Mülki Prosessual Məcəllədən nikahla bağlı müddəanın çıxarılması ilk oxunuşda qəbul edilib
Milli Məclis məhkəmənin baxdığı hüquqi əhəmiyyətli faktların siyahısından “ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının” çıxarılması təklifini ilk oxunuşda qəbul edib.
Yenixeber.org xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında Mülki Prosessual Məcəlləsində müvafiq dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən, məhkəmə ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə baxır.
Təklif edilən dəyişiklik yuxarıdakı maddənin ləğv edilməsi təklif olunur.
Sənəddə ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilib ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən, 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslər faktiki birgə yaşadığı vaxtı göstərib qeyd etdirmək yolu ilə öz nikahlarını rəsmiləşdirə bilərlər.
1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə qeydiyyat şöbəsi və konsulluq idarəsi faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarına əsasən, nikah münasibətlərinin başlanması vaxtını göstərir.
Beləliklə, yuxarıda nəzərdə tutulmuş faktiki nikah münasibətlərində olma faktı 1944-cü il iyulun 8-dən qabaq başlanıb ər-arvadın birinin vəfatına qədər davam etdiyi halları nəzərdə tutur.
Bununla belə, həmin tarixdən yarım əsrdən artıq zaman keçdiyindən 1944-cü il iyulun 8-dək faktiki nikah münasibətlərində olma faktının tanınması ilə bağlı belə nikahın tərəflərindən birinin hazırda məhkəmələrə müraciət etmələri müddət baxımından real görünmür.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.