Zərurətin olmadığı yerdə “ZƏRURƏT”
(Nəşriyyatın bugünkü vəziyyətinə həsr edirəm)
Yenixeber.org: Bu gün nəşriyyatın başı üzərinə qara buludlar çöküb. Bu qaralan buludların gəlişi Azərbaycan nəşriyyatını gözlənilməz şəkildə silkələdi. Redaksiyalarda ardı-arxası kəsilməyən xəbərlər çoxunu çaşdırdı: Nəşriyyat 15 gün ərzində boşaldılmalıdır! Amma səbəb və məqsəd nədir? Bu suala cavab yoxdur.
Gəlin məntiqlə yanaşaq.
Yarım ay müddətinə bu doqquzmərtəbəli, görkəmli bina hara köçürüləcək? Yer ayrılıbmı? Dövlət büdcəsindən maliyə dəstəyi varmı? Hansı şirkət tender yoluyla təmir işlərini üzərinə götürüb? Bütün bu suallar cavabsız qalır
Əgər təmir doğrudan da mütləqdirsə, niyə hissə-hissə aparılmır? Qışın soyuq çağında bütün mətbuatı çölə tökmək haqsızlıq deyilmi? Belə ani atılan addımlar yalnız mətbuatı çökdürmək prizmasından izah oluna bilər.
Nəşriyyat artıq öz axarı ilə izdihalı deyildi. Sanki onun divarlarına da sükut çökmüşdü.
“Nəşriyyat adlı məkanın içi sükutdan qopmuş bir sükunətə bürünmüşdü. Kitablar dağınıq halda, hər kitabın öz xatirəsi masalar üzərində sərilmişdi; hər künc bir əhvalatı xatırladır, hər səhifə bir zamanın şahidliyini özüylə daşıyırdı.”
– Buradan sadəcə bir köç deyil, illərlə yığılmış zəhmət və ömür qopub gedirdi.
İnsanların baxışları yorğun, amma hələ də həyatın ritmini saxlayır kimi görünürdü. Bu mənzərə mənə göstərirdi ki, yalnız fiziki köç baş vermirdi; illərlə yığılmış zəhmət, sevinc, kədər, qəlbimizin içində gizlənmiş hər anın daşıyıcısı idi.
Bəs bu, kimlərə xidmət edir? Azərbaycan Jurnalistlər Birliyi haradadır? Yazıçılar Birliyi niyə səsini çıxarmır? Ziyalılarımız, qələmlərini işə salmalı olanlar niyə susurlar? Mətbuat orqanları, saytlar niyə öz haqq səslərini tələb etmirlər?
“İnsan bəzən bir binanın yoxluğunu deyil, bir dövrün səssizcə çəkilib getməsini hiss edir. Divarlar qalır, pəncərələr yerindədir, amma içindəki nəfəs kəsilib.”
– Burada yalnız fiziki məkan yox, illərlə yığılmış ömür və yaradıcılıq sükutda qalır.
Bəzən insan düşünür ki, yəqin bir müddət sonra hər kəs yenə öz məkanına dönər... Lakin bilin ki, bu təmirin vaxt vədəsi məlum deyil. Hər addım məxfilik altında həyata keçirilir. Sanki hər şey planlı və düşünülmüş şəkildə icra olunur. Bu vəziyyət təsadüfi deyil; arxasında dayananlar əlləri ətəklərindən uzun hərəkət edirlər.
“Əlimə qələm alanda anladım ki, sözlər yalnız kağızda gizlənmir, zamanın yaddaşına da yazılırdı. Hər bir nəfəs, hər bir baxış, hər bir susqunluq bir hekayə daşıyırdı.”
– Ey qəlbim, sən hər sözü bilirsən… Sükut içində danışırsan, amma mən səni eşidirəm.
Pulun adı yüksək tribunada yer aldığı və onun adıyla ölçüldüyü bir zamana gəlib çıxmışıq. Sözün çəkisi yox, xərci soruşulur. Halbuki bu məkan pulun deyil, yaddaşın mülkü və məkanı idi.
“Qoy kimsə bir gün bu sətirləri oxuyanda bilsin — burada tək nəşriyyat yox idi; yaşanmış həyat vardı. Ömürdən qopan anlar bəzən qayıtmır. Amma yazıya köçürüləndə unudulmur.”
– Nəşriyyat da, o canlılıq artıq öz taleyinə vida söyləyir… Ey ömürdən itən günlər!
Təranə Şəms, AJB-nin üzvü, şairə, publisist










AZ
RU