Dövlət qulluğunda çalışanlara pensiya zərbəsi
«Əmək pensiyaları haqqında» qanun dövlət qulluğunda çalışanlara da şamil olunacaq
Xeberinfo.com: Xəbər verildiyi kimi, hökumət maliyyə böhranına görə hüquq-mühafizə orqanlarında və silahlı qüvvələrdə xidmət müddətinin 5-10 il civarında artırılmasını nəzərdə tutur.
Bir müddət əvvəl Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bu xəbəri təsdiqləyərək xidmət müddətinin 30 ilə qaldırılmasının ilkin mərhələdə nəzərdən keçirilən müxtəlif variantlardan biri olduğunu demişdi. Onun sözlərinə görə, hazırda müzakirə olunmasa da, xidmət müddətinin 25 ilə çatdırılması məsələsi nəzərdən keçirilir. Lakin bu məsələ barədə artıq qanun layihəsi hazırlanıb və baş nazir Artur Rəsizadəyə təqdim olunub. Maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin imzaladığı, Dövlət Sosial Müdafiə Fondu Aparatının Pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyevin əsaslandırması ilə Artur Rəsizadəyə təqdim edilən “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə layihənin yaxın vaxtlarda təsdiq olunacağı gözlənilir. Həmin qanuna görə dəyişiklik həm də dövlət qulluğunda çalışanlara şamil ediləcək. Sənəddə bildirilir ki, dövlət qulluğu vəzifəsində 15 ildən 20 ilə qədər qulluq stacı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 15 ildən yuxarı qulluq stacının hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stacı aylarının sayına mütənasib olaraq hesablanmaqla) dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunacaq. Halbuki bu məsələ əvvəllər 5 ildən 10 ilə qədər olan müddəti əhatə edirdi.
Həmçinin bildirilir ki, dövlət qulluğu vəzifəsində 20 ildən yuxarı qulluq stacı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 20 ildən yuxarı qulluq satcının hər ili üçün ( il tamam olmadıqda isə natamam ildəki iş stacı aylarının sayına mütənasib olaraq hesablanmaqla) dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödəniləcək. Xatırladaq ki, əvvəllər bu məsələ dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stacı olan şəxslərə şamil edilirdi.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, dövlətin büdcəsində ciddi gərginlik yaranıb. Iş yerlərinin sayında kəskin azalmalar baş verib. Bundan sonrakı dövrdə də Dövlət Sosial Müdafiə Fonduna əməkhaqlarından tutulan məbləğ və dövriyyə də azalacaq. Ekspertin sözlərinə görə, hökumət belə bir məqamda təqaüd və sosial müavinətlərin verilməsi sahəsində üzərinə düşən öhdəliklərin yerinə yetirilməsində problemlərlə üzləşəcək: “Vəziyyətdən çıxış yolu kimi də belə bir addıım atılır. Hüquq-mühafiə sistemində, hərbi sahədə çalışanların vaxtında qanunvericiliklə nəzərdə tutulan müddətdə təqaüdə çıxmalarının qarşısını alır və uzadırlar ki, təqaüdə çxanların sayının azalması hesabına əlavə vəsaitlər cəlb edə bilsinlər. Hökumətin belə bir layihə hazırlaması təəssüf doğurur. Dövlət qulluğunda çalışanların pensiyaya çıxmasıyla bağlı belə bir dəyişikliyin nəzərdə tutulması da təssüflə qarşılanmalıdır. Birdəfəlik pensiya haqqında qanun qəbul edilsin və ayrı-seçkilik salınmadan, qanunları təftiş etmədən məsələni açıq şəkildə həll etsinlər”.
Ekspert deyir ki, sözügedən kateqoriyadan olan şəxslər uzun illər işləyiblər və müəyyən yaş həddinə çatanda onların belə bir fakt qarşısında qoyulması yanlış addımdır. O, hökumətin sözügedən layihəni həyata keçirməklə hansısa bir müsbət nəticə əldə edəcəyini də real saymır.