Yeni dünya nizamı Rusiyanın xarabalıqları üzərində qurulacaq -Xəqani Cəfərli yazır

Bir neçə gündən sonra Rusiyanın Ukraynaya qarşı 24 fevral 2022-ci ildə başlatdığı cinayətkar müharibənin dördüncü ili tamam olacaq. Dörd il əvvəl heç kim müharibənin bu qədər davam edə biləcəyini təsəvvür etmirdi.
Yenixeber.org: Müharibəyə başlarkən Putin bir neçə gün ərzində qələbə qazanacaqlarına əmin idi. Bu əminlik Rusiyanın informasiya müharibəsinə də siyarət etmişdi. Moskvanın şoddətli informasiya müharibəsinin təsiri və təzyiqi altında bəşəriyyətin böyük bir kəsimi Rusiyanın qısa müddətdə qalib gələcəyinə inanırdı. Bəşəriyyətin kiçik qisimi Ukraynanın bir neçə ay müqavimət göstərə biləcəyini, ancaq sonda Rusiyanın qalib gələcəyini düşünürdü. Çox cüzi sayda insan isə Ukrayna xalqının alçaq işğalla barışmayacağını düşünürdü. Ukrayna xalqının alçaq işğalla barışmayacağını əminliklə bəyan edənlərin sırasında mən də vardım.
24 fevral 2022-ci ildə “Toplum TV”, “Kanal 13” və “Biz TV” YouTube kanallarda iştirak etdiyim proqmlarda, bir neçə saytın suallarını cavablandırarkən Ukrayna xalqının alçaq işğalla barışmayacağını əminliklə ifadə etmişdim. Müharibənin dördüncü ilinin başa çatması ərəfəsində çox böyük əksəriyyət artıq Rusiyanın bu müharibədən salamat çıxa bilməyəcəyini düşünür.
NATO-nun Baş katibi Mark Rutte rusları Ukraynadakı müharibənin dayandırılması üçün əllərindən gələni etməyə çağıraraq bildirib ki, bu müharibə Rusiyanı məhv edir. Rusiyanın məğlubedilməzliyinə inananlar NATO Baş katibinin sözlərini şübhə altına ala bilərlər. Lakin bu heç nəyi dəyişməyəcək. Dördüncü ili başa çatmaqda olan müharibə həqiqətən də Rusiyanı məhv edir.
Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) mütəxəssislərinin 2025-ci ilin hesabatında qeyd ediblər ki, Rusiya ordusunun itkiləri 1.198 milyon nəfərə çatıb. CSIS-in hesabatında qeyd edilir ki, təkcə 2025-ci ildə Rusiya qoşunları ölü və yaralı olaraq 425 000 nəfər itirib ki, bu da ayda orta hesabla təxminən 35 000 nəfər deməkdir. Bu rəqəmlərin heyrətamizliyi ondan ibarətdir ki, İkinci Dünya Müharibəsindən bəri heç bir aparıcı ölkə heç bir müharibədə belə dəhşətli itki verməyib. Koreya müharibəsində Amerika 54 400, Vyetnam müharibəsində 47.300 və Əfqanıstandakı əməliyyatlar zamanı cəmi 2400 hərbiçi itirib. Sovet İttifaqının sonunu gətirən Əfqanistan müharibəsində SSRİ Rusiyanın Ukrayna müharibəsindəki itgilərindən 17 dəfə az hərbiçi itirmişdi. Rusiyanın Ukraynadakı itgiləri 1945-ci ildən bəri SSRİ və Rusiyanın, iki Çeçen müharibəsi də daxil olmaqla bütün müharibələrdəki itgilərindən 5 dəfə çoxdur. Bu qədər dəhşətli itgilərin müqabilində Rusiya 24 fevral 2022-ci ildən bəri Ukrayna ərazisinin cəmi 12 faizni işğal edə bilib.
