Mayın 14-də Azərbaycan İdman Akademiyasında (ASA) tələbə və məzunların əmək bazarına inteqrasiyasını dəstəkləmək məqsədilə Karyera Sərgisi keçirilib. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə təşkil olunub.
Yenixeber.org: Sərginin əsas məqsədi gənclərə məşğulluq imkanları barədə ətraflı məlumat vermək, onları əmək bazarının tələbləri ilə tanış etmək və müxtəlif müəssisə və təşkilat nümayəndələri ilə birbaşa ünsiyyət üçün şərait yaratmaqdır. Tədbirdə 48 müəssisə tərəfindən ümumilikdə 536 vakansiya və 63 təcrübə proqramı təqdim olunub. Müraciət edən şəxslərə bu vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Tədbirin açılış mərasimində çıxış edən ASA-nın rektoru Fuad Hacıyev sərginin əhəmiyyətindən danışaraq bildirib ki, bu cür tədbirlər tələbə və məzunların karyera imkanlarını genişləndirmək, ixtisaslarına uyğun işlə təmin olunmasında mühüm rol oynayır.Daha sonra çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə ölkədə gənclərin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O qeyd edib ki, bu kimi sərgilər ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir.
Karyera sərgisində dövlət qurumları, özəl təşkilatlar, müxtəlif idman federasiyaları və ASA ilə əməkdaşlıq edən idman müəssisələrinin nümayəndələri iştirak ediblər. 500-dən çox tələbə və məzunun qatıldığı sərgidə iştirakçılara mövcud vakansiyalar və təcrübə proqramları barədə ətraflı məlumat təqdim olunub.
Tədbir çərçivəsində ASA-nın məzunu və müəllimi Zahid Nadirlinin rəhbərliyi ilə “Alpman” taekvondo klubunun idmançıları maraqlı idman nümayişləri ilə çıxış ediblər.