Bağça müəllimləri bu il sertifikasiya imtahanı verəcəklər? -AÇIQLANDI
Məlum olduğu kimi, dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin də sertifikatlaşdırılması həyata keçiriləcək. Lakin Elm və Təhsil Nazirliyi bağça müəllimlərinin sertifikatlaşdırılmasının dəqiq tarixini açıqlanmayıb.
Yenixeber.org: Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bağça müəllimlərinin bu il sertifikatlaşdırılmaya cəlb olunub-olunmayacağı məsələsinə aydınlıq gətirib.
Agentlikdən cavab olaraq bildirib ki, “2024-cü ildə dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması planlaşdırılmır”.
Bununla yanaşı, Dövlət Agentliyi məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılmasının 2026-cı ilin sonlarınadək keçirilməsinin nəzərdə tutulduğunu da qeyd edib.
Eyni zamanda, sertifikasiya imtahanlarına cəlb olunacaq bağça müəllimlərinin sayı da açıqlanıb.
Bildirilib ki, 2026-cı ilin sonuna kimi 17000 pedaqoji heyətin sertifikasiyası nəzərdə tutulur.
Agentlikdən onu da qeyd ediblər ki, təhsilverənlərin sertifikatlaşdırılma prosesi bütün regionlar daxil eyni tarixdə həyata keçiriləcək və proses 3 gün davam edəcək.
Sertifikasiya imtahanlarının 2025 və ya 2026-cı ilin yay aylarında keçirilə biləcəyi istisna olunmur.
Xatırladaq ki, Nazirlər Kabinetinin ötən il təsdiqlədiyi Qaydalara əsasən, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə sertifikasiya imtahanları keçirləcək.
Qaydalara görə, bağça müəllimləri 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçməlidirlər.
Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:
- hamilə qadınlar;
- uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
- ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində;
- azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş təhsilverənlər.
- 60 və daha yuxarı yaşda olan təhsilverənlərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
Bağça məüllimlərinin sertifikatlaşdırması iki mərhələdən ibarətdir: test imtahanı və müsahibə.
Test imtahanı mərhələsində təhsilverənlərə məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 (altmış) sual təqdim edilir.
Kompüterlə elektron qaydadakeçirilən test imtahanına 120 dəqiqə vaxt ayrılır.
Test imtahanı mərhələsində hər bir suala düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.
Test imtahanı mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar.
Müsahibə mərhələsində hər bir təhsilverənə 20 dəqiqə vaxt ayrılır.
Müsahibə mərhələsi aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
- təhsilverənin ünsiyyət bacarığı (20 bal);
təlimin planlaşdırılması bacarığı (10 bal);
- təlimin təşkilində istifadə olunan iş forması və üsulları tətbiq etmək bacarığı (10 bal).
Müsahibə mərhələsində maksimum 40 bal toplanıla bilər.
Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.
Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir.
Sertifikatlaşdırmanın test imtahanı və müsahibə mərhələlərində minimal balları toplamış təhsilverənlər prosesdən keçmiş hesab olunurlar.
Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin onun “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır.
Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər.
Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin əməyinin stimullaşdırılmasında nəzərə alınır.
Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən təhsilverənlər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.
Təkrar sertifikatlaşdırmada iştirak etməyən və ya keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi 1 ay müddətində Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.(Modern)