Yeni “bank genosidi” dalğası ?
Bir neçə bankın məsul işçisinin həbsi xəbərləri yayılıb. İddialara görə onların vəkil tutmasına və ailə üzvləri ilə əlaqə saxlamasına imkan verilmir. Bankirlərə qarşı hələlik rəsmi ittiham irəli sürülməyib və bir neçə bankın “RoyalBank”-ın aqibətini yaşayacağı təhlükəsi yaranıb
“xeberinfo.com": Bir neçə bankın məsul şəxslərinin həbsi ilə bağlı təsdiq olunmayan məlumatlar yayılıb. Xüsusi xidmət orqanlarının həyata keçirdiyi deyilən bu əməliyyatlar barədə rəsmi məlumatlar verilmir. Bəlkə də elə buna görə mətbuata ayrı-ayrı şayiələr də yol tapır. Məsələn, “Bank-of-Bakı”nun Müşahidə Şurasının sədri Elçin İsayevin həbsi barədə hay-küylü xəbər onun özü tərəfindən təkzib edildi. Müsavat.com-un müxbiri onun üzü ilə danışıb E. İsayev həbsi barədə xəbərdən heyrətlənib. Lakin bizə məlum olub ki, “Bank-of-Baku”da hazırda yoxlamalar gedir və həmin bankdan saxlananlar var.
Mənbələrimiz təfsilat barədə bilgi verməkdə çətinlik çəkirlər. Lakin bir həqiqət var ki, ölkə banklarının bəzilərinin məsul şəxslərinə qarşı xüsusi əməliyyatlar keçirilib. Bir zamanlar bu cür məxfi əməliyyatlar “Bankosid” adlandırılmışdı. Belə çıxır ki, “bank genosidi”nin yeni dalğası başlayıb.
Ekspertlərin fikrincə, əgər yayılan xəbərlər gerçəkdirsə, böyük ehtimalla həbs olunanlardan banklardakı şübhəli əməliyyatlar barədə məlumat toplanılır. Böyük ehtimalla ölkədən çıxarılan və daxil olan pulların mənbəyi araşdırılır. Ancaq bunlar yalnız mülahizələrdir. Sonda fərqli səbəblər ortaya çıxa bilər. Hətta bu banklardan bəzilərinin bağlanması da reallaşar.
Onu qeyd edək ki, 2012-ci ildə “RoyalBank”-ın lisenziyasının geri alınması ərəfəsində də oxşar proseslər başlanmışdı. Öncə “RoyalBank”-da yoxlamalara başlanıldı, ardınca işçiləri həbs olundu və nəhayət, iyulun 13-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə bankların ilk onluğuna daxil olan “Royal Bank” ASC-nin lisenziyası ləğv edildi. Bankın bağlanması 58 milyon manatlıq əmanətin 41 milyon manatı və yaxud 71 faizi batdı. “Royal Bank” Əmanətlərin Sığortalanması Fondunun üzvü olsa da, bəlli oldu ki, əmanətlərin yalnız 29 faizi sığortalanıb. Qanunvericiliyə görə, fondun qoruduğu əmanətlər üzrə illik gəlirlik 12 faizdən çox olmamalıdır, kompensasiyanın maksimal məbləği isə 30 min manatdır. Bundan da ən çox əziyyəti iş adamları çəkdi – 30 min manatdan yuxarı əmanətləri adətən iş adamları yatırdır.
Redaksiyamızı bilgiləndirən mənbə deyir ki, bank rəhbərləri də məhz bu aqibəti yaşayacağından qorxurlar: “Onsuz da bu ilin əvvəlindən banklar çətin duruma düşüblər. Öncə avtomobil kreditləri, ardınca istehlak və nəhayət, mənzil kreditləri məhdudlaşdırıldı. İndi də həbslər başlayıb. Bank sistemində belə hesab edirlər ki, bunlar bankların çökdürülməsinə hesablanmış ssenarinin tərkib hissələridir. Sanki gözəgörünməz əl bankları inzibati resursların köməyi ilə kütləvi şəkildə sıradan çıxartmaq istəyir”.
Mənbə onu da bildirir ki, Mərkəzi Bankın bankların nizamnamə kapitalının minimal həddinin 10 milyon manatdan 50 milyon manata qədər artırılması qərarı gözlənilən effekti verməyib. Belə bir düşüncə var idi ki, bu qərardan sonra xırda banklar ya birləşəcək, ya da sıradan çıxacaq.
Ancaq 1-2 istisna ilə banklar kənardan maliyyə resursları cəlb etməklə vəziyyətdən çıxmağı bacardılar. Ona görə də bankların inzibati resursların və hüquq-mühafizə sisteminin əli ilə sıradan çıxartmaq variantına üstünlük verməyə məcbur olublar. Bu həbslərin və kredit məhdudiyyətlərinin arxasında da bu amil durur.
Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev hələ 2011-ci ilə bildirmişdi ki, bankların sayı 20-dək azaldılacaq: “Ərazisinə və əhalisinin sayına görə 46 bank Azərbaycan üçün çoxdur. 46 bankdan yalnız 20 bank sistem üçün əhəmiyyətli hesab oluna bilər. Bir sıra banklara təklif olunacaq ki, birləşmə yolu ilə daha iri təşkilata çevrilsinlər. Bundan başqa, alternativ yol kimi bir sıra bankların qeyri-bank kredit təşkilatına çevrilmə variantı təklif olunur. Nəhayət, həyat qabiliyyəti olmayan banklar ümumiyyətlə bazardan çıxarılacaq”. Yəni bankların sıradan çıxarılması ssenarisi hələ 3 il öncə işə düşüb.
Mərkəzi Bankın ötən ilin sonunda öncə yaydığı rəsmi bəyanatda bildirilirdi ki, bank sektorunun məcmu kapitalı son 16 ayda, yəni Mərkəzi Bankın minimal kapital həcmini 50 milyon manata çatdırılması qərarından sonra 1,2 milyard manat və ya 57 faiz artıb. Bu dövrdə nizamnamə kapitalı 100 milyon manatdan çox olan bank sayı 3-dən 8-ə artıb. Bankların 95 faizinin minimum nizamnamə kapitalı 50 milyon manatı keçir. Ölkədə 45 bank fəaliyyət göstərir. Sadə riyazi hesablamalardan istifadə etsək, nizamnamə kapitalı 50 milyon manatı ötməyən 5 faizin cəmi 2 bankı əhatə etdiyi aydınlaşar.
Bank sektorundakı mənbə isə iddia edir ki, hökumət daha çox bankın bağlanmasında maraqlıdır ki, bank kapitalı məhdud bir qrupun əlində cəmlənsin. Ən azı 20-25 bankın bağlanması nəzərdə tutulur. Bankların nizamnamə kapitalının minimal həddinin 10 milyon manatdan 50 milyon manata qədər artırılması bu ssenarinin baş tutmasına imkan vermədiyindən məsələni “dədə-baba” qaydası ilə həllinə üstünlük verilir.