Azərbaycan avtovağzalları gücləndirilmiş iş rejiminə keçir
Qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 5-9 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Yenixeber.org: Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb .
AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcıların fasiləsiz və təhlükəsiz hərəkəti təmin etməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram ərəfəsində və istirahət günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri https://biletim.az/ portalından onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə edə bilərlər.
Hazırda portalda 51 şəhər və rayona 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys olmaqla 373 nəqliyyat vasitəsi qoşulub. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.