb, arxa qapıdan içəriyə buraxırlar”.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.