CSIS-in başqa bir araşdırmasına görə, Rusiyanın Ukraynada irəliləmə sürəti Birinci Dünya Müharibəsi də daxil olmaqla, 1916-cı ildən bəri baş vermiş bütün hərbi əməliyyatların ən yavaşdır. Rusiya ordusunun döyüş təlimatlarına görə hücum əməliyyatı aparan ordu gün ərzində 1.5-3 kilometr sürəti ilə irəli getməlidir. 24 fevral 2022-ci ildə başlayan cinayətkar müharibədə isə Rusiya ordusunun irəliləmə sürəti ay ərzində 1.5 kilometr təşkil edib. Yəni, Rusiya ordusu özünün döyüş təlimatlarında göstəriləndən 30-60 dəfə yavaş sürətlə irəliləyirlər. Belə bir müharibəni daha bir neçə il davam etdirməyə isə heç bir dövlətin resursları yetməz. Belə ağır müharibə istənilən dövlətin çökdürməyə qadir və Rusiyada müşahidə olunan çöküş də bunun nəticəsidir. Rusiyanın çöküş mərhələsinə daxil olduğunu rəsmi qurumların “redaktə olunmuş” hesabatları da təsdiq edir. Rusiya Dövlət Federal Statistika Xidmətinin (Rosstat) hesabatına görə, 2025-ci ilin ilk 11 ayının nəticələrinə görə, Rusiya şirkətlərinin ümumi zərərləri 7.5 trilyon rubla çatıb. “İzvestiya” qəzetinin məlumatına görə, Rusiyada restoran, kafe və barlar kütləvi şəkildə bağlanmağa başlayıb. Alina Kabayeva yaxınlığı ilə tanınan “İzvestiya” qəzetinin bu məlumatı Rusiyanın çöküşünün təsdiqidir. Çünki, böhran ən sonuncu məhz xidmət sahələrini, xüsusilə də restoran, kafe və barlara təsir edir. Əgər restoran, kafe və barlar bağlanırsa, deməli istehsal sahələri artıq çöküb. Rusiya Dəmir Yollarının (RJD )mənfəəti əvvəlki ilə nisbətdə 76 faiz azalıb. Halbuki, RJD-i ən böyük borcu olan Rusiya şirkətlərin sırasında üçüncü yerdədir. Ötən ilin əvvəlində RJD-nin xalis maliyyə borcu artıq 3.5 trilyon rubla çatmışdı. Ehtimala görə, son bir ildə bu borc təxminən üçdə bir qədər də artıb.
Rusiyanın Avropaya boru kəməri vasitəsilə qaz ixracı 2025-ci ildə 44 faiz azalaraq 1975-ci ildən bəri ən aşağı səviyyə düşüb. Rusiyanın qaz nəhəngi “Qazprom” ötən il Avropaya cəmi 18 milyard kubmetr qaz ixrac edib. Halbuki, Sovet İttifaqı 1975-ci ildə Avropaya 19.3 milyard kubmetr qaz ixrac etmişdi. Buun nəticəsində Rusiyanın qaz nəhəngi “Qazprom”un dəyəri Çinin uşaq oyuncaqları istehsal edən “Pop Mart”dan bir neçə milyard dollar ucuzdur. “Pop Mart”ın səhmlərinin ümumi dəyəri 42 milyard dollardır. Putin “fatehlik” niyyətinə düşdüyü zaman, 2008-ci ildə “Qazprom” dünyada üçüncü ən böyük şirkət idi və səhmlərinin ümumi dəyəri 348 milyard dollar təşkil edirdi. O zaman Rusiya rəsmiləri “Qazprom”un 1 trilyon dollara qədər balaşacağını əminliklə bəyan edirdilər. Putinin “fatehliyi” nəticəsində isə “Qazprom” dəyəri kəskin aşağı düşərək bu gün 2008-ci ildəkinin təxminən 10 faizini təşkil edir.
Rusiya neftin bir barellinə 27 dollar endirim etməsinə baxmayaraq ötən ay aylıq hasilatının ancaq yarısını sata bilib. Bunun nəticəsində Rusiya neftini daşıyan tankerlər üzən saxlama qurğularına çevrilib.
Rusiya çökür və artıq bu prosesin qarşısını heç nə və heç kim ala bilməz. Yeni dünya düzəni isə Rusiyanın xarabalıqları üzərində qurulacaq.










AZ
RU