“Qərarlarıma kənardan heç kim təsir etmir” -Santuş
Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş sabah Millətlər Liqasının 5-ci turunda Estoniyaya qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında iştirak edib.
Yenixeber.org xəbər verir ki, portuqaliyalı mütəxəssis suallara cavab verib:
- Ötən gün məşq axşam saatlarında olmuşdu. Bu gün isə məşq və konfrans səhər saatlarındadır. Bunun xüsusi səbəbi var?
- Bunu etməkdə məqsədimiz var. İstəyirik ki, komandanın dincəlmək üçün daha çox vaxtı olsun.
- 4 oyundan sonra komandanın aktivində xal yoxdur. Soyuq başla analiz edəndə o matçlarda nə çatmırdı ki, xal qazanaq?
- Əlbəttə ki, oyunları təhlil edəndə baxırıq ki, nə çatmır. Son iki matçda komandamız yaxşı çıxış etdi. Futbolçularımız inkişaf edir. Estoniya ilə səfərdəki matça baxsaq, görərik ki, düzgün oynadıq. Sadəcə gözlənilməz qollar buraxdıq. Təhlil elədikdə səhvlərimizi görürük və üzərində işləyirik. Slovakiya ilə matçda da yaxşı oynayırdıq, sonda 10 nəfərlə qaldıq. Futbol bu cür xırda detallarla qərar verir və nəticəyə təsir göstərir. Oyunçularım çox yaxşı məşq edir və çox istəklidirlər. Əllərindən gələni edəcəklər ki, sabah yaxşı nəticə qazansınlar. Qarşımıza məqsəd qoyulub və oyundan-oyuna inkişaf edirik.
- Qrupu xalsız başa vursaq...
- Bunu bir neçə dəfə başa salmışam və danışmışam. Mənim burda 2028-ci ilə qədər müqaviləm var. Məqsəd odur ki, yaxşı heyət quraq. Azərbaycan yığması ilə heç vaxt edilməyən şeyləri etmək istəyirik. 2027-ci ildə dediklərinizi təhlil edərik.
- Maraqlıdır ki, Azərbaycan yığma komandasına futbolçu dəvət edəndə ictimaiyyətin fikirlərini nəzərə alırsız? Rüfət Abdullazadə niyə yığmaya çağırılmır?
- Bütün oyunları izləyirəm və futbolçuları tanıyıram. Qərarlarıma kənardan heç kim təsir etmir. Kimi çağırımışıqsa, mənim seçimimdir. Hansı futbolçunun yığmaya kömək edəcəyini düşünürəmsə, çağırıram